Büdcə defisitini necə “doldurmalı”?

Büdcə defisitini necə “doldurmalı”?

Ekspertlərin fikrincə, qiymət artımı büdcədə yaranan kəsiri aradan qaldırmağın yeganə çıxış yolu deyil

Azərbaycanda yanacağın bahalaşması ətrafında müzakirələr səngimək bilmir. Tarif Şurası dekabrın 2-də enerjidaşıyıcılarının qiymətini artırılmasına dair qərarın iqtisadi əsaslandırmasına çalışsa da, böyük əksəriyyət əsaslandırma üçün sadalanan arqumentləri yetərli saymırlar. Onların fikrincə, yanacağın qiymətində baş verən artımın kökündə büdcə defisitinin ödənilməsi zərurəti dayanır. Yəni, hökumət bu yolla gələn ilin büdcəsində proqnozlaşdırılan defisiti aradan qaldırmaq niyyətindədir

Xatırladaq ki, 2014-cü ilin dövlət büdcəsinin defisiti 1,679 milyard manat səviyyəsində proqnozlaşdırılıb. 2013-cü ilin proqnozları 691 milyon manat və 2012-ci ilin faktiki göstəricisi isə 135 milyon manat səviyyəsində olub.

Bəs, görəsən, tarifləri dövlət tərəfindən tənzimlənən məhsulların qiymətinin artırılması büdcə defisitinin aradan qaldırılması üçün çıxış yolu sayıla bilərmi? Ümumiyyətlə, hökumət büdcə defisitini həll etmək məqsədilə hansı addımlar atmalıdır?

Məsələni “Həftə içi”nə şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, bu illə müqayisədə gələn ilin büdcə sənədində neftin payı təxminən 10 faiz aşağı düşüb. Onun sözlərinə görə, əgər 2013-cü ilin büdcəsində neftin payı təqribən 75 faiz idisə, yeni büdcə sənədində bu pay 65 faizə bərabərdir: «Yeni büdcə sənədində qeyri-neft sektorunun payı təxminən 35 faizə yüksəlib. Buna uyğun olaraq isə büdcədə vergili daxilolmalarının payının təqribən 40 faiz artması proqnozlaşdırılır. Təbii ki, bu istiqamətdə proqnozlaşdırılan nəticələrin əldə olunması üçün tənzimlənən qiymətlərə baxılması və tariflərin artırılması labüd idi. Əgər tənzimlənən qiymətlərə baxılmasaydı,o zaman dövlət büdcəsində vergili daxilolmalarla bağlı proqnozları yerinə yetirmək mümkün olmayacaqdı. Yəni, bu addım hökumətin büdcədə vergili daxilolmalarla bağlı proqnozları tam şəkildə yerinə yetirməyə imkan verəcək».
Bununla belə, ekspert deyib ki, hökumət verigi daxilolmaları daha çox real sektor hesabına artırmağa cəhd göstərməlidir.

Vüqar Bayramovun fikrincə, vergi daxilolmaların birbaşa vergilər hesabına formalaşdırılması daha məqsədəuyğundur. Çünki praktiki olaraq tənzimlənən qiymətlərin artırılması o deməkdir ki, bu zaman istehlakçı daha çox vergi ödəyir: “Yəni, benzinin qiyməti yüksəlibsə, bu o deməkdir ki, ölkədə benzinin istehsalı deyil, sadəcə, qiyməti artıb. Bahalaşmış benzini istehlak edən vətəndaş isə məhz qiymət artımı nəticəsində daha çox vergi ödəmək məcburiyyətində qalır. Halbuki hökumət qeyri-neft sektorunda istehsalı artırmaq yolu ilə büdcədə vergi proqnozlarını yerinə yetirə bilər. Amma bunun üçün də xeyli zaman tələb olunur. Çünki 2014-cü ildə qısa müddət ərzində vergi daxilolmalarını sürətlə artırmaq mümkün deyil. Ona görə də hökumət büdcə defisitinin aradan qaldırılmasında əsas xətt kimi tənzimlənən qiymətlərin artırılması məsələsini götürdü».

İstehsal prosesi sürətləndirilməlidir ki…

Vüqar Bayramov onu da vurğulayıb ki, gələcəkdə büdcə defisitinin aradan qaldırılması üçün qeyri-neft sektorunda istehsal prosesini sürətləndirmək lazımdır. Onun sözlərinə görə, artıq ölkədə neftdən gələn gəlirlərin azalması müşahidə olunur. Məhz bu baxımdan gələn ildən başlayaraq ilbəil büdcəyə Dövlət Neft Fondundan transfertlərin həcmi azalacaq: “Biz artıq bunu 2014-cü ilin büdcə sənədində müşahidə etdik. İndi hökumətin əsas hədəfi qeyri-neft sektorunda istehsal prosesini sürətləndirmək olmalıdır. Yəni, iqtisadi cəhətdən rentabelli sayılan sahələrdə istehsal artırılmalı və bu istiqamətdə yeni imkanlar öyrənilməlidir. Əks təqdirdə, hökumət gələcəkdə büdcədə yanacaq kəsiri aradan qaldıra bilməyəcək».

Neft gəlirlərin aşağı düşməsi çətin vəziyyət yaradıb

Məsələyə münasibət açıqlayan Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev də hesab edir ki, ölkədə bidən-birə yanacağın bahalaşması gələn ilin büdcə zərfindən qaynaqlanan bir məsələdir. Onun sözlərinə görə, 2013-cü illə müqayisədə gəlin ilin dövlət büdcəsinin gəlirləri nisbətən azaldığından hökumət yeni mənbələr axtarmaq məcburiyyətindədir: «Burada söhbət ondan gedir ki, büdcənin gəlir hissəsi azaldığı üçün hökumət yeni bir mənbə əldə etmək üçün nə isə etməlidir. Təbii ki, indiyədək ümidimiz yalnız neftə olub. Çünki bizim dünya bazarlarına ixrac edəcəyimiz neftdən başqa hansısa əmtəəyə ümidimiz yoxdur. Əvvəllər biz neft məhsulunu kifayət qədər ixrac edirdik. Hətta vaxt var idi ki, neftdən təxminən 4 milyarda qədər gəlirimiz olub. İndi bu gəlirlər 1,5 milyarda düşüb. Gələn il isə gəlirimiz daha da azalacaq. Çünki neftə olan tələbat artır. İndi büdcədə 1,5 milyardlıq defisit yarananda bu defisiti qeyri-neft sektorunun hesabına doldurmaq mümkün olmadı. Ona görə, də hökumət ənənəvi yola əl atdı. Yenidən qiymət artımı ilə həmin defisiti bağlamağa çalışır. Bu addım isə büdcəyə təxminən 700-800 milyon manat əlavə gəlir formalaşdıracaq ”.

Ekspert bildirib ki, əslində büdcə defisitini aradan qaldırmaq üçün tənzimlənən qiymətlərə yenidən baxmaqdansa, qeyri-neft sektorunda istehsal prosesini sürətləndirməli idi. Onun fikrincə, Azərbaycanda xüsusilə aqrar sektrun inkişafı üçün əlverişli şərait mövcuddur: “Vaxtilə bizim bu sahədə elə məhsullarımız olub ki, dünya bazarlarında əl-əl axtarılıb. Düşünürəm ki, həmin sahələri inkişaf etdirməklə neftdən itirdiyimiz gəlirləri bərpa edə bilərik. O zaman büdcədə də kəsir problemi də yaşanmaz».

Sevinc

Leave A Comment