Sosial Kirayə Fondu yaradılmalıdır

Sosial Kirayə Fondu yaradılmalıdır

İqtisadçı alim: “Ya kirayə qiymətlərinə hədd qoyulmalı, ya da Sosial Kirayə Fondu olmalıdır”

Yeni dərs ilinin başlamasına az qalır. Odur ki, indidən kirayə bazarında canlanma müşahidə olunur.

Canlanma isə heç şübhəsiz ki, qiymətlərdə də özünü biruzə verir. Hazırda ən çox bahalaşma universitetlərin sıx yerləşdiyi ərazilərdə – “Elmlər Akademiyası” həndəvərində müşahidə olunur. Burada bina evlərində 1 otaqlı mənzillərin qiyməti 250-350 manat arasında dəyişir. Həyət evlərində isə bu məbləğ 180-250 manat arasında dəyişir. Bakının Nizami, Binəqədi, Nərimanov rayonlarında da kirayə qiymətlərində artım müşahidə olunur. Bu isə övladı ali məktəblərdə təhsil alan valideynləri bir qədər də çətin duruma salır. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinqləri əsasında məlum olub ki, paytaxtın kirayə bazarında qiymətlər 20 faizədək bahalaşıb. Birlikdə hesab edirlər ki, bu artım yeni dərs mövümü başlayan ərəfəyədək, yəni sentyabr ayının sonunadək davam edəcək. Qeyd edək ki, hazırda övladı ödənişli fakültələrdə təhsil alan, yaxud eyni vaxtda bir neçə övladını oxutduran ailələr də var ki, onların vəziyyətləri daha çətin olacaq. İqtisadi və Sosial İnkişaf Mərkəzi kirayə haqqlarının tənzimlənməsi ilə bağlı maraqlı təkliflə çıxış edib. Vüqar Bayramov bununla bağlı fikirlərini bölüşüb: “Bir neçə gün öncə ali məktəbə yeni daxil olmuş, paytaxtdan kənarda yaşayan qohumlardan biri mənzil kirayəsi ilə bağlı ona məsləhət verməyimi xahiş etmişdi. Kirayə bazarındakı möcud durumla tanış olanda bəlli oldu ki, həmin gənc Bakıda təhsil almaq arzusunun üstündən hətta xətt də çəkə bilər. Təsəvvür edin, rayondan gələn tələbənin illik təhsil haqqı orta hesabla 2500 manat, illik kirayə haqqı isə ən aşağı halda 2000 manatdır. Bu rəqəmlərin üzərinə yemək, nəqliyyat və digər istehlak xərclərini minimum səvviyədə əlavə etsək, o zaman Bakıda yerləşən universitetin ödənişli fakültəsində təhsil alan paytaxtda kənardan gələn bir tələbənin 1 illik təhsili 7000 manat, ödənişsiz fakültədə təhsil alan tələbənin xərci isə 4500 manata başa gələcək. Hər iki halda söhbət kifayət qədər ciddi rəqəmlərdən gedir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri deyir ki, son bir ildə Bakının kirayə mənzil bazarında qiymətlər 20 faizə yaxın yüksəlib: “Bu, daha çox təklifin azalması fonunda həm paytaxtdan kənardan Bakıya müşahidə edilən axın və eləcə də ölkəyə gələn turistlərin bir qisminin, xüsusən də, tələbələrin, tədqiqatçıların otellərdən daha çox kirayə evlərdə məskunlaşması ilə bağlıdır. Təhsil mövsümünün başlaması ilə daha da sürətlənən qiymət artımı prosesi sentyabr ayının sonlarınadək davam edəcəyi gözlənilir”.

Vüqar Bayramov deyir ki, universitetlərin kampus və yataqxanalarının olması getdikcə zərurətə çevrilir: “Bunların olması tələbələr üçün əlverişlidir. Bu, problemin yumşalmasına gətirib çıxara bilər. Təəssüf ki, universitetlərin böyük əksəriyyətinin hələ də kampusu yoxdur. Bu halda kirayə evlərə tələbələrin tələbatı qalacaq. Amma nəzərə alsaq ki, kirayə evlərdən yalnız tələbələr deyil, eyni zamanda gənc ailələr də istifadə edir o zaman kirayə haqqlarının tənzimlənməsinin əhəmiyyətini təssəvvür etmək çətin olmaz”.

Bəs, kirayə haqlarından müşahidə edilən artımın qarşısını necə almaq olar? Vüqar Bayramovun fikrincə, dünya praktikasında problemin aradan qaldırılmasının 2 mümkün yolu var. Birinci daha çox inzibati müdaxilə kimi qiymətləndirilir və bu nə qədər qəribə görünsə də, liberal iqtisadiyyata malik Amerika Birləşmiş Ştatlarında tətbiq edilib: “Qiymətlərə maksimum və ya hətta minimum hədlərin müəyyənləşdirilməsinə hələ qədim dövrlərdən təsadüf edilir. Orta əsrlərdə çörəyin qiyməti üçün maksimum hədd müəyyənləşdirilmişdi. Amma “qiymət tavanı” üçün ən çox müraciət edilən nümunə ABŞ-da İkinci Dünya müharibəsindən və 1971-73-cü illərdə Nikson administrasiyası tərəfindən tətbiq edilən kirayə haqları üçün maksimum qiymətin müəyyənləşdirilməsidir. Müharibədən sonra vətənlərinə qayıdan döyüşçülər Birləşmiş Ştatların iri şəhərlərində məskunlaşmağa başladılar. Onların çoxunun ailə qurması isə Nyu-York kimi iri şəhərlərdə ev kirayəsinə olan tələbatı artırdı. Təbii ki, müharibədən yenicə qayıdanların alıcılıq qabiliyyətləri təkliflə uzlaşmırdı və bu da kirayə haqlarının yüksəlməsinə gətirib çıxarırdı. Belə olan halda ABŞ hökuməti “ev problemini” kirayə haqlarına qiymət tavanı müəyyənləşdirməklə həll etdi. Maraqlıdır, ABŞ-ın bəzi şəhərlərində həmin “tavanlar” hələ də qüvvədə qalıb. Azərbaycanda da qiymət tavanının müəyyənləşdirilməsi mümkündür. Bu zaman, inzibati olaraq yerləşmə zonalarından asılı olaraq paytaxtda otaqların sayından asılı olaraq qiymət tavanlarının müəyyənləşdirilməsi həyata keçirilə bilər”.

İqtisadçı alim deyir ki, ikinici metod da dövlətin müdaxiləsini nəzərdə tutur, lakin bu da stimullaşdırmaya xidmət edir: “Bu zaman ölkədə sosial mənzil fondu formalaşdırılır və həmin fond daxilində mənzillər uzun müddətli dövrdə aşağı ödənişlə gənc ailələrə və ya tələbələrə təklif edilir. “Mənzil” Məcəlləsində sosial mənzil fondunun yaradılması məsələsi öz əksini tapsa da, hələlik bu istiqamətdə real addımlar atılmayıb. Digər ölkələrin təcrübəsi göstərir ki, sosial mənzil fondunun formalaşması üçün büdcədən tikinti üçün vəsait ayrılmalıdır və özəl şirkətlər tərəfindən bu tikilərək dövlətə təhvil verilməlidir. Bu mənzillər müvafiq dövlət qurumunun – bizim misalda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilə bilər.

Bu mənzillər az təminatlı ailələrə yalnız kirayəyə deyil, aşağı qiymətlə uzun müddətə kreditə də verilə bilər. Məsələn, Türkiyədə sosial mənzil layihəsi çərçivəsində evlər uzun müddətli kreditə verilir və ailənin aylıq ödənişi təxminən 100 dollar ətrafında dəyişir. Bu, İstanbul və Ankara kimi şəhərlərdəki kirayə qiymətlərindən xeyli aşağıdır. Bu pulu ödəyən ailə 25 ildən sonra mənzilə sahib olur. Kirayə sosial evlər hal-hazırda bir sıra inkişaf etməkdə olan ölkələrdə o cümlədən, qonşu Rusiyada istifadəyə verilib. Azərbaycanın maliyyə imkanlarının genişliyini nəzərə alsaq, qısa zamanda ölkəmizdə də bunun tətbiqi realdır. Təbii ki, sözügedən yanaşmalar arasında ən məqbulu ölkəmizdə Sosial Kirayə Fondunun formalaşmasıdır.

zaman.az

Leave A Comment