Moskva Azərbaycanın TAP layihəsindən də narahatlıq keçirməyə başlayır

Moskva Azərbaycanın TAP layihəsindən də narahatlıq keçirməyə başlayır

“Cənub axını” xətti ilə İtaliya qaz bazarını ələ keçirmək planları təhlükə qarşısındadır

Azərbaycan qazını Avropa bazarlarına daşıyacaq əsas kəmərlərdən biri olan “Transadriatik”in (TAP) seçilməsindən sonra onun hansı formada reallaşacağı xüsusi maraq doğurur. Məsələ burasındadır ki, TAP-ın reallaşması üçün Qərb ölkələrinin, xüsusən də ABŞ-ın dəstəyinə ciddi ehtiyac duyulur. Elə bu məqsədlə Azərbaycan tərəfi TAP-ın okeanın o tayında təqdimatını keçirib.

ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov TAP layihəsinin yalnız başlanğıc olduğunu və gələcəkdə digər Balkan dövlətlərinin cəlb edilməsi yolu ilə birləşdirici boru kəmərlərinin çəkilməsinin nəzərdə tutulduğunu qeyd edib. İlk addım kimi isə Yunanıstan-Bolqarıstan birləşdirici xəttinin çəkilməsi və digər qaz yataqlarının istismarına başlanacağını diqqətə çatdırıb.

BP-nin nümayəndəsi Q.Saunders TAP layihəsinin böyük perspektiv və imkanlar vəd etdiyini bildirib, layihə ilə bağlı qərarda iştirakçı dövlətlərin cəsarətli addımını qeyd edib. Ekspertlər isə qeyd edir ki, TAP əslində gözlənildiyindən də böyük dividend vəd edir və Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artıracaq. Eyni zamanda, məhz bu kəmər Avropanın qaz bazarında Azərbaycanın payını gözlənildiyindən də çox artıracaq. Elə Rusiya mediasında da bundan narahatlıq ifadə olunur. “İnfosentr” portalı yazır ki, TAP-a Mərkəzi Asiya qazı da əlavə olunsa, Moskvanın Avropada qaz hegemonluğuna ciddi zərbə dəyəcək. Ona da diqqət çəkilir ki, hazırda Azərbaycan öz qazını iki yeni xətt vasitəsilə Avropa bazarına çıxarır. Onlardan biri TANAP, digəri isə məhz TAP-dır. Azərbaycan və Türkiyə tərəfləri arasında imzalanmış, 2011-ci ildə müzakirə edilən TANAP 2012-ci ildə təsdiq edilib. TAP-ın seçilməsi ilə bağlı isə konsorsium qərar qəbul etdi və bu qərara əsasən Azərbaycanın TANAP vasitəsilə Türkiyəyə çıxarılan qazı TAP vasitəsilə Avropa bazarına, daha doğrusu İtaliya, Yunanıstan, Albaniyaya çıxarılacaq. Güman olunur ki, birinci mərhələdə Türkiyəyə TANAP vasitəsilə 16 milyard kubmetr, sonrakı mərhələdə isə 30 milyard kubmetr qaz ötürüləcək. Onun bir qismi – 12,6 milyard kubmetri Türkiyəyə, digər qismi isə Avropa bazarına çıxarılacaq.

İqtisadçı Vüqar Bayramov isə diqqəti ona yönəldir ki, hər iki layihənin reallaşmasında Azərbaycan həm iqtisadi, həm də siyasi dividend əldə edib: “TANAP-ın reallaşmasında ölkəmizin strateji addımı Azərbaycanın siyasi dividendidir. Eyni zamanda, bu layihənin reallaşması Azərbaycanın Türkiyəyə strateji dəstəyidir. Dövlətimiz Türkiyənin digər ölkələrdən qaz asılılığını aradan qaldırmasına ciddi töhfə verdi. Türkiyə Rusiyadan kifayət qədər yüksək qiymətə doğal qaz nəql edir. TANAP imkan yaradacaq ki, Azərbaycanın qazı Türkiyə bazarında özünəməxsus şəkildə sözünü deyə bilsin. Həm TAP, həm də “Nabucco Vest” layihəsi Rusiyadan yan keçən layihələrdir. Bu da Rusiyanı qıcıqlandırır. Azərbaycan Rusiyanın Mərkəzi Şərqi Avropada maraqlarına toxunacaq layihəyə dəstək vermədi. Rusiyanın “Cənub axını” vasitəsilə İtaliya bazarına çıxmasının qarşısını TAP aldı. TAP-ın seçilməsi ilə dövlətimiz siyasi cəhətdən mövqeyini balanslaşdırdı. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi olmaqla yanaşı, yeni güclərin yaxınlığında olan bir ölkədir.

Bu zamana qədər Azərbaycan birbaşa Avropa bazarına çıxa bilməmişdi. TAP vasitəsilə Avropa bazarına çıxmaqla Azərbaycan Avropanın ən ciddi tərəfdaşına çevriləcək”.

ABŞ-ın ətraf mühit və enerji məsələləri üzrə ixtisaslaşan “E&E Publishing” agentliyi isə bildirir ki, TAP tərəfdaşları, kəmərin keçdiyi dövlətlərlə yanaşı, gələcəkdə qonşuluqda yerləşən Xorvatiya, Bolqarıstan, Bosniya və Herseqovina kimi ölkələrə də qaz tədarük edə biləcək.

Qeyd edək ki, “Transadriatik” qaz kəməri Azərbaycan üçün kommersiya baxımından maraqlı layihədir. Artıq Azərbaycan qazının ixrac bazarı və coğrafiyası bəllidir. Xəzər hövzəsinin enerji resursları ilk dəfə birbaşa Avropa bazarına daxil olur. Kəmərin reallaşdırılması Azərbaycana Avropanın qazpaylayıcı şəbəkəsində investor kimi iştirak etmək imkanı yaradacaq.

Ekspertlərin fikrincə, layihənin gerçəkləşdirilməsi Avropanın enerji xəritəsini dəyişəcək. İlk növbədə bu layihə Avropanın qaz tədarükünün diversifikasiyasında mühüm rola malik olacaq və Avropa istehlakçılarının Rusiyadan qaz asılılığını azaldacaq. TAP-ın icraçı direktoru Kyetil Tunqland bildirib ki, bu layihənin seçilməsi “Cənub dəhlizi”nin açılması üçün ilk addımdır.

Tahir TAĞIYEV

Leave A Comment