Ali məktəblərdə təhsil haqları təhsilin keyfiyətinə uyğun deyil

Ali məktəblərdə təhsil haqları təhsilin keyfiyətinə uyğun deyil

Dünya universitetlərinin reytinq siyahısında azərbaycan universitetləri yoxdur

Azərbaycanda ali məktəblərdə təhsil haqları durmadan artır. Bu kampaniyada özəl universitetləri hardasa başa düşmək olar. Ancaq bu kampaniyaya dövlət tərəfindən yetərincə maliyyələşdirilən ali məktəblərin qoşulması və hətta, bəzi ixtisaslar üzrə təhsul haqlarının özəl universitetlərdəki rəqəmlərdən yüksək olması təəssüf hissi doğurur. Məsələn, Azərbaycan Tibb Universiteti «Müalicə işi» və «Stomatologiya» ixtisaları üzrə təhsil haqqını 2500 manatdan 3 min manata qaldırıb. Həmin universitet ki, son 20 il ərzində dünya universitetlərinin reytinq siyahısına belə daxil olmağı bacarmayıb. Tədrisin bütün illərində tələbələrə verilən təlim-tərbiyə sovet sterotiplərindən azad olunmayıb. Uzun, yorucu mühazirə və seminarlar tədrisin əsas qayəsin təşkil edir. Belə faktları digər dövlət universitetləri üçün də sadalamaq olar. Bir sözlə onlarda tətbiq olunan ödəniş haqları nə vətəndaşların gəlirlərinə , nə də təhsilin keyfiyyətinə uyğundur.

Təhsil Nazirliyinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, bütün ali məktəblərdə təhsilhaqqı Tarif Şurasının qərarı ilə tənzimlənir. Heç bir müəssisənin, onun rəhbərinin təhsil haqlarında bu və ya digər dərəcədə dəyişiklik etməyə, özbaşına qiymətləri qaldırmağa ixtiyarı yoxdur. Nazirlik rəsmilərinin sözlərinə görə, ali məktəblərdə təhsil haqlarının qaldırılması, yaxud da ona hansısa dəyişikliklərin edilməsi Tarif Şurası tərəfindən həyata keçirilə bilər. Hər halda Tarif Şurasında Təhsil Nazirliyinin də nümayəndəsi var. Yalnız Tarif Şurasının qərarı ilə təhsilhaqqı artırıla və ya azaldılır. Kim özü öz qərarı ilə bu addımı atırsa, səhv qərardır.

Nazirlikdən təhsil haqqını qanunsuz qaldıran universitet rəhbərliyinin qərarının ləğv ediləcəyi bəyan edilsə də, artıq həmin ödənişli fakültələrə daxil olan tələbələrin diqqətinə çatdırılır ki, illik ödənişi yeni artım formasında aparmalıdırlar.

Bu məsələyə münasibət bildirən, təhsil sahəsi üzrə ekspert Etibar Əliyev bildirir ki, belə bir şəraitdə təhsil haqlarının qaldırılması yolverilməzdir: «Universitet rəhbərlərinin gətirdiyi arqument belədir ki, guya Tarif Şurası qərar verib. Amma bu əsassız arqumentdir. Belə götürək ki, özəl tədris müəssisələri qiyməti qaldırıb, onların dövlətdən bir o qədər asılacağı yoxdur. Bəlkə də dövlət büdcəsindən maliyyələşmədiklərini əsas gətirib, xərclərinin qarşılanmadıqlarına görə tarifləri artırıblar. Bəs, 100 faiz büdcədən maliyyələşən dövlət ali məktəblərində təhsil haqları niyə get-gedə yüksəlir? Görünür, onların rektorları da istədikləri özbaşınalığı edirlər. Hesab edirəm ki, dövlətin bu sahəyə tam nəzarətsizliyi hökm sürür. Hətta deyərdim ki, Təhsil Nazirliyinin heç bir nəzarəti yoxdur». Son illər təhsil haqlarının dəfələrlə artdığını vurğulayan ekspert bildirir ki, dövlət ali təhsil məktəblərinin sərbəst tarif siyasətinin qarşısına çıxan yoxdur. E.Əliyevin fikrincə, Azərbaycanda elə bir özəl məktəb yoxdur ki, orada təhsilin səviyyəsi xidmət tariflərinə uyğun olsun: «Özəl məktəblərin çoxunda dövlət ali məktəblərin magistrantları gedib dərs deyir. Digər tərəfdən əgər o ali məktəblərin diplomları sərhəddən kənarda tanınmırsa, orada hansı xidmətin səviyyəsindən danışmaq olar?».

İqtisadçı ekspert Vüqar Bayramov da dövlət ali məktəblərində təhsilin keyfiyyətində ciddi irəliləyişlər olmadığını narahatçılıqla vurğuladı: «Təhsilin keyfiyyəti yox, amma təhsil haqları durmadan artır. Bütün hallarda təhsil haqları təhsilin keyfiyyətinə uyğunlaşdırılmalıdır. Baxın, xarici ölkələrdə tələbənin universitetin texniki imkanlarından yararlanmağı da təhsil haqqına daxildir. Ancaq Azərbaycanda bu mümkün deyil. ABŞ-da hətta tələbələrin pulsuz kserokopiya, pulsuz çap, elektron kitabxanadan istifadə imkanları var. Azərbaycandan belə imkanlar yaradılmır. Təhsil haqları artsa da, təhsilin keyfiyətində artım yoxdur. Tələbələrə verilən imkanlarda dəyişiklik yoxdur».

Müsahibimizin fikrincə, universitetlər ƏDV-dən azad olunanda güman edilirdi ki, ali məktəblərdə ödəniş haqları aşağı salınsın: «Amma təəssüf ki, bu baş vermədi». Fikirlərinə, başqa ölkələrin müqayisəli təhlili ilə aydınlıq gətirən ekspert deyir ki, Azərbaycan universitetlərindəki ödəniş haqları Avropanın sosial-iqtisadiyyata malik ölkələri ilə müqayisədə yüksəkdir: «Avropanın inkişaf etmiş ölkələrindən olan Almaniyadakı təhsil haqlarından təxminən 4 dəfə çoxdur. Təsəvvür edin, Türkiyədə dövlət universitetlərindən ödəniş haqları deyilən bir şey yoxdur. Çünki onlar dövlət tərəfindən maliyyələşdirildiyi üçün əlavə təhsi haqqı imkanları yaradılmayıb. O cümlədən digər ölkələrlə müqayisə etdikdə məsələn, Rusiya, Ukraynadakından daha yüksəkdir». V.Bayramov hesab edir ki, təhsil haqlarının yüksək olmasının səbəbi o universitetlərdə təhsil almağa tələbatın olmasıdır: «Azərbaycanda çox aillər hətta borc kredit hesabına olsa da, uşaqlarının ödənişli təhsil almasına çalışırlar. Bir halda, ƏDV-dən azadolunma, təhsil haqlarının azaldılmasına gətirib çıxarmırsa, onda nə üçün hökumət onlara 18 faiz xeyr verilməlidir.

Dövlət ali məktəbləri ƏDV-yə cəlb etməklə dövlət büdcəsi üçün əlavə gəlir mənbəyi yaratmaq olar». İqtisadçının qənaətinə görə, dövlət universitetlərdə təhsil haqları nəinki verilən təhsilin keyfiyyətinə uyğun gəlmir, eyni zamanda ölkədə orta aylıq əmək haqqı ilə uzlaşmır: «Əgər ölkədə orta aylıq əmək haqqı 410 manatdırsa, o zaman artıq bir universitetin 9 aylıq təhsil üçün 3 min manat tələb etməsi doğru deyil. Bu kifayət qədər yüksək rəqəmdir. Belə olan halda 300-400 manat əmək haqqı alan şəxs bütöv aylıq gəlirini bir övladının təhsil haqqının ödənilməsinə sərf etməlidir. Ona görə gördüyünüz kimi təhsil haqları ilə orta aylıq gəlirlər arasında anormal əlaqə var. Təəssüf ki, dövlətin stimullaşdırma tədbirləri də təhsil haqlarının azaldılmasına səbəb olmayıb».

Ekspertin qənaətincə, təhsil haqlarının ilbəil artmasını nəzərə alsaq daha məqsədəuyğundur ki, təhsil haqları üçün maksimum limit müəyyən edilsin. «Qiymət tavanı müəyyən edilsin. Bu zaman ail məktəb rəhbərlərin həmin qiymət tavanından yüksək qiymət müəyyəndirməsinə və ilbəil artırmasına imkan verilməz. Ali məktəblər tələbələrə daha az təhsil haqqı təklif etmək məcburiyyətində qalar», – deyə o vurğuladı.

Əfsun

Leave A Comment