Gənc ailələr üçün ucuz mənzil proqramı

Gənc ailələr üçün ucuz mənzil proqramı

Ekspertlər hesab edirlər ki, Azərbaycanda belə bir layihənin reallaşması üçün kifayət qədər imkanlar mövcuddur

Azərbaycanda gənclər üçün sosial mənzillər tikilə bilər. Qeyd edək ki, bununla bağlı Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi layihə hazırlanır və sənəddə Türkiyə təcrübəsindən istifadə ediləcək. Layihəyə əsasən, çoxmənzilli binalar dövlət hesabına tikilərək gənclərə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan, bir növ kirayə verilir. Lakin müəyyən müddət keçdikdən sonra həmin mənzillər şəxsin mülkiyyətinə keçir. Layihənin məqsədi aşağı və orta gəlirli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasından ibarətdir.

Xatırladaq ki, hazırda Azərbaycanda evsiz və ya mənzil şəraiti əlverişsiz olan vətəndaşlara dövlət tərəfindən iki növ ipoteka kreditləri təklif olunur. Bu kreditlərin şərtlərinə görə, adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcəsi ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və dörd faiz dərəcəsi ilə 30 il müddətinə təklif olunur. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir. Bundan başqa kreditlər manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir. Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.
Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.
Bəs, görəsən, Azərbaycanda sosial mənzillərin tikintisini reallaşdırmaq mümkündürmü? Ümumiyyətlə, bununla bağlı beynəlxalq təcrübə nə deyir?
Məsələyə münasibət açıqlayan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin rəhbəri Ramil Osmanlı “Həftə içi”nin əməkdaşı ilə söhbətində bildirib ki, sosial mənzillərin tikintisinə dair təklif ilk baxışdan olduqca cəlbedici görünür. Onun sözlərinə görə, hazırda Azərbaycanın iqtisadi gücü sosial mənzillərin yaradılmasına imkan verir. Amma bəzən aidiyyəti qurumların irəli sürdüyü sosial təklifləri elə kağız üzərində qalır: “Əslində belə bir layihənin hazırlanması sevindirici bir haldır. Lakin bu layihənin reallaşıb-reallaşmayacağı məndə sual doğurur. Çünki hələ 2009-cu ildə Azərbaycanda yeni Mənzil Məcəlləsi qəbul olunarkən həmin sənəddə sosial və bələdiyyə mənzillərinin yaradılması nəzərdə tutulmuşdu. Yəni, bizdə sosial mənzillərlə bağlı qanunvericilik bazası mövcuddur. Amma nədənsə, indiyədək Nazirlər Kabineti Mənzil Məcəlləsində nəzərdə tutulan bu məsələnin reallaşması istiqamətində hansısa qərar verməyib”.

Sosial mənzil fonduna ehtiyac var

Ekspert onu da vurğulayıb ki, ölkə əhalisinin təxminən 60 faizi mənzil problemi ilə üz-üzədir: “Məsələn, elə mənzil var ki, orada 3 ailə yaşayır. Bu çox ciddi bir problemdir. Azərbaycan eyni zamanda, adambaşına düşən mənzil sahəsinə görə, Avropa və postsovet məkanı üzrə ən aşağı yerlərdən birini tütur. Ramil Osmanlı rəsmi göstəricilərə əsaslanaraq bildirir ki, hazırda Azərbaycanda adambaşına 10 kvadratmetr mənzil düşür. Halbuki, bu göstərici Rusiyada 23-24 kvadratmetrdir. Qazaxıstanda isə artıq 28-30 kvadratmetrə çatır: “Amma Şərqi Avropada bu göstərici 32 kvadratmetr, Qərbi Avropada 35 kvadratmetr, ABŞ-da isə 42 kvadaratmetrdir. Ona görə də mənzil problemi ilə bağlı hansısa layihə hazırlanarkən orada ancaq gənclər nəzərdə tutulmamalıdır və problemə ümumi baxmaq lazımdır”.
Məsələ ilə bağlı fikirlərini bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da Azərbaycan əhalisinin mənzil problemini həll etməyə ölkənin yetərincə vəsaitinin olduğunu bildirib. Onun sözlərinə görə, ilk növbədə Azərbaycanda sosial mənzil fondunun yaradılması olduqca vacibdir: “Bunun üçün qanuni əsaslar da var. Belə ki, bu Mənzil Məcəlləsində də nəzərdə tutulub. Bu, heç də mənzilə sahib hansısa ailənin ikinci bir evə sahib olması demək deyil. Bu, mənzilə tələbatı olan, amma mənzil almaq üçün imkanı olmayan və orta əmək haqqı mənzil üçün yetərli olmayan ailələrin mənzillə təmin edilməsi deməkdir. Sosial mənzil fondunun yaradılması məhz buna görə vacibdir ki, gənclərə uzun müddətə və aylıq ödənişi aşağı olan mənzillərin təklif edilməsinə imkan yaradılsın. Məsələn, bu cür fondlar bir sıra inkişaf etməkdə olan ölkələrdə,o cümlədən yaxın qonşularımız Rusiya və Türkiyədə də yaradılıb”.
Ekspert Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanlarının qonşu ölkələrə baxanda daha yüksək olduğunu da vurğulayıb və bunun dövlət büdcəsi üçün heç bir çətinlik yaratmayacağını deyib. Vüqar Bayramovun fikrincə, dövlət büdcəsindən ildə 300 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar. Onun sözlərinə görə, indiki şəraitdə bu, dövlət büdcəsi üçün heç bir problem yartmır: “Bu məbləğ hətta xarici borclara xidmət üçün ayrılan vəsaitdən belə azdır. 300 milyon manat həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından təhlükəsizdir. Bizim hesablamalarımıza əsasən, belə mənzillərin kvadratmetri təxminən 200 manata başa gələcək”.

Beynəlxalq təcrübə nə deyir?

“MBA” Konsaltinq Şirkətinin rəhbəri, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə deyir ki, sosial mənzillərlə bağlı təcrübə hər ölkədə müxtəlif olsa da, bu tikililərin missiyası bütün ölkələrdə eynidir. Yəni, sosial mənzillər aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulur.

Yeri gəlmişkən, Honkonqda əhalinin yarısı sosial binalarda yaşayır. Başqa evlərlə müqayisədə bu binalarla kirayələr xeyli ucuzdur. Adətən dövlət mülkiyyətində olur və özəlləşdirilmir. Finlandiyada da mənzil fondunun 30 faizi sosial binaların payına düşür. Adətən belə evlərdə sakinlər dünyasını dəyişənə və ya mənzil sahibi olana qədər qalırlar. Bu evlərdə qalanlar ayda müəyyən qədər əlavə pul ödəməklə mənzilin mülkiyyət hüququn əldə edə bilərlər. Yerli ekspertlər isə bizim ölkə üçün daha əlverişli Türkiyədə gerçəkləşdirilən sosial mənzil layihəsini sayırlar. Qeyd edək ki, qonşu ölkədə gerçəkləşdirilən TOKİ (Toplu Bina İdarəsi Nazirliyi) layihəsi çərçivəsində çox ucuz mənzillər inşa edilir və uzun müddətli faizsiz kreditə verilir. 2023-cü ilə kimi Türkiyədə 1 milyona yaxın belə mənzil inşa ediləcək. Adətən 25-30 ilə kreditə verilən bu mənzillərdə aylıq ödəniş 70-100 dollar təşkil edir. Ödəniş başa çatdıqdan sonra isə ev xüsusi mülkiyyətə keçir.
Qeyd edək ki, Türkiyədə Baş nazirin dəstəyi ilə dövlətə məxsus Toplu Evlər İdarəsi (TOKİ) tərəfindən gənc ailələrə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan 25 illik mənzillər təqdim olunur. Artıq Türkiyədə gənc ailələrə 520 mindən çox mənzil təqdim olunub. Türkiyə təcrübəsində orta aylıq ödəniş təxminən 70-100 dollar təşkil edir. Onu da bildirək ki, bu idarə Türkiyə Baş Nazirliyinə tabedir.

Sevinc

Leave A Comment