Pulun varsa, oxumaga davam et?!

Pulun varsa, oxumaga davam et?!

Ali təhsilə ayrılan vəsait çox olsa da, illik vəsait və imtahanlarda tələb olunan pullar bir çox gəncləri təhsildən uzaqlaşdırır
“Ötən il Gəncə Dövlər Universitetinin ingilis-dili fakültəsinə daxil olsam da, il ərzində 1800 mantı ödəməyə ailəmin gücü çatmadığından, imtina etdim. Valideyinlərim bu il yenidən hazıraşıb, ödənişsiz universitetə qəbul olunacağıma ümid edirdilər. Mənsə inanmırdım bəxtim gətirsin və bu səbəbdən də işlərimi təkrar vermədim. Çünki, hər il ödənişsiz yerlər getdikcə azalır”. Gəncə sakini 18 yaşlı Əfsanə Hacıyeva deyir ki, orta məktəbi yaxşı qiymətlərlə bitirib. Lakin bu, ona arzusunda olduğu ingilis dili fakültəsində təhsilini davam etdirməyə kifayət etməyib. Çünki, ailəsinin maddi vəziyyəti ona bu arzusunu reallaşdırmağa imkan vermir. Hazırda Azərbaycanda 34 dövlət və 15 özəl ali məktəb fəaliyyət göstərir.

Bu Universitetlərdəki təhsil haqqlarına gəlincə, TQDK-dan verilən məlumatda görə, I qrup ixtisasları üzrə dövlət ali məktəblərində illik təhsil haqqı 600 manatdan 1500 manatadək dəyişir. II qrup ixtisasları üzrə qiymətlər həm dövlət, həm də özəl universitetlərdə xeyli yüksəkdir. Müxtəlif ixtisaslar üzrə qiymətlər 600-700 manatdan başlayaraq 4000 manatadək yüksəlir. III qrup ixtisaslarını əhatə edən ödənişli fakültələr dövlət universitetlərində daha çoxdur. Burada ən bahalı fakültələr hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər və regionşünaslıqdır. Bu fakültələrin illik haqqı dövlət universitetlərində 1500-2500 manatdırsa, özəl universitetlərdə qiymətlər 2800 manatdan başlayıb 3500 manatadək yüksəlir. IV qrup ixtisasları çoxluq təşkil etmir. Burada qiymətlərdə də bahalıq deyil. Tibb Universitetinin müalicə işi, pediatriya, stomatologiya fakültələri 1000 manatdır. Ümumilkdə isə Azərbaycanda ödənişli yerlər 60 faizə yaxındır. Gəncədəki Azərbaycan Texnologiya Universitetində birinci və ikinci kurslarda ümumilikdə 977 nəfər təhsil alır və onlardan yalnız 28-i, yəni 3 faizi dövlət sifarişi ilə olan ödənişsiz yerlərə sahibdir. Səkkiz fakültədən ibarət olan və 5 minə yaxın tələbənin təhsil aldığı Gəncə Dövlət Universitetindən aldığımız məlumata görə, son ilə qədər tələbələrin 60 faizi dövlət hesabına, 40 faizi isə öz vəsaitləri ilə oxuyub. İndi bu ali məktəbdə də son illər təhsil haqları yüksəldikcə dövlət sifarişli yerlərin sayı azalıb. Son illər Universitetdə oxumaq üçün 1500-2000 manat arasında təhsil haqqı ödənilməlidir. Ən bahalı xarici dillər fakültəsidir, burada təhsil haqqı 1700-1800 manat olur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəbəri Vüqar Bayramov deyir ki, Azərbaycanda təhsil haqları olduqca yüksəkdir və bunun nəticəsində bir çox abituriyentlər ali təhsil ala bilmir: “Qiymətlər baha olsa da hər bir valideyn istəyir ki, övladlarına ali təhsil versin. Bundan istifadə edən ali məktəb rəhbərləri də təhsil haqqını ilbəil artırır. Buna rəğmən təhsilin səviyyəsi hər il daha da aşağı düşür. Nəticədə bir o qalıb elan olunsun ki, ali təhsil tamamilə pulludur”. Bu gün dövlət universitetlərinə daxil olan tələbələr üçün yüksək olan tək ödəniş haqları deyil, elə imtahanlar üçün verdikləri qeyri-rəsmi vəsaitlər də kifayət qədər ciddi rəqəmlərdir. GDU-nun tələbəsi olan Səbinə Məmmədovanın bildirdiyinə görə, hər imtahanda müəllimlər qiymət yazmaq üçün onlardan azı 50 manat tələb edirlər: “Deyirlər ki, guya onlardan da “yuxarıdan” istəyirlər. Bundan appelyasiyaya şikayət edəndə də, bizi o qədər sıxışdırırlar ki, qorxuruq. Məcburuq, hər imtahanda istədikləri pulu verək”. Paytaxtda oxuyan tələbələr isə bildirir ki, bölgələrə nisbətən onların təhsil aldıqları ali məktəblərdə verdikləri “haqq” daha yüksəkdir. ”Bizdə imtahanların qiyməti 120 -200 manat arasında dəyişir. Bundan aşağı versən heç bir müəllim yaxın durmaz, deyirlər ki, “get üstünü düzəlt”. Bu pulla biz sadəcə “üç” ala bilirik. Qiymət yazmayacaqları ilə bağlı şantaj da edirlər ki, biz sonunda pul verək. Yaxşı oxuyanları da o qədər bezdirirlər ki, onlar da məcbur olub, rüşvət verirlər ki, əlavə çətin suallar verilməsin”, – deyə, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Ləman Ağayeva bildirir. Azərbaycan Pedaqoji Universitetinin tələbəsi

Məhbubə Abbasovanın narazılıqları isə ödənilən pulların təhsilə təsir etməməsi ilə bağlıdır: ”Özəl universitetlərdə olduğu kimi bizdə də ödədiyimiz pulların müqabilində heç olmasa oxuduqlarımızı əyani görmək üçün şərait yaradılmalıdır. Az-çox öyrəndiklərimiz də yalnız nəzəri biliklərdir. Sabah diplom alıb, haradasa işləmək üçün müraciət edəndə düzəməlli bir savadımız olmayacaq deyə, məcburuq pul verək ki, bizi işə götürsünlər”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev isə bu kimi problemərin kökünü düzgün formalaşmayan büdcədə və dövlət tərəfindən bu universitetlərə diqqətin kifayət qədər olmamasında görür. Onun sözlərinə görə, təhsil haqları bir başa universitetin büdcəsinə daxil olmadığından müəssisələr onun istifadəsində də sərbəst deyillər: “Dövlət universitetlərinin büdcəsi düzgün formalaşmır və bununla bağlı qanunda dəyişikliyə ehtiyac var. Məsələn, əgər hər hansısa bir dövlət universiteti kitabxana tikmək istəyirsə, o bundan ötrü xeyli instansiyalara müraəciət etməlidir. Halbuki, bu universitetin qazandığı öz vəsaitləridir. Buna görə də özəllər vaxtlarını və pullarını daha sərfəli istifadə edə bilirlər. Həm də əgər dövlət tərəfindən hər hansı bir layihənin həyata keçirilməsi üçün universitetə vəsait artırılıbsa, o pul ilin sonunacan mütləq xərclənməlidir. Qalıq olarsa bu vəsaitlər gələn ilə saxlanılmır. Qaydalara görə, yanvarın biri tarixinə bütün universitetlərin büdcəsi “0″ manat olmalıdır. Bu da bəzən vəsaitlərin lüzumsuz xərclənməsinə şərait yaradır, çünki, tələm-tələsik bu pullar nəyəsə xərclənməlidir”. Araşdırma zamanı məlum oldu ki, dövlət universitetlərindən fərqli olaraq özəl təhsil müəssisələrinin əksəriyyətində tələbələrdən rüşvət alınmır. Hətta bəzilərində təhsil haqqı da dövlət müəssisələrindəkindən xeyli aşağıdır. Bunu təsdiqləyən Qərb Universitetinin tələbəsi Cavanşir Məmmədovun sözlərinə görə, il ərzində 780 manat rəsmi təhsil haqqı ödəyir: “Düzdür, bəzi özəl universitetlər kimi, bizdə yüksək səviyyədə dərs keçirilməsə də, orta səviyyəli bilik verilir. Problem ondandır ki, bizdə praktiki məşğələlər üçün lazımi şərait yoxdur”.

Ən yüksək təhsil haqqına və tədrisin keyifiyyətinə görə də seçilən Qafqaz Universitetinin ictimaiyyətlə əlaqələr üzrə prorektoru Uğur Arif Böləkdən aldığımız məlumata görə, müəssisə özəl olsa da, yaxşı oxuyan tələbələr üçün bəzi istisnalar edilir: “Universitetin ən yüksək illik ödəniş məbləğı beynəlxalq münasibətlər fakültəsindədir – 4500 manat. Lakin bizim müəssisəyə maraq böyükdür. Çünki, tələbələrə güzəştlər də edirik. Bu onların universitetlərə daxil olarakən imtahanlarda topladıqları ballarla müəyyən edilir və hazırda 89 faiz tələbəmiz bu güzəştlərlə təhsil alır”. Qafqaz Universitetinin tələbəsi Pərviz Movlayev təhsil üçün az pul ödəməsə də, narazı deyil. O, bu vəsaitlərin təhsilin ildən-ilə yaxşılaşdırılmasına xərcləndiyinə əmindir: “Hər il o qədər yeniliklər olur, bəzən mənə elə gəlir ki, bizim ödədiyimiz vəsaitlər o xərcləri qarşılaya bilməz. Harvard, Oksford kimi Universitetlərin kitabları Azərbaycan dilinə tərcümə edilir, çoxlu sayda yeni kitablar çap olunur. Konfransların keçiriləməsi üçün yerlərin kirayə haqqı və dünyada tanınmış professorların bura dəvət olunması və sair bu kimi tədbirlərin reallaşması kifayət qədər vəsait tələb edir”. GDU-dan isə bildirilir ki, dövlət universitetlərinin hamısında tələbələrin illik yığılan pullarının bir hissəsi, təxminən 35-40 faizi müəllimlərin əməkhaqlarına sərf olunur. Vəsaitlərin bir hissəsi isə vergilər və avadanlıqların alınmasına xərclənir. Daha çox isə vergilərə pul gedir, 200 manatdan yuxarı əməkhaqqı alan müəllim 17 faiz vergi verməlidir. Məsələn, ay ərzində 1 mln əməkhaqqı büdcəsi varsa, bunun üçün universitet əlavə olaraq 220 min manat dövlət sosial müdafiə fonduna pul keçirməlidir. Bu da əməkhaqlarının 22 faizidir. Bunlar da tələbələrin ödədiyi təhsil haqqı hesabına ödənir. Burada təmir-bərpa işləri də vəsait tələb edir.

Bildirək ki, dövlət büdcəsindən ali təhsilə ayrılan vəsait 2010-cu ildə 127,7 milyon, 2011-ci ildə 150,2 mln, 2012-ci ildə isə 140 milyon olub. Milli Məslicin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Haciyev büdcədən təhsilə ayrılan vəsaitin ilbəil azlığından narazılıq edir: “Bir neçə ildir büdcədə ali təhsil sahəsinə ayrılan vəsaitin xüsusi çəkisi azalmaqdadır. Son iki ildə bu sahədə irəliləyiş yoxdur. Hətta ayrılan vəsait bir tələbənin magistr və doktoranturada təhsil alan tələbənin təqaüdi həcmində deyil”. Lakin Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ağacan Əbiyev isə əmin edir ki, Dövlət büdcəsindən təhsilə artırılan vəsait kifayət qədər artıqdır: “Bu il büdcədə təhsilə 1 milyard 511 milyon manat ayrılıbsa, gələn il bu, cəmi 1,3 faiz artırılacaq. Təhsilə ayrılan vəsait o qədər çoxdur ki, onu yenidən artırmağa ehtiyac yoxdur. Biz 10 faiz artırsaq, onun 8 faizi orda-burda itib-batacaq”. Vuqar Bayramov təhsildəki problemlərdən çıxış yolunu büdcə məsələsi ilə bağlı qanunda dəyişiklikdə və qabaqcıl xarici təhsil sistemlərinin nümunə götürülməsində görür. Onun sözlərinə görə, dünya ölkələri öz təhsillərinin keyfiyyətli olması üçün çoxlu islahatlar aparıblar və ən müasir sistemə uyğunlaşdırıblar: “Bizdə isə islahatla bağlı məsələyə toxunan kimi başlayırlar ki, bu qədər məktəb tikilib, bu qədər bina təmir olunub. Axı bunların tədrisin səviyyəsinə nə adiyyatı var? Bizdə yalnız dövlət universitələrinə deyil, özəl universitələrə də hər il, hər ixtisas üzrə nə qədər tələbə qəbul ediləcəyini hökumət müəyyən edir. Xaricdə isə özəl universitetlər bu məsələdə özləri qərar verirlər”, – deyə iqtisadçı-ekspert bildirib.

Aynurə Sultan

Leave A Comment