Azərbaycanda qış soyğunu başladı

Azərbaycanda qış soyğunu başladı

ANS PRESS daxili turizm obyektlərində qiymətlərin həddən bahalı olmasının səbəblərini araşdırıb

Cavid küçəsində yerləşən turizm şirkətinin əməkdaşı qış tətilini Bakurianidə keçirməyi məsləhət görür: “Dekabrın 30-dan yanvarın 3-ə kimi, yəni 4 gecə 5 gün müddətinə sizi 340 manata yerləşdirə bilərəm. 3 nəfərlik otaqlarda qalacaqsınız. Qatarla gedəcəksiniz, bileti bir tərəfə 27-28 manata ala bilərsiniz. Amma istəsəniz biz sizi 100 manata gediş-gəliş bileti ilə də təmin edə bilərik, yəni 440 manata əla istirahət edərsiniz”,- deyə Nigar adlı xanım dekabrın 11-də ofisə müştəri kimi müraciət etmiş ANS PRESS əməkdaşına bildirir.

– Düzü, qatar yorucudur, həm də halal mətbəxi olan tur daha yaxşı olardı…
– O zaman İstanbulu seçin. Taksimdə 3 ulduzlu əla otel təklif edə bilərəm, bizim 4 ulduzlular səviyyəsində xidmət göstərir. İki nəfərlik otaqda qalacaqsınız, dekabrın 30-dan yanvarın 3-ə kimi adambaşına cəmi 270 manat ödəməlisiniz, transfer və otelə çatdırma xərcləri də bura daxildir. Yəni Bakurianidən xeyli ucuzdur. Amma təəssüflə deməliyəm ki, yol pulunu özünüz ödəməlisiz və indi təyyarə biletləri bahalaşıb, indi gediş-gəliş bletini 460 manatdan ucuz tapmaq olmur. 730 manata Yeni ili İstanbulda əla keçirə bilərsiniz.

– Bir az ucuz mümkün deyil? Yəni 200-300 manata… Düzü, buna imkanım çatır. Azərbaycan daxilində də olar…
– Azərbaycan daxilində heç cürə mümkün deyil, qiymətlər Avropa səviyyəsindədir. Məsələn, Qəbələdə dekabrın 30-dan yanvarın 3-ə kimi 3 gecəlik turu 666 manata təklif edirlər. Qusarda isə bundan xeyli bahadır. Yəni orta sinif üçün əlverişli deyil. Qiymətin baha olmasından əlavə, ora özünüz gedib çıxmalısınız, yəni qış vaxtı hərəkət edə biləcək güclü avtomobiliniz olmalıdır

ANS PRESS əməkdaşına deyilənləri Bakının istənilən turizm şirkətindən istənilən şəxs eşidə bilər. Bu, bir gerçəkdir ki, daxili bazardakı turizm obyektləri orta və yoxsul təbəqə üçün nəzərdə tutulmayıb. Və bunun nəticəsidir ki, müstəqil ekspert hesablamalarına görə, hər il 1 milyona yaxın azərbaycanlı turist Türkiyəyə, Gürcüstana və Avropa ölkələrinə üz tutur. Bu, hər il 300-400 milyon manat vəsaitin başqa ölkələrin turizm oyektlərinə keçməsi deməkdir.

Düzdür, bu məsələdə səyahət turizminin payı olsa da, insanların bir qismi sırf səyahət naminə ölkədən xaricə çıxsa da, əsas axın məhz istirahət üçün gedir. Bunu həmin axında Gürcüstana gedənlərin payının daha yüksək olması ilə də izah etmək olar. Yəni müvafiq infrastruktur və xidmət səviyyəsi olarsa, həmin turistlərin böyük qismini ölkədə saxlamaq mümkün olar və bu da yerli turizm sektorunun inkişafına təkan verə bilər. Bu həm də regionlarda əhalinin məşğulluğunun təmini edilməsi sarıdan müstəsna rol oynayardı, çünki turizm sektorunda iş yeri yaratmaq çox asandır – Beynəlxalq Turizm Təşkilatının (BTT) hesablamasına görə, turizm sektorunda 1 iş yerinin yaradılması sənaye ilə müqayisədə 20 dəfə ucuz başa gəlir. Həm də turizm sektorunun manipulyativ effeki yüksəkdir, bu sektorda yaranan 1 iş yeri 0,8-1,2 başqa iş yerinin yaranmasına təkan verir. Turizm sektorunun böhrana müqaviməti də yüksəkdir, Şərqi Avropa ölkələri böhrandan məhz turizmin hesabına çıxdılar. Göründüyü kimi, Azərbaycan neftdənkənar iqtisadiyyat sektorlarında inkişaf üçün malik olduğu bu potensialdan yararlana bilmir.

Məsələnin sosial tərəfi də var – Azərbaycan ailələrinin böyük əksəriyyəti turizm xidmətlərinlən kənarda qalır. Əgər müstəqil ekspertlərin dediyi doğrudursa və Azərbaycanda doğrudan da 1 milyon adam turist səfərlərinə çıxırsa, bu, orta hesabla 200 min ailə təsərrüfatı deməkdir. Statistik göstəricilərə görə isə Azərbaycanda 2 milyon ailə təsərrüfatı var. Yəni Azərbaycan ailələrinin yalnız 10 faizi turizm xidmətlərindən yararlanır və bu, inkişaf etmiş ölkələrin göstəriciləri ilə müqayisədə xeyli aşağıdır. BTT-nin göstəricilərinə görə, Avropa ölkələrinin ailə təsərrüfatlarında bu göstərici ölkəsindən asılı olaraq 40 faizdən 70 faizə qədər dəyişir. Qərbdə turizm xidmətlərindən kənarda yalnız ən yoxsullarla ən varlılar qalır – yoxsulların imkanı çatmır, varlıların isə ehtiyacı yoxdur, çünki turizm bölgələrində evləri var.

Azərbaycanda isə turizmdən yararlanan 10 faiz əsasən imkanlılardır. ANS PRESS-in araşdırmasına görə, hətta ən ucuz variant olan Gürcüstan istiqamətini də imkanı ortadan yuxarı olan ailələr seçir. Və onların əksəriyyəti xaricə gedib-gəlməyə imkan verən nisbətən bahalı avtomobillərə malik ailələrdir. Bu ailələr Batum, Bakuriani, Sxaltubo qiymətlərini Nabran, Qəbələ və ya Qusar qiymətləri ilə müqayisə edirlər və Gürcüstana getməyi daha uyğun sayırlır.

Amma Gürcüstana turist kimi səfər etməyin özünəməxsus təhlükələləri var: qonşu ölkədə ənənəvi olaraq kriminal təfəkkürlü insanlar daha çoxdur və hakimiyyət dəyişikliyindən sonra belə ünsürlər bir qədər fəallaşıblar, yeməklərin çoxu donuz ətindən hazırlanır, xidmət sektorunda ermənilər çox işləyir və s. Bütün bunlar Azərbaycan ailələrinin Gürcüstanın turizm sektoruna marağını xeyli azaldır. Yəni yerli iş adamları bu amildən yararlana bilərlər.

İqtisadçı ekspert, Avropa Birliyinin Şərq Tərəfdaşlığı layihəsinin Vətəndaş Cəmiyyəti Forumunun sədri Vüqar Bayramovun fikrincə, turist axınını Azərbaycanın obyektlərinə yönəltmək mümkündür: “Bunun üçün ölkədə ucuz otellər şəbəkəsi yaratmaq lazımdır. Azərbaycan insanı Avropada gecəsi 20-30 dollara xidmət göstərən otel və ya pansion tapa bildiyi halda, ölkə daxilində qiymətlər 100-150 manat ətrafında dəyişir”.

İqtisadçı ekspertin dedikləri əsassız deyil. Məsələn, Britaniya paytaxtı Londonda yaşayan 4 nəfərlik bir ailə həftə sonunu kurort şəhəri və Uelsin paytaxtı olan Kardifdə keçirmək istəyərsə, turizm şəhərciyində gecəsi 30 funt sterlinqdən (39 manat) mənzil kirayələyə bilər. Bütün şəraiti, mətbəx və yataq avadanlıqları, mebeli olan belə mənzillərdə adətən 2 otaq olur və 4-5 adam rahatlıqla yerləşə bilir. Şəhərin restoranlarında adambaşına 7-15 funt xərcləməklə keyfiyyətli qidalanmaq mümkündür, fast-fudlarda isə qiymət 5 funtu keçmir. Bir az erkən tərpənilsə, Londondan Kardifə avtobus biletini 5 funta da almaq olur. Şəhərin məşhur “Millenium” operasında həftə sonları dünya ulduzları çıxış edir və onların konsertinə hətta 10 funta bilet almaq mümkündür. Yəni 4 nəfərlik London ailəsi 300 funt sterlinq (təxminən 390 manat) xərcləməklə Kardifdə 2 gün 2 gecə çox gözəl istirahət edə bilər. Bu, ölkədəki minimum əmək haqqından 3 dəfə azdır. Məhz buna görədir ki, 200 min əhalisi olan Kardifə hər il 2 milyon turist gəlir və bunların əksəriyyəti Britaniya vətəndaşlarıdır. Yeri gəlmişkən, həmin məbləğə Azərbaycan ailəsi yerli obyektlərdə yalnız 1 gün istirahət edə bilər, təbii ki, yol xərci nəzərə alınmaza.

Vüqar Bayramov Azərbaycanda ucuz xidmət göstərən obyektlərin tikilməsi üçün xüsusi dövlət siyasətinin vacibliyini vurğulayır: “Hökumət turizm üzrə xüsusi proqram işləməlidir və ucuz xidmət göstərəcək otellərin tikintisini subsidiyalaşdırmalıdır. Turizm bölgələrinə axını təmin etmək üçün nəqliyyat və xidmət sektorlarında da subsidyalar tətbiq edilə bilər. Bu, sektorda rəqabət mühiti yaradar ki, bəzi otel və restoranlar öz inhisarçı mövqelərindən sui-istifadə etməzlər”.

İqtisadçı ekspertin fikrincə, yerli turizm bölgələrində qiymətlərin yüksək olması iş adamlarının peşəkarlığının aşağı olması ilə də bağlıdır: “İş adamlarının xüsusi biznes biliklərinə yiyələnməsinə ehtiyac var. Hazırda onlar yalnız mövsümdə pul qazanmağa çalışırlar, onlara bütün il boyu pul qazanmağın yolları öyrədilməli, xüsusi kurslar təşkil edilməlidir. Hökumət bu məsələyə də diqqət yetirməlidir”,- deyə Vüqar Bayramov vurğulayır.
Çingiz Rüstəmov

Leave A Comment