5 faizə yaxın azalma müşahidə oluna bilər…

5 faizə yaxın azalma müşahidə oluna bilər…

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları ilə istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınması barədə danışıqlar və iş aparır.
Bunu AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov mətbuata açıqlamasında bildirib. Onun dediyinə görə, Azərbaycanda istehlak kreditlərinin dərəcələri qonşu ölkələrlə müqayisədə yüksək hesab oluna bilməz.

Lakin hər halda, istehlak kreditlərinin ucuzlaşması Mərkəzi Bank tərəfindən gərəkli hesab edilir: “Azərbaycanda istehlak kreditləşməsinin sürətlə artması və bu növ kreditlərin yüksək həcmləri Mərkəzi Bankı da narahat edir. Bankların istehlak kreditləşməsinə böyük maraq göstərməsi təbiidir, çünki burada kredit portfelinin böyük sayda borcalanlar arasında diversifikasiya edilməsi nəticəsində risqlər müəyyən dərəcədə aşağıdır, gəlirlilik isə yüksəkdir.

İstehlak kreditləşməsi istehlak tələbatının təmin edilməsinə xidmət edir, lakin onun həddən artıq yüksək həcmdə olması istehlak bazarında natarazlıq yaradır və bunun nəticəsində qiymətlərin artması kimi mənfi hallar baş verə bilir. Azərbaycanda istehlak kreditləşməsinin bankların məcmu kredit portfelində xüsusi çəkisi artıq 34%-ə çatıb və bu göstərici ilə digər sahələr arasında birinci yeri tutur. AMB-nin əsas məqsədi də məhz bu göstəricini azaltmaqdır.

Unutmaq olmaz ki, sonuncu dünya maliyyə böhranı məhz istehlak kreditləşməsinin həddindən artıq genişlənməsi səbəbindən başlayıb və sonradan böhran iqtisadiyyatın digər sahələrinə də keçib. İstehlak kreditləşməsi sahəsində banklar tərəfindən aparılan işlər əhalinin borclanmasına gətirib çıxarır. Əslində bu məsələ çoxdan gündəmdədir və artıq Mərkəzi Bank özü də narahat olmağa başlayıb”.

Elman Rüstəmov onu da qeyd edib ki, bankların yüksək qazanc əldə etməsi barədə fikirlər yanlışdır: “Bankların mənfəəti orta hesabla təxminən 3 faizdir ki, bu da yüksək göstərici hesab oluna bilməz”.

İqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı istehlak kreditləşməsini tənzimləmək gücünə malikdir.

Onun sözlərinə görə, Azərbaycanda istehlak kreditinin faiz dərəcəsi kifayət qədər yüksəkdir: “İstehlak kreditinin faiz dərəcəsinin yüksək olmasına baxmayaraq, tələbat da az deyil. Son 11 ildə istehlak kreditləşməsi 35 faizə qədər yüksəlib. Faiz dərəcələrinin yüksək olmasına baxmayaraq, kreditə meyl edən də çoxdur”.

İqtisadçı Azərbaycan banklarının istehlak və biznes kreditlərinin faiz dərəcələri üzrə verilməsi sahəsində digər ölkələrlə müqayisə oluna biləcəyini düşünmür: “Azərbaycanda bankların verdiyi istehlak və biznes kreditlərinin faizləri yüksəkdir. İstehlak kreditlərinin yüksək olduğunu rəsmilərin özləri də etiraf edir. Amma biznes kreditinin faiz dərəcəsi reallığı əks etdirmir. Ölkədə həmin kreditin orta hesabla faiz dərəcəsi 14 faizdir. Amma bu hədd də Sahibkarlığa Yardım Fondu və İpoteka Fondu tərəfindən verilən kreditlər hesabına əldə olunub. Bu qurumların faiz dərəcəsi aşağı olduğundan, son nəticədə ölkə üzrə orta faiz dərəcəsinin 14 faiz olduğunu görmək olar. Amma 14 faizlə biznes kreditlərinin alınması hazırda mümkünsüzdür. Regionlar üzrə işləyən bank olmayan kredit təşkilatları fermerlərə krediti 30-36 faiz civarında verir. Eyni zamanda, böyük biznes kreditlərinin götürülməsi şərtləri də çox ağırdır. Ancaq girov qismində yüksək dəyərli əmlak qoymağın müqabilində yüksək həcmli kredit almaq olar. Bu zaman da əmlakın dəyərinin yalnız yarısı qədər kredit verilir. Bu əsasda da qeyd edirəm ki, biznes kreditinin 14 faiz olması reallığı əks etdirmir”.

V.Bayramovun fikrincə, ola bilsin ki, 2014-cü ildən başlayaraq istehlak kreditlərinin faiz dərəcəsində 5 faizə yaxın azalma müşahidə olunsun.

Leave A Comment