Yeni büdcənin nikbin proqnozları

Yeni büdcənin nikbin proqnozları

Vüqar Bayramov: “Praktiki olaraq gələn il sosial xərclərə yönəldiləcək vəsaitlərin artırılacağı güman edilir”

Azərbaycanın Maliyyə Nazirliyi 2014-cü ilin dövlət büdcəsinin prioritetlərini açıqlayıb. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, növbəti və sonrakı illərin dövlət büdcəsində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə, şaxələnməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, vergi və rüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına, habelə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərə nail olunmasına diqqət yetiriləcək.

Növbəti ildə xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur.

Bəs, görəsən, gələn ilin büdcəsi ilə bağlı açıqlanan prioritetlər 2014-cü il üçün nə vəd edir?

Məsələni şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, gələn ilin dövlət büdcəsinin prioritetləri daha çox “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğunlaşdırılıb. Onun sözlərinə görə, həmin konsepsiyada iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsi prioritet elan edilib: “Gələn ilin büdcə sənədi ilə bağlı açıqlanan prioritetlərdə diqqətçəkən məqam ondan ibarətdir ki, gəlirlərlə yanaşı, xərclərin bölgüsündə sosial istiqamətlər üzrə ödənişlərin payının artırılması nəzərdə tutulub. Yəni, praktiki olaraq sosial xərclərin 2014-cü ildə prioritet olacağı güman edilir. Eyni zamanda, xərclərlə bağlı önəmli məqamlardan biri ondan ibarətdir ki, gələn ilin dövlət büdcəsində infrastruktur və investisiya xərclərinin azaldılmasına ehtiyac var. Çünki artıq Azərbaycanda infrastruktunun formalaşdırılmasının birinci mərhələsi başa çatıb. Bu baxımdan indiki məqamda bununla bağlı xərclərin azaldılması zəruridir”.

Ekspert eyni zamanda, vurğulayıb ki, Azərbaycanda sosial büdcənin formalaşmasının zamanı artıq yetişib. O, hesab edir ki, ölkədə bu tip büdcənin formalaşdırılması üçün ilk növbədə investisiya xərcləri azaldılmalıdır: “Hazırda büdcədə qeyri-neft sektorunda daxilomaların, eləcə də vergili ödənişlərin sayının artırılmasına ehtiyac var. Nəzərə alsaq ki, Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə bu ilin dövlət büdcəsində neft sektorunun payı 75 faizdir, o zaman qeyri-neft sektorunun payının artırılmasına nə qədər ehtiyac olduğu açıq şəkildə görünər. Sözsüz ki, iqtisadiyyatın şaxələndirilməsinin əsas götürülməsi həm qeyri-neft sektorundan, həm də vergili ödənişlərdən daxilolmaların sayının artırılmasına müsbət təsir göstərəcək. Bundan başqa gələn ilin büdcəsində məqsədyönlü prioritetlərdən biri büdcə gəlirlərinin ölkədaxili regional bölgüsüdür ki, bu da olduqca vacib məqamdır. Çünki regional bölgü məhz regionların dövlət büdcəsindən daha çox faydalanmasına gətirib çıxaracaq. Eyni zamanda, regionlarda bələdiyyələrin normal institut kimi formalaşmasına yardımçı olacaq. Amma bununla yanaşı, hesab edirəm ki, ölkədə yerli özünüidarəetmə orqanlarının fəaliyyətini genişləndirmək üçün ilk növbədə bu qurumun statusuna yenidən baxılmalı və onların statusu artırılmalıdır. Bu zaman yerli bələdiyyələr dövlət büdcəsindən daha çox faydalanmaqla daha çox iş görə biləcəklər”.

Sevinc

Leave A Comment