İqtisadçı: “Qiymət artımının digər sektorlara təsirinin azaldılması üçün fəaliyyət gücləndirilməlidir”

İqtisadçı: “Qiymət artımının digər sektorlara təsirinin azaldılması üçün fəaliyyət gücləndirilməlidir”

Hazırda ölkəmizdə müzakirə olunan ən ciddi məsələlərdən biri də bahalaşma ilə bağlıdır. Yanacağın qiymətinin artırılması ilə bağlı rəsmi verilən qərardan necə deyərlər, geriyə yol yoxdur. Əslində ilk baxışda məsələyə soyuqqanlı yanaşmaq olar, amma narahatlıq var ki, bahalaşma digər sahələrə də təsirsiz ötüşməyəcək. Təsadüfi deyil ki, artıq bir sıra məhsulların qiyməti satış obyektlərində artırılıb.

Bəs bahalaşma təhlükəsini dəf etmək mümkündürmü? Bunun üçün nələr edilməlidir? İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Tarif Şurasının benzinin qiymətini artırmaqla doğru, ya yanlış qərar qəbul etdiyini müzakirə etməkdən daha çox qiymət artımının digər sektorlara təsirlərinin minimuma salınması ilə bağlı müzakirələr aparılmalı və hökumətin bu sahədəki fəaliyyəti gücləndirilməlidir: “Əvvəla, İqtisadiyyat və Sənaye Nazirliyi birmənalı şəkildə süni qiymət artımlarına qarşı mübarizə aparmalıdır. Süni qiymət artımlarını həyata keçirən sahibkarlara qarşı ciddi cəza tədbirlərinin müəyyənləşdirilməsinə ehtiyac var.

İkincisi, aqrar sektorda xərc artımlarının qarşısının alınması üçün subsidiyaların məbləği artırılmalıdır. Adi kənd təsərrüfatı məhsulları istehsal edənlər üçün subsidiya məbləğini hər hektara 40 manatdan 60 manatadək, strateji məhsullar istehsal edən fermerlər üçün isə 80 manatdan 100 manatadək artırmaq yaxşı olar. Bununla son qiymət artımının aqrar sektora təsirini minimuma endirmək mümkündür”.

Üçüncüsü isə Vüqar Bayramov deyir ki, sahibkarlıq fəaliyyətinə yersiz və qanunsuz müdaxilələrin qarşısının alınması və eləcə də sahibkarlıq sektorunda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi vacibdir: “Qeyri-rəsmi xərclərin aradan qaldırılması sahibkarlara enerji məhsullarının qiymətinin artımından yaranacaq xərci kompensasiya etmək imkanı verəcək.

Dördüncüsü, ictimai nəqliyyat sektoruna xüsusi subsidiyaların ayrılmasına ehtiyac var. Son qiymət artımları ictimai nəqliyyatın rentabelli işləməsinə imkan verməyəcək. O baxımdan ya ictimai nəqliyyatda qiymət artımlarına gedilməlidir, ya da həmin sektora subsidiya verilməlidir. Subsidiyanın verilməsi daha məqsədəuyğundur”.

Beşinci təklif kimi isə iqtisadçı sahibkarlara güzəştli şərtlərlə yeni texnologiyanın ölkəyə gətirilməsinə və eləcə də idxalda bürokratik əngəllərin aradan qaldırılmasını irəli sürüb: “Avropa Birliyi ölkələrinin təcrübəsi göstərir ki, yeni və az yanacaq istifadə edən texnologiya xərclərə qənaət imkanı verir, bu da real sektorda istehsal edilən məhsulların qiymətini artmasının qarşısını alır. Nəhayət, ölkəyə idxal edilən avtomobillərin gömrük rəsmiləşdirməsinə yenidən baxılmasına ehtiyac var. Mühərriki kiçik olan avtomobillər üçün rüsumlar azaldılmalı, mühərrikinin gücü böyük olan avtomobillər üçün rüsumlar artırılmalıdır ki, çox yanacaq istifadə edən avtomobillərin idxalı azalsın”.

Kiçik avtomobillərə keçid başlayacaq?

Yeri gəlmişkən bu günlərdə “Zaman-Azərbaycan”da dərc edilən bir araşdırma yazıda bu mövzuya toxunulmuşdu. Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatı fakültəsinin dekanı, Baş Dövlət Yol Polisi İdarəsinin eksperti, texniki elmlər namizədi Sülhəddin Gözəlov bildirmişdi ki, bizdəki 1,2 milyon avtomobil İsveçrədəki 5,5 milyon avtomobildən çox yanacaq sərf edir: “1 milyon 200 min avtomobil Azərbaycanda var, 5,5 milyon İsveçrədə. Əhali sayı, ərazi baxımından müqayisə eləsək, İsveçrə və Azərbaycan haradasa bir-birinə yaxındır. Amma İsveçrədəki 5,5 milyon avtomobilin ziyanı da, enerji və maliyyə məsrəfləri də bizdəki 1,2 milyon avtomobildən azdır. Niyə? Ona görə ki, avtomobil nəqliyyatında energetik tutum deyilən bir şey var. Bizdəki avtomobillərdə bu yüksəkdir. Ölkəmizdəki 1,2 milyon avtomobilin yanacaq sərfiyyatını ortalama 3,5 litr götürəndə hər şey aydınlaşır. İsveçrədə isə 1,2 litrdir”. S. Gözəlov ölkəmizdə vətəndaşların daha çox iri avtomobillər almalarının qarşısını almaq üçün sərt tədbirlərin görülməsinin vacib olduğunu qeyd etmişdi: “Bizdə vəziyyət təxminən belədir; insanlar evdən çıxıb hətta ən qısa məsafələrə də 5,5 litr mühərrikli avtomobillə hərəkət edirlər. Üzr istəyirəm, kim icazə verib ki, 2 kilometrlik məsafəni 5,5 litrlik mühərriklə gedəsən, camaatın balasını, qocasını zəhərləyəsən. Biz bu barədə heyif ki, düşünmürük. Yanacaq vergi rüsumları tətbiq olunmalıdır. Elə vergi rüsumları tətbiq edilməlidir ki, insanlar 5,5 litrlik mühərriki olan avtomobillərdən 1 litrlik, 1,2 litrlik avtomobilə keçsinlər”.
Ekspert alternativ nəqliyyatdan istifadə məsələsinin də aktuallaşmasının vacibliyini də qeyd etmişdi: “Burada bir məsələ də var. Yəni əhalinin hamısını ittiham eləmək də doğru deyil. Az litrajlı, kiçik avtomobillərdən istifadə edənlərimiz də var. Reallıq ondan ibarətdir ki, həmin avtomobillər də küçələrimizdə həkərət edə bilmirlər, tıxacda qalırlar. İnsanlar üçün elə bir ictimai nəqliyyat təklif edilməlidir ki, onlar özləri könüllü şəkildə desinlər ki, şəxsi avtomobildən istifadə nəyimizə lazımdır, özümüzə niyə zülm edirik. Bunun üçün hər növdə komfortlu, iqtisadi cəhətdən əlverişli, rahat, təhlükəsiz ictimai nəqliyyat formalaşdırılmalıdır”.

Yeri gəlmişkən, bir məqamı da qeyd edək ki, artıq bahalaşmadan sonra şəhərin küçələrində avtomobillərin sayında cüzi də olsa, azalma müşahidə olunur.

“Süni qiymət artımı dövlətin ayrı-ayrı strukturları tərəfindən nəzarətdədir”

Dünən mövzu ilə bağlı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov açıqlamasında Tarif Şurası tərəfindən qiymətlərin artırılmasını tənzimləmə kimi qiymətləndirildiyini söyləyib: “Yanacağın qiyməti ilə bağlı olanlar isə sırf tənzimləmə məsələsidir. Buna baxmayaraq, sərnişin daşımalarında və digər nəqliyyat sistemində də qiymətlər artmayacaq. Yəni Tarif Şurasının bu qərarının vətəndaşa, insanlara heç bir ciddi təsiri olmayacaq”.
O deyib ki, bazarlarda baş verə biləcək süni qiymət artımı dövlətin ayrı-ayrı strukturları tərəfindən nəzarətdədir: “Büdcənin müzakirəsində də bildirildi ki, bu qiymət artımı müəyyən standartlara uyğunlaşdırılmalıdır. Çünki bizi əhatə edən dövlətlər, qurumlar var. Əgər biz öz bazarımızı qorumasaq, bizdə olan məhsullar tamamilə başqa yerlərə başqa qiymətlərlə daşınmağa başlanacaq”.
S. Novruzovun sözlərinə görə, əhalinin gəlirləri də dövlətin diqqət mərkəzindədir: “Prezidentin sərəncamları ilə mütəmadi olaraq müxtəlif peşə sahiblərinin əmək haqları artırılır”.
S. Novruzov sosial şəbəkələrdə qiymət artımı ilə bağlı şəhərin mərkəzində aksiyanın keçirilməsi, sosial narazılıqların ifadə olunması ilə bağlı çağırışlara da toxunub: “Azərbaycanda heç vaxt sosial partlayış, sosial narazılıq ola bilməz. Çünki Azərbaycan dövlət büdcəsi sosial yönümlüdür”.
İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı dekabrın 4-də açıqlama yayaraq Tarif Şurasının benzini bahalaşdırmasının heç bir iqtisadi əsası olmadığını vurğulayıb. Ekspert əlavə edib ki, son qiymət artımı gələn ilin sonuna qədər büdcəyə 600 milyon manatdan çox vəsait qazandıracaq.

Leave A Comment