Nəqliyyat sistemini necə təkimilləşdirməli?

Nəqliyyat sistemini necə təkimilləşdirməli?

Fərhad Bayramov: “Şəhərdaxili nəqliyyatda kart sisteminin tətbiqi və sosial güzəştlərin tətbiqi zəruridir”

3 milyonluq əhalisi olan Bakı şəhərində əhaliyə xidmət göstərən nəqliyyat sistemində sərnişin məmnuniyətinin təmin edilməsi, istənilən şərtlər daxilində davamlı və uyğun qiymətlərlə sərnişinlərin daşınmasının həyata keçirilməsinin vacibliyi bu xidmət sektorunda hələ də görüləcək işlərin çox olduğundan xəbər verməkdədir. Eyni zamanda benzinin qiymətlərinin də artdığını və dünya bazarında enerji daşıyıcılarının qiymətlərində müşahidə edilən artımları da nəzərə alsaq “alternativ nəqliyyat” anlayışının gündəmə gəlməsini qaçılmaz edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı-tədqiqatçısı Fərhad Bayramov bildirib ki: “Havaların soyuması şəhərdaxili nəqliyyatda hələ görüləsi çox işlərin olduğunu göstərir. Qeyd etmək lazımdır ki, hal-hazırda xidmət göstərən avtobusların vaxtilə iri həcmli olmaları prinsipi ilə ölkəyə gətirilməsi təqdirə layiq hal olsa da lakin, onların əksər hissəsi özlərinin “iqtisadi ömrünü” artıq başa vurub. Hərçənd bir neçə illər də xidmət göstərmələri nəzərdə tutulsa da hər səfərdə normadan artıq sayda sərnişin daşınması onların ömrünü sürətlə azaltmaqdadır.

Fərhad Bayramov nəqliyyatda sərnişin daşınması ilə bağlı qiymətlərin səviyyəsinə də toxunaraq deyib ki, əslində ölkəmizdə tətbiq olunan qiymətlər yüksək deyil və “kart sistemi”-ə keçilməsinin zəruriliyini nəzərə aldıqda nəqliyyat sistemində əsaslı və keyfiyyətli dəyişikliklər mümkündür. Hətta yaxın gələcəkdə gediş haqqı artırılsa da belə xüsusi sosial təbəqələrə (məsələn, tələbələr, müəllimlər, xüsusi dövlət qayğısı ilə himayə olunan yaşlı və imkansız ailələrə) 70% – ə qədər güzəştlər tətbiq olunması arzu ediləndir. Eyni zamanda şəhid və milli qəhrəman ailələrinə nəqliyyatdan ödənişsiz istifadə imkanı təqdim edilə bilər. Aylıq abunə olanlara isə kiçik də olsa yenidən güzəşt tətbiq edilməsi də stimullaşdırıcı faktor ola bilər. Qeyd edək ki yuxarıda güzəştlərin təqdim oluna biləcəyi siyahı nisbidir və buraya əlavələr də edilə bilər. Dolayısı ilə bu sistemin plastik kartlarda proqramlaşdırılması da mümkündür. Bu isə sosial balansın qorunmasında yardımçı olacaqdır və eyni zamanda xidmət səviyyəsinin əsaslı şəkildə artırılması, şəffaflığın təmini vergidən yayınmaların qarşısının alınması və s. problemlərə mühüm həll yolu olacaqdır. Qısası qiymətlərin artırılması məqbuldur lakin, bunlar üçün əsaslı iqtisadi və sosial siyasət hazırlanmalıdır.

Fərhad Bayramov hesab edir ki, hal hazırda nəqliyyat sektorunda sahibkarlara imkan yaradılsa da, keyfiyyət baxımından bu siyasət özünü doğrultmamışdır. İctimai nəqliyyatı idarə edənlərin maaşlarını müəyyənləşdirməklə hər hansı sahibkarın “plan” tələbinin əksinə, sabit gəlir əldə edən sürücü daha diqqətli və məsuliyyətli olaraq nəqliyyat vasitəsini idarə edəcəkdir. Beləliklə həm təhlükəsizlik təmin edilmiş olar, qəzaların sayı xeyli azalar, həm də xidmət səviyyəsi yüksələr, dolayısı ilə sərnişin məmnuniyyəti də təmin ediləcəkdir.

Leave A Comment