Mənzillər gələn il daha böyük sürətlə bahalaşacaq

Mənzillər gələn il daha böyük sürətlə bahalaşacaq

Ölkədə sosial mənzil və sosial kirayə fondunun yaradılmasına ehtiyac kəskinləşir

Başa çatmaqda olan cari il ölkədə mənzil sahəsində sürətli bahalaşma ilə də yadda qaldı. Özü də mənzillərin qiyməti bu il ərzində kifayət qədər böyük sürətlə bahalaşma ilə xarakterizə edildi.

İndi əksər ekspertlər proqnozlaşdırır ki, daşınmaz əmlak bazarında yaşanan bahalaşma gələn il ərzində də davam edəcək. Məsələn, iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, 2013-cü ildə olduğu kimi, 2014-cü ildə də əmlak bazarında qiymətlərin qalxması proqnozlaşdırılır. Onun sözlərinə görə, bu sahədə qiymət artımlarının proqnozlaşdırılması yeni ildə kommersiya banklarının kreditləşməsinə 100 milyon manat vəsaitin ayrılacağı ilə əlaqədardır: “2014-cü ildə bütövlükdə ipoteka proqramı çərçivəsində əmlak bazarına böyük məbləğdə vəsait daxil olacaq. Əmlak bazarına yüklü vəsaitin daxil olması birmənalı şəkildə tələbatın artmasına gətirib çıxaracaq. 2014-cü ildə sosial ipotekanın həcmində dəyişiklik olacağı gözlənilmir. Lakin ipoteka proqramı çərçivəsində adi ipotekaların həcmində artımlar gözlənilir. Hesab edirəm ki, yeni ildə kommersiya banklarının kreditləşməsinə 100 milyon manat vəsait ayrılacaq. Bu baxımdan mənzillərin qiymətində artımların olacağı proqnozlaşdırılır. 2013-cü ildə mənzil bazarında qiymət artımları ikirəqəmli olaraq özünü göstərib, yəni 12 faiz artım olub. Bu isə 2014-cü ildə mənzil bazarında qiymət artımlarının 7-8 faiz olacağını deməyə əsas verir”.

İqtisadçı ekspert onu da qeyd edib ki, yeni ildə qiymət artımları olsa da, o qədərdə nəzərə çarpmayacaq: “Bu qiymətləri tənzimləmək və artımların qarşısını almaq üçün Azərbaycanda sosial mənzil və sosial kirayə fondunun yaradılmasına ehtiyac var. Bu fondların yaradılması və formalaşdırılması əmlak bazarına, o cümlədən mənzil bazarına yenilik gətirəcək”.

Beləliklə, gələn il ərzində də mənzillərin qiymət artımı qaçılmaz sayılır. Təbii ki, qiymət artımını şərtləndirən səbəb təkcə ipoteka kreditlərinin həcminin artması deyil. Araşdırmalar göstərir ki, daşınmaz əmlak bazarında pul kütləsinin təzyiqi qiymətlərin artımına səbəb olur. Həmçinin, insanların gəlirlərinin artması nəticəsində mənzil şəraitlərini daha da yaxşılaşdırma meylləri qiymət artımın atiəsirsiz ötüşmür. Ekspertlər hesab edir ki, qiymətlərin bahalaşmasının ikinci səbəbi mənzilə real ehtiyacı olan aztəminatlı ailələrin ikiotaqlı, sahəsi kiçik olan mənzillər tapa bilməməsidir. Əslində, bu gün daşınmaz əmlak bazarında kiçik sahəli mənzillərin qıtlığı hiss olunur. Son nəticədə 1-2 otaqlı mənzillərə daha çox ehtiyac olduğundan, yəni tələb artdığından bu seqmentdə mənzillərin qiyməti bahalaşır. Nəticədə bahalaşma bütün seqmentə təsirini göstərir. Mənzil bahalaşmasının üçüncü səbəbini dünyada gedən proseslərlə əlaqələndirən ekspertlərin sözlərinə görə, dünyanın inkişaf etməkdə olan ölkələrində mənzil sektorunda bahalaşmanın müşahidə edilməsi Azərbaycandan da yan keçmir. Bahalaşmaya təsir edən daha bir faktor son 3 ildə büdcədən maliyyələşən infrastruktur layihələrinə ayrılan pulda artımın müşahidə edilməsidir. Bu layihələrə ayrılan pulların bir hissəsi dolayı yolla daşınmaz əmlak bazarına axır. Bu da, öz növbəsində, sözügedən sahədə qiymət təzyiqinin yaranmasına səbəb olur. Son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsir nəticəsində yeni tikililərin sürətlə qiymət artımı müşahidə olunur. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin artımına gətirib çıxarıb. Araşdırmalar hazırda köhnə mənzillərin qiymətində də böyük artım olduğunu üzə çıxarır.

Hazırda, əvvəlki kimi, ən çox bahalaşma paytaxtın Xətai, Yasamal, Nizami və Nərimanov rayonlarında özünü göstərir. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından və ipoteka kreditlərinin aktivləşməsindən sonra bu rayonlara olan maraq da tədricən dərinləşir. Ümumilikdə, ipoteka prosesində əməliyyatların əsas çəkisi də məhz bu rayonların payına düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə yaxınlığı ilə də bağlıdır. Lakin son dövrlərdə, demək olar ki, bütün rayonlarda aktivliyin artımı ictimai nəqliyyatla tam təmin olunan, metro stansiyalarına yaxın ərazilərdə qiymətlərin daha kəskin artdığını göstərir.
Tahir TAĞIYEV

Leave A Comment