Gənclərə çox ucuz mənzillər paylanacaq – Araşdırma

Gənclərə çox ucuz mənzillər paylanacaq – Araşdırma

İndi orta yaşlı nəsil yaxşı xatırlayır-1980-ci ildə keçirilmiş Moskva Olimpiadası ərəfəsində Sovet İttifaqının paytaxtında xüsusi mikrorayon-Olimpiada kəndi tikilmişdi. 1978-79-cu illərdə həmin mikrorayonda 2 mindən çox mənzil, 2 məktəb və dörd uşaq bağçası inşa edilmişdi. Evlər mebellə təchiz edilmişdi və olimpiada günlərində orada xarici qonaqlar qalırdı. Olimpiada başa çatdıqdan sonra isə həmin evlər gənc ailələrə paylandı və kompleksin tikintisində çalışanların çoxu evlə təmin edildi. O vaxt çox sayda azərbaycanlı gənc də bu tikintilərə qatılaraq Moskvada mənzil ala bilmişdi.

Sovet illərinin bu xoş təəssüratı bir çoxlarında 2015 -ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ilə də bağlı ümidlər oyadır. Yəni orta yaşlı bir çox insanlar ümid edir ki, Azərbaycan gəncliyi də Avropa Oyunları üçün inşa edilən bir sıra obyektlərin tikintisinə qatılmaqla ev əldə edə bilər. Olimpiya kompleksinin düz yaxınlığında – metronun “Koroğlu” stansiyasının yanında çox səliqəli bir mikrorayonun tikilməsi də onlarda bu ümidi artırır.

Amma ANS PRESS-in araşdırmasına görə, bu ümidlər əsassızdır və sözügedən yaşayış kompleksinin Olimpiya Kompleksinə heç bir dəxli yoxdur. Həm də artıq quruluş dəyişib və dövlətin kütləvi şəkildə vətəndaşlara mənzil verməsi praktikası postsovet məkanında çoxdan tarixə gömülüb. Amma nahaq yerə. Ölkə sakinlərinin mənzilə böyük ehtiyacı var və yetərincə vəsaitlərinin olmaması onlara bu problemi həll etməyə imkan yaratmır. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin (İB) araşdırmasına görə, Azərbaycan əhalisinin 60%-i mənzil problemi ilə üz-üzədir. “Elə mənzil var ki, orada 3 ailə yaşayır. Yəni atanın öz ailəsi və evləndirdiyi iki oğlunun ailəsi”,- deyə İB-nin icraçı direktoru Ramil Osmanlı ANS PRESS-ə bildirib.
Onun sözlərinə görə, adambaşına düşən mənzil sahəsinə görə, Azərbaycan Avropa və postsovet məkanı üzrə ən aşağı yerlərdən birini tütur: “Rəsmi göstəricilərə görə, bizdə adambaşına 10 kvadrat metr mənzil düşür. Halbuki, bu göstərici Rusiyada 23-24 kvadratmetrdir. Qazaxıstanda isə artıq 28-30 kvadratmetrə çatır. Şərqi Avropada bu göstərici 32 kvadratmetr, Qərbi Avropada 35 kvadratmetr, ABŞ-da isə 42 kvadaratmetrdir”. Amma Ramil Osmanlı Azərbaycanın bu göstəricisini reallıqda nisbətən yüksəltməyin mümkün olduğunu düşünür: “Bakı ətrafında sənədləşməsi başa çatmamış 400-450 min fərdi fərdi evin, yüzlərlə çox mərtəbəli binanın olduğu nəzərə alınmalıdır. Onların sənədləşməsi başa çatdırılarsa, adambaşına göstəricini 15 kvadratmetrə çatdırmaq olar”.

Yəni məsələnin bu vəziyyətdə qalması problemin yügülləşməsinə imkan vermir. Praktiki olaraq, sənədsiz olması üzündən bu evlər Azərbaycanın mənzil bazarında təklif yarada bilmir. Milyardlarla dollar vəsait xərclənmiş bu evlər əslində torpağa gömülmüş ölü kapitala çevrilib – alınmır, satılmır, əhali onlar üzərində ciddi planlar qura bilmir. Nəticədə, əhalinin mənzilə olan tələbatı ilə bağlı problemin həllində heç bir rol oynamır.
Ramil Osmanlı adətən Azərbaycanda mənzilə olan tələbatın düzgün qiymətləndirilmədiyini deyir: “Çox vaxt mənzilə tələbatla bazarda yaranmış tələbi qarışdırırlar. Mənzilə tələbi əlində vəsait olan adamlar yaradır və bu, elə də böyük olmur. Amma evə tələbatı olan insanların əksəriyyətinin əlində vəsait yoxdur və onlar tələb yarada bilmirlər. Yəni mənzilə tələbat tələbdən dəfələrlə yüksəkdir”.

Əmlak üzrə ekspertin dediklərini statistik rəqəmlər də təsdiqləyir. Hər il Azərbaycanda 80 minə qədər ailə qurulur və bu, hər il 40 minə yaxın yeni mənzilin dövriyyəyə daxil edilməsinə sifariş yaradır. Çünki hazırda evlənənlərin çoxu 1970-ci illərin sonunda və 1980-ci illərin əvvəllərində doğulanlardır ki, həmin dövr üçün ailədə orta uşaq sayı 4-ün ətrafında dəyişir. Yəni toplam götürəndə mövcud evlər qurulan ailələrin yalnız yarısı üçün yetərlidir, ailələr digər yarısı üçün isə mütləq mənzil təmin etməlidirlər. Yəni hər il orta hesabla mənzil fonduna 40 minə yaxın yeni mənzil daxil edilməlidir. Qeyd edək ki, nikah sayının xeyli az (70 min) olduğu 1990-cı ildə təxminən 35 min yeni mənzil istifadəyə verilmişdi. Amma sonrdan bu göstərici kəskin azaldı və hətta 1999-cu ildə 4,3 minə düşdü. Yalnız 2003-cü ildən sonra istifadəyə verilən mənzil sayında müəyyən qədər artım müşahidə edilib və bu illər ərzində 15 minin ətrafında dəyişib. Göründüyü kimi, mənzilə olan real tələbat hər il 25-35 min ədəd artıb. Yəni müstəqillik illərində Azərbaycan ailələrinin 700 minə yaxın yeni mənzilə tələbatı yaranıb ki, bu, yetərincə yüksək rəqəmdir. Ölkədə hər il maksimum 20 min mənzilin istifadəyə verildiyi nəzərə alınsa, bu problemin on illər boyu həll edilə bilməyəcəyi görünür.

Dövlət tərəfindən nəzərdə tutulmuş ipoteka proqramları isə bu bazarda tələbatı ödəmək imkanında deyil. Məsələn, 2012-ci ildə Azərbaycanda sosial ipoteka üçün dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb. Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına isə 91,15 milyon manatlıq ipoteka əməliyyatı gerçəkləşdirilib. Bu vəsaitlərlə ildə maksimum 2,5 min mənzil əldə edəmək olar ki, bu da illərlə yığılıb dərinləşmiş problemin həllinə heç bir təsir etmir. Əksinə, bazarda təklif dəyişmədiyindən ipoteka üçün ayrılmış vəsaitlər işbazlara bazarda mənzil qiymətlərini yüksək saxlamağa şərait yaradır.

Lakin İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Azərbaycanda mənzil problemini yaxın 10 ildə həll etməyi mümkün sayır və bunun üçün ölkənin yetərincə vəsaitinin olduğunu bildirir. İqtisadçı evkspert ölkədə sosial mənzil fondunun yaradılmasını vacib sayır və bunun qanuni əsasının olduğunu da bildirir: “Bu, Mənzil Məcəlləsində də nəzərdə tutulub. Bu, heç də mənzilə sahib hansısa ailənin ikinci bir evə sahib olması demək deyil. Bu, mənzilə tələbatı olan, amma mənzil almaq üçün imkanı olmayan və orta əmək haqqı mənzil üçün yetərli olmayan ailələrin mənzillə təmin edilməsi deməkdir. Sosial mənzil fondunun yaradılması məhz buna görə vacibdir ki, gənclərə uzun müddətə və aylıq ödənişi aşağı olan mənzillərin təklif edilməsinə imkan yaradılsın”,- deyə iqtisadçı ekspert ANS PRESS-ə bildirib.

İqtisadçı ekspert bu cür fondlar bir sıra inkişaf etməkdə olan ölkələrdə yaradıldığını bildirir, o cümlədən yaxın qonşularımız Rusiya və Türkiyədə də yaradılıb: “Türkiyədə sosial mənzil fondu artıq 40 ilə yaxındır ki, fəaliyyət göstərir və aztəminatlı gənclər ayda 70 dollar ödəməklə mənzilə sahib ola bilərlər”.

Vüqar Bayramov Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanlarının qonşu ölkələrə baxanda daha yüksək olduğunu vurğulayır: “Bu, praktiki olaraq dövlət büdcəsi üçün heç bir çətinlik yaratmaz. Dövlət büdcəsindən ildə 300 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar Bu, dövlət büdcəsi üçün heç bir ağırlıq yartmır. Bu, xarici borclra xidmət üçün ayrılan vəsaitdən belə azdır. 300 milyon manat həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından təhlükəsizdir”. İqtisadçı ekspert belə mənzillərin kvadratmetrinin 200 manata başa gələcəyini bildirir: “Dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayrır, tikinti şirkətlərini isə tender əsasında seçir”. Vüqar Bayramovun dedikləri tikinti ekspertləri tərəfindən də təsdiqlənir. Onlar hazırda 1 kvadaratmetrin “malaaltı” 180 manata başa gəldiyini bildirirlər, 20 manat isə yaşamaq üçün ilkin şəraitin yaradılmasına – divarın ağardılmasına, döşməyə örtük çəkilməsinə və sanitariya qovşağının işə salınmasına gedir. Əgər sovet illərindəki kimi yığcam, yəni təxminən 50 kvadratmetrlik mənzillər inşa edilərsə, bu, ildə 30 min yeni mənzil deməkdir. Bir mənzil 10 min manata başa gələr ki, sıfır faizlə 20 ilə verilən 50 kvadratlıq mənzil üçün ailə ayda maksimum 45-50 manat ödəməli olar.

Bu məsələnin daha iki çox əlverişli tərəfi də var: birincisi, indi əsasən neft gəlirlərindən xərclənən vəsaitlər 20 il ərzində dövlət büdcəsinə qayıdacaq və bu, indiki yüksək gəlirlərdən gələcək nəsillərin də istifadə etməsinə imkan yaradacaq. Həmçinin, dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını təmin edə bilər. Məsələn, ilk sosial mənzil şəhərcikləri sənayecə inkişaf etməkdə olan Ələt və Gəncə regionlarında, böyük perspektivli Lənkəran və Nabran turizm bölgələrində inşa edilə bilər. Bu, paytaxt Bakının üzərinə düşən demoqrafik yükü xeyli azaldar. Sonrakı mərhələdə regionların mənzil tələbatı öyrənliməklə hər bölgəyə uyğun belə mikrorayonlar salmaq olar, bu da daxili miqrasiyanın problemli təsirini azaldar.

Qeyd edək ki, ANS PRESS-in hökumət dairələrində olan mənbələri bu məsələnin artıq rəsmi səviyyədə gündəmdə olduğunu vurğulayırlar. Onların verdiyi məlumata görə, ilkin olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial mənzillərin inşası üçün strategiya hazırlanır. Daha sonra bu, Nazirlər Kabinetinə təqdim ediləcək və ondan sonra rəsmi səviyyədə açıqlanacaq. Nə isə, ümid edək ki, məsələ yaxın bir-iki ilə öz həllini tapacaq. Hər halda, ümidli olmaq daha yaxşıdır…

Leave A Comment