Nağdsız dövriyyənin həcmini genişləndirəcək təkliflər paketi

Nağdsız dövriyyənin həcmini genişləndirəcək təkliflər paketi

Bütün sahələrdə müasirləşən, yüksək dinamizmlə inkişaf edən Azərbaycan hazırkı mərhələdə iqtisadi həyatın bütün sahələrində şəffaflığı və hesabatlılığı təmin etməyə, müasir dünyanın tətbiq etdiyi yeniliklərdən səmərəli şəkildə bəhrələnməyə çalışır. Hökumət mütərəqqi mexanizmlərin tətbiqi yolu ilə cəmiyyətdə özünü göstərən neqativ hallara, o cümlədən vergidən¬yayınma və korrupsiyaya qarşı mübarizə tədbirlərini genişləndirmək niyyətindədir. Nağdsız ödəniş sisteminin inkişafı, nağdsız dövriyyənin genişləndirilməsi cəmiyyətdə maliyyə sabitliyinin qorunub saxlanılması baxımından da zəruri sayılır.

Son 2 ildə Azərbaycanda biznes və maliyyə-təsərrüfat subyektlərində şəffaf mexanizmlərin tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məqsəd, ilk növbədə, nağdsız dövriyyənin inkişafı yolu ilə iqtisadi sferada hesabatlılığı və şəffaflığı təmin etmək, vətəndaşları plastik kartlardan istifadəyə həvəsləndirməkdir. Məlumat üçün bildirək ki, ümumi daxili məhsulda nağdsız dövriyyənin həcmi baltikyanı ölkələrdə 40-45%, Rusiya Federasiyasında 32% təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 2005-ci ildəki 2%-dən 2013-cü ildə 10%-ə yüksəlib. Ümumi pul kütləsində nağdsız dövriyyənin həcmi isə 13,5%-dən təqribən 30%-ə çatıb.

Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısı nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı aparılan işlərin sürətləndirilməsini mühüm vəzifə kimi müəyyənləşdirib. Azərbaycan Mərkəzi Bankının (AMB) digər nazirlik və dövlət qurumları ilə birgə hazırlayaraq hökumətə təqdim etdiyi təkliflər paketi də nağdsız dövriyyənin həcminin artırılmasına geniş imkanlar açır. Təkliflər paketində müasir elektron ödəniş alətləri və bank texnologiyalarından istifadənin genişləndirilməsi, elektron ticarətin inkişafının sürətləndirilməsi, ödəniş sistemləri və hesablaşmalar sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və s. tədbirlər nəzərdə tutulur.

AMB-nin departament rəhbəri Kəmalə Qurbanovanın bildirdiyinə görə, təkliflər paketi stimullaşdırıcı, maarifləndirici və inzibati tədbirləri özündə ehtiva edir. Ümumilikdə, təkliflər vətəndaşların və biznes qurumlarının plastik kartlardan geniş istifadəsini stimullaşdıracaq. Təkliflər paketi nağdsız ödəniş zamanı müxtəlif vergi güzəştlərini, elektron ödənişlərin ƏDV-dən azad edilməsini, o cümlədən regionlarda kommunikasiya infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bundan başqa, internet vasitəsi ilə həyata keçirilən və elektron formada ödənilən satınalmaların bəzi növlərinin gömrük rüsumlarından azad edilməsi də təklif olunur.

Təkliflər paketində müəyyən sahələrdə hesablaşmalar zamanı nağd pulların istifadəsi ilə bağlı məhdudiyyətlərin tətbiqi də əksini tapıb. Yəni hər hansı növ malların satışından, xidmətlərin göstərilməsindən asılı olmayaraq, müəyyən limitdən yuxarı bütün əməliyyatların nağdsız formada aparılması təklif olunur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, yeni təkliflər nağdsız hesablaşmaların həcmini artıracaq: «Nağdsız hesablaşmalar qiymətlərin müəyyən qədər tənzimlənməsinə və istehlak bazarına psixoloji təsirin aradan qaldırılmasına səbəb olur, vəsaitin hərəkətinə nəzarət etməyə, satış və xidmət obyektinin dövriyyəsini müəyyənləşdirməyə, vergidən¬yayınmanın qarşısını almağa imkan verir, eləcə də inflyasiyanın cilovlanması və ya tənzimlənməsində önəmli rol oynayır. Nağd hesablaşmalardan fərqli olaraq, nağdsız hesablaşmalar zamanı pulun hərəkəti üzərində şəffaflıq təmin edilir. Nağdsız hesablaşmalar məmurla vətəndaş arasında hər hansı təması istisna edir və bununla da korrupsiya üçün imkanların daralmasına gətirib çıxarır».

Ekspert hesab edir ki, nağd ödənişlərin yuxarı həddi üçün limitin tətbiqi təcrübəsindən təkcə yüksək gəlirli deyil, inkişaf etməkdə olan ölkələr də bəhrələnirlər. Qazaxıstan qanunvericiliyinə görə, hüquqi şəxslər arasında bir əqd üzrə nağd qaydada aparılan hesablaşmanın məbləğinin yuxarı həddi 26 min ABŞ dolları (3,9 mln tenge) həcmində müəyyən olunub. Bundan yuxarı hesablaşmalar isə yalnız nağdsız qaydada aparıla bilər. Hüquqi şəxsin bir əqd üzrə nağd qaydada apardığı ödənişin məbləği bu həddən artıq olduqda, ona ödənişin 5%-i həcmində cərimə tətbiq olunur. Rusiya Federasiyası qanunvericiliyinə əsasən, hüquqi və fiziki şəxslərin bir müqavilə üzrə nağd qaydada apardıqları hesablaşmaların maksimal məbləği 3,4 min ABŞ dolları təşkil etməlidir.

Bu baxımdan, Azərbaycanda nağdsız ödənişlərin həcminin əhəmiyyətli dərəcədə artırılması üçün maarifləndirmə tədbirləri ilə yanaşı, qanunvericilikdə nağd ödənişlər üçün müəyyən limitin müəyyənləşdirilməsi də zəruri sayılır. V.Bayramov hesab edir ki, böyük həcmli alqı-satqı və digər əməliyyatların nağd pulla aparılması vergidən¬yayınma hallarına şərait yaradır: «Azərbaycanda son dövrlər nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində aparılan maarifləndirici və stimullaşdırıcı tədbirlər müsbət nəticələrini göstərir. Amma söhbət nağdsız dövriyyənin dəfələrlə artırılmasından gedirsə, bunun üçün iri həcmli nağd ödənişlərə limit müəyyənləşdirilməlidir. Artıq bir neçə ildir ki, daşınmaz əmlak yalnız bank hesabları ilə satılır. Əks təqdirdə, notariuslar alqı-satqını qeydə almırlar. Böyük həcmli digər nağd əməliyyatlar üçün də belə məhdudiyyətin tətbiqi yaxın illərdə nağdsız ödənişlərin həcminin 15-20%-ə qalxmasını təmin edə bilər».

Hökumətə təqdim edilmiş təkliflərdə, həmçinin, Azərbaycanda ödəniş sistemi infrastrukturunun daha da təkmilləşdirilməsi tədbirlərinə də yer ayrılıb. Hazırda Milli Ödəniş Sistemi infrastrukturuna 4 kart-prosessinq mərkəzi, 44 bank, 822 bank filialı ilə yanaşı, «Azərpoçt»un 800-dən çox filial və şöbələri daxildir. Gələcəkdə bu şəbəkənin daha da genişləndirilməsi istiqamətində müəyyən tədbirlər həyata keçiriləcək. Qarşıya qoyulan hədəflərin reallaşdırılması nəticəsində bank sektorunun aktivləri, resursları və potensialı təqribən iki dəfə, nağdsız ödənişlərin həcmi 10 dəfəyədək artacaq. Hazırlanan təkliflər paketinin qəbulu Azərbaycanda nağdsız dövriyyənin Baltikyanı və ya Şərqi Avropa dövlətləri səviyyəsinə qaldırılmasına imkan verəcək. Təkliflər paketinə görə, banklar kart sahiblərini kartdan istifadəyə stimullaşdırmaq üçün müxtəlif layihələr, bonus paketləri işləyib hazırlayacaqlar.

Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiq etdiyi «Azərbaycan ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və və tətbiqi Qaydaları»na görə, ölkənin bütün kənd və qəsəbələrində 2015-ci ilin sonunadək POS-terminallar quraşdırılmalıdır. POS-terminalların tətbiqi ƏDV ödəyiciləri olan bütün təsərrüfat subyektləri (obyektləri), rüb üzrə orta aylıq dövriyyəsi iki min manatı ötən vergi ödəyiciləri, hüquqi şəxslərə və fərdi sahibkarlara aid olan minik avtomobilləri vasitəsi ilə sərnişindaşımanı həyata keçirən nəqliyyat vasitələri, vergilərin, dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları üçün məcburi hesab edilir.

S.MUSTAFAYEV

Leave A Comment