Kasıb ailələr üçün faizsiz kredit proqramı

Kasıb ailələr üçün faizsiz kredit proqramı

Yaxın illərdə Azərbaycanda aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi gözlənilir. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov mətbuata açıqlamasında bildirib ki, hazırda yeni mexanizmin tətbiqi istiqamətində müvafiq işlər aparılır. Onun sözlərinə görə, “Özünədəstək” proqramının davamı kimi, ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılması, eyni zamanda, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi nəzərdə tutulub. Bu işlər müəyyən potensiala malik yoxsul ailələrin şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı qazanmasına, aztəminatlı vətəndaşın tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə hesablanıb.

2006-cı ilin ortalarından etibarən ölkəmizdə ünvanlı dövlət sosial yardımı sisteminin tətbiq olunduğunu xatırladan nazir deyib ki, 2006-cı ildə bu məbləğ 30 manat olduğu halda, 2013-cü ilin əvvəlində bu rəqəm 3,1 dəfə artırılaraq 93 manata çatıb. 2013-cü ilin 6 ayının yekununa olan məlumata əsasən, 120 904 ailənin hər birinə ayda orta hesabla 120 manata qədər ünvanlı yardım ödənilir. Onun sözlərinə görə, bir çox ölkələrdə donorlar hesabına ödənilən ünvanlı yardımlar Azərbaycanda məhz dövlət büdcəsi hesabına yoxsul ailələrə verilir: “Əlbəttə, ünvanlı yardım proqramı özlərindən asılı olmayan səbəblərdən yoxsulluq şəraitində yaşayan ailələrin yaşayışında mühüm rol oynayır, onları yoxsulluğun çətinliklərindən xilas edir. Lakin öz mahiyyəti etibarilə bu, passiv və müvəqqəti xarakterli yardımdır və uzunmüddətli şəkildə belə yardımların verilməsi həmin vətəndaşlarda dövlət yardımlarından daimi asılılıq yarada bilər”.
Füzuli Ələkbərov deyib ki, nazirlik sosial müdafiə sistemində yeni addım kimi, aztəminatlı ailənin məşğulluq potensialını reallaşdırmağa, beləliklə, onun sosial reabilitasiyasına xidmət edən aktiv tədbirlərə xüsusi önəm verir: “Yəni mütərəqqi dünya təcrübəsinə istinad edilməklə, aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri, beləliklə, gəlirlərini artırmaları üçün onlara aktiv şəkildə dəstək verilməsi, nəticədə onların dövlətin sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxmalarına şərait yaradılması üçün birdəfəlik ünvanlı sosial yardım – “Özünədəstək” proqramı hazırladıq. Artıq bunun müsbət nəticələrini görürük. Güman edirəm ki, məhz bu proqramlarla aztəminatlı ailələrin sosial müdafiəsini maksimum şəkildə gücləndirmək mümkün olacaq”.
Xatırladaq ki, 2011-ci ilin mart ayından etibarən Azərbaycanda 13 rayon və şəhər üzrə ünvanlı sosial yardım alan ailələrdən müvafiq potensiallara malik 271 ailə seçilərək “Özünədəstək” pilot proqramına cəlb olunub. Onlardan 230-na kənd təsərrüfatı sahələri üzrə şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək, 41-nə əmtəə və xidmətlər istehsalı üzrə fəaliyyət göstərmək üçün birdəfəlik maddi ünvanlı yardım olaraq mal və materiallar alınıb verilib. Onu da bildirək ki, qeyd olunan ailələrdən 111 ailə üzrə artıq proqram başa çatıb. Aparılan monitorinq nəticəsində həmin ailələrin 96 faizinin artıq reabilitasiya olunduğu təsdiqini tapıb.
Bəs görəsən, Azərbaycanda aztəminatlı ailələr üçün güzəştli mikrokreditlərin nəzərdə tutulması bu kateqoriyadan olan ailələrin sosial durumunun yaxşılaşdırılmasına nə dərəcədə müsbət təsir göstərə bilər? Ümumiyyətlə, belə bir təcrübə beynəlxalq praktikada mövcuddurmu? Güzəştli mikrokreditlərin vətəndaşlara əlçatanlığının təmin edilməsi məqsədilə hansı addımlar atılmalıdır?
Məsələyə münasibət açıqlayan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, bu təklif aztəminatlı ailələrin sosial durumunu xeyli yaxşılaşdıra bilər. Ekspert “Həftə içi”nə açıqlamasında deyib ki, aidiyyəti qurumlar ilk növbədə kreditlərin ünvanlı şəkildə verilməsini təmin etməlidirlər: “Bu olduqca maraqlı təklifdir və güman edirəm ki, hazırda Azərbaycanın mövcud iqtisadi potensialı belə bir layihəni reallaşdırmağa imkan verir. Həm də bu layihə ünvanlı sosial yardımdan daha faydalı ola bilər. Çünki hər bir aztəminatlı ailəyə təyin olunan illik sosial yardım birdəfəlik deyil, aylara bölünərək ödənildiyindən həmin məbləğlə ailə hansısa iş qura bilmir. Yəni, dövlətin aztəminatlı ailəyə verdiyi ünvanlı yardımın effekti olmur. Buna görə də belə ailələrin sosial reabilitasiyası üçün onlara kredit şəkilində vəsaitlərin verilməsi daha məqsədəuyğundur”.

“Krediti qaytarmaq aztəminatlı ailələr üçün çətin olmayacaq”

Ekspert onu da vurğulayıb ki, layihənin effektli alınması üçün aidiyyəti qurumlar mütləq xüsusi mexanizm hazırlamalıdırlar. Vüqar Bayramovun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılacaq sosial dəstək fondu aztəminatlı ailələrə 5 min manatadək faizsiz kreditlə vəsait verəcək: ” Bu, kiçik bizneslə məşğul olmaq istəyən vətəndaşlar üçün normal bir vəsaitdir. Çünki İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun təklif etdiyi kreditlərdən fərqli olaraq bu vəsait faizsiz veriləcək. Düşünürəm ki, məbləğ böyük olmadığından, onu geri qaytarmaq aztəminatlı ailələr üçün çətin olmayacaq”.
Bu sahədə dünya təcrübəsinə də toxunan ekspert bildirir ki, inkişaf etmiş ölkələrin hər birində aztəminatlı ailələr üçün belə proqramlar həyata keçirilir: “Beynəlxalq təcrübədə bu “sand bay” və ya “ilkin kalkınma kreditləri” adlanır. Adətən, bu kreditlər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, amma girov qoymaq imkanı olmayan aztəminatlı ailələrə verilir”.
Xaricdə aztəminatlı ailələrə ödənilən faizsiz kreditin həcminə gəlincə, ekspert bu məbləğin ölkələrə görə dəyişdiyini söyləyir: “Məsələn, Amerikada belə bir fond fəaliyyət göstərir və həmin qurum vətəndaşlara 20 min dollaradək faizsiz kredit verir. Avropa ölkələrində isə bu məbləğ 10 min avroyadək dəyişir”.

“Kreditlərin təyin olunması elektronlaşdırılmalıdır”

Vüqar Bayramov eyni zamanda söyləyib ki, sözügedən nazirlik bank olmayan təşkilat sayıldığından kreditlərin bölüşdürülməsi zamanı müəyyən çətinliklər ortaya çıxa bilər. Onun sözlərinə görə, beynəlxalq praktikada müvafiq qurum tərəfindən kreditlərin bölüşdürülməsi üçün banklar arasında tender elan olunur. Həmin tenderin qalibi olan bank təşkilatı isə kreditlərin verilməsini həyata keçirir.
Vüqar Bayramovun qənaətincə, adıçəkilən məsələdə şəffaflığın təmin edilməsi məqsədilə aidiyyəti nazirlik tərəfindən elektron kredit mexanizminin hazırlanmasına ehtiyac var. Onun sözlərinə görə, əgər bu işi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcəksə, o halda elektron kredit mexanizminin tətbiq olunması vacib şərtdir: “Yəni vətəndaş kredit almaq məqsədilə yalnız internet vasitəsilə müraciət etməlidir. Onun müraciəti adıçəkilən nazirlik tərəfindən elektron formada araşdırıldıqdan sonra elə internet üzərindən də vətəndaşa cavab verilməlidir. Çünki ünvanlı sosial yardımların verilməsi zamanı vətəndaşlar müəyyən çətinliklərlə və neqativ hallarla üzləşdilər”.
Ekspert deyib ki, əgər ünvanlı sosial yardımların verilməsi prosedurları təkmilləşdirilirsə, o zaman kreditlərini təyin olunması elektron qaydada həyata keçirilməlidir: “Hesab edirəm ki, bu prosesdə vətəndaş heç bir halda nazirliyin əməkdaşı ilə üz-üzə gəlməməlidir. Əks təqdirdə, ünvanlı sosial yardımda olduğu kimi bu məsələ də vətəndaşlar arasında müəyyən obyektiv və subyektiv narazılıqlara gətirib çıxaracaq. Bir sözlə, yeni mexanizmin tətbiqi zamanı şəffaflığın təmin olunması üçün mütləq prosesin elektronlaşdırılması zəruridir”.

Leave A Comment