Banklar reklamlar vasitəsilə vətəndaşları aldadırlar

Banklar reklamlar vasitəsilə vətəndaşları aldadırlar

– Reklamınızda qeyd edilib ki, 7500 manata qədər zaminsiz və arayışsız ev verirsiniz. 5 min manat kredit götürmək istəyirəm. Gəlib arayışsız götürə bilərəm?
– İndiyə qədər hansısa bankdan kredit götürmüsünüz?
– Xeyr.
– O halda sizə kredit verə bilməyəcəyik. Reklamımız indiyədək kredit götürməyənlərə aid deyil.
– Bəs xanım, olarmı, tanışım indiyədək digər banklardan kredit götürüb. İndi sizin bankdan zaminsiz 6 min manat kredit götürə bilər?
– Xeyr, 5 min manatdan yuxarı bir zamin tələb olunur.

Bu dialoqu “yumurta qiyməti”nə kredit verən “Unibank”ın kreditlər üzrə əməkdaşı bizimlə telefon söhbətində bildirdi. Qeyd edək ki, “Unibank”ın saytında “nağd kredit” bölməsindəki reklamda bildirilir ki, 7500 manatadək arayışsız, növbəsiz, zaminsiz kredit verilir. Biz də dedik, görək, bu da bir sıra bankların istehlakçıları cəlb etmək üslubu, daha doğrusu, onları aldatmaq üslubudur, yoxsa, həqiqətən də reklamlarında yazdıqları kimi arayışsız, zaminsiz “yumurta qiyməti”nə kredit götürmək olar? Amma gördüyünüz kimi, “yumurta qiyməti”nə kredit götürmək o qədər də asan deyilmiş. İstehlakçıların banklar tərəfindən necə aldadıldıqlarını və “Reklam haqqında” qanunla aldadanların necə cəzalandırılmasını öyrənmək üçün mütəxəssislərlə danışdıq.

Mövcud qanunvericilikdə boşluq var

Azərbaycan Reklamçılar İttifaqının rəhbəri Hacıəmi Atakişiyev bizimlə söhbətində bildirdi ki, “Reklam haqqında” mövcud qanunla reklamlar vasitəsilə istehlakçıları aldadan şirkətlərə heç bir cəza nəzərdə tutulmur: “Mövcud “Reklam haqqında” qanunda çox boşluqlar var. Amma Milli Məclisdə yeni hazırlanan «Reklam haqqında» qanun layihəsində bu məsələlər nəzərdə tutulub. Hazırda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu cür hallara nəzarət etməlidir, istehlakçıların aldadılmasının qarşısını almalıdır”.

H.Atakişiyevin sözlərinə görə, yeni “Reklam haqqında” qanun layihəsində istehlakçıları aldadan şirkətlərə, qurumlara, şəxslərə qarşı konkret cəzalar nəzərdə tutulub: “Banklardan birinin reklamında qeyd edilir ki, “bir yumurta qiymətinə kredit”. Amma ekspertlər hesablayıb görürlər ki, normalda 19 faizlə verilməli olan kredit “yumurta qiyməti”nə 29-30 faizə gəlib çıxır. Deməli, istehlakçılar aldadılır”.

Komisyon haqla bağlı haqsızlıq

İqtisadçı Vüqar Bayramov da açıqlamasında bildirdi ki, bu gün Azərbaycanda banklar reklamlarında, elanlarında kredit şərtləri ilə bağlı məlumatları tam olaraq vətəndaşlara vermir: “Reklamlarda həm kreditlər üzrə nominal faiz dərəcəsi ilə bağlı vətəndaşlara yanlış məlumat verilir, eyni zamanda komisyon haqq reklamda deyilmədiyi halda, faktiki olaraq vətəndaş kredit götürərkən kreditin üzərinə əlavə edilir. Komisyon haqq əsas götürülən məbləğə daxil edildiyindən vətəndaş komisyon haqqın faizini də aylarla, illərlə ödəyir. Məsələn, əgər vətəndaş 500 manat kredit götürürsə, o zaman ona 50 manat komisyon haqqı hesablanır. Bu zaman bank süni şəkildə məbləği 550 manata çatdırır. Vətəndaş 550 manat vəsaitin alınması ilə bağlı bir sənədə qol çəkir. Sonra 50 manatlıq komisyon haqqın ödənilməsi ilə bağlı başqa bir sənədə imza atır. Bu zaman vətəndaşa 500 manat verilir, faiz isə 550 manata əsasən hesablanır. Praktik olaraq 50 manat komisyon haqqını banklar əsas məbləğə daxil edirlər. Nəticədə bank
aylıq daha yüksək ödənişin həyata keçirilməsinə nail olur ki, bu da istehlakçının hüquqlarının pozulmasına gətirib çıxarır”.

Bankdan kredit götürəndə faiz qalxır

İqtisadçı vətəndaşların reklamlar vasitəsilə kreditin faiz dərəcəsində də aldadıldıqlarını dedi: “Banklar reklamlarında nominal kredit faizlərinin 25 faiz olduğunu elan edir. Amma reallıqda effektiv və real kredit faizləri 34 faizə yaxın olur. Bu da vətəndaşın reklamlar vasitəsilə aldadılması deməkdir. İnkişaf etmiş ölkələrdə, o cümlədən, ABŞ-da banklar kredit şərtləri ilə bağı məlumatları ya tam olaraq reklamlarında elan etməlidirlər, ya da qanunvericiliyə uyğun olaraq qeyd edilməlidir ki, “bu, tam şərtlər deyil, tam şərtlərlə bankın saytında, yaxud hər hansı nömrəyə zəng vuraraq tanış ola bilərsiniz”. Yəni şərtləri tam olaraq reklama yerləşdirmək mümkün olmasa da, reklamda şərtlərin tam olmadığı göstərilməlidir”.

V.Bayramov təəssüflə bildirdi ki, Azərbaycan bankları praktik olaraq beynəlxalq standartları pozurlar: “Azərbaycan banklarında tətbiq edilən standartlar daha çox müştərinin cəlb edilməsi və yüngül olmayan şərtlərin müştəriyə yüngül şərtlər kimi çatdırılmasıdır. Reklamlar vasitəsilə cəlb edilən müştəri banka müraciət etdikdə, əksər hallarda kifayət qədər kiçik rəqəmlərlə və şriftlərlə yazılmış bank müqavilələrini oxumurlar. Araşdırmalarımız göstərir ki, müştərilərin 80 faizə yaxını kredit müqavilələrini oxumadan müqaviləyə qol çəkirlər. Əslində onlar bankların aldadıcı elanlarına inanaraq gəlirlər və daha ağır şərtlərlə hazırlanmış kredit müqavilələrinə özləri də bilmədən imza atırlar. Bu da bankların vətəndaşları aldadaraq onlardan daha çox vəsait almasına gətirib çıxarır. Burada uduzan tərəf vətəndaşlar olur. Çünki vətəndaşlar vəd edilən şərtlərlə deyil, daha ağır şərtlərlə kredit götürmək məcburiyyətində qalırlar”.

Lalə Musaqızı
Kaspi.az

Leave A Comment