2014: iqtisadi və sosial vəziyyət necə olacaq? RƏY

2014: iqtisadi və sosial vəziyyət necə olacaq? RƏY

Vüqar Bayramov: “Hökumət əhalinin gəlirlərinin artırılmasına diqqət yetirməlidir”

Ötən il Azərbaycanın istehlak bazarında ciddi qiymət artımı baş qaldırdı. Bu tendensiya özünü ölkədə yanacağın qiymətinin artmasından sonra daha qabarıq büruzə verməyə başladı. İstehlak bazarında qiymətlərin daha da yüksəlməsi istisna deyil. Bəs vəziyyətin bu cür davam etməsi insanların sosial durumu üçün nələr vəd edir? Həmçinin bu il Azərbaycanda iqtisadi proqnozlar nədən ibarətdir?

İqtisadçı ekspert Vüqar Bayramov Hafta.az-a deyib ki, 2013-cü ilin dekabr ayından etibarən istehlak bazarında qiymət artımı daha qabarıq hiss olundu və tendensiya bu ilin ilk günlərində də müşahidə edilməkdədir. Onun sözlərinə görə, qiymət artımı ərzaq və kənd təsərrüfatı məhsulları ilə yanaşı, avtomobil və əmlak bazarında da özünü büruzə verib.

Ekspert hesab edir ki, ölkədə benzinin qiymətinin artmasından sonra istehlak bazarında təxminən 7 faiz bahalaşma baş verib. Əmlak bazarında qiymət artımının əvvəllər da oduğunu deyən V.Bayramov bu tendensiyanın indi də davam etdiyini söyləyib. O, yanvar ayında əmlak bazarında qiymətlərin nisbətən yüksəldiyini qeyd edib: “Son bir ayda əmlak bazarında qiymətlər bir faiz artıb. Bu bazarda illik qiymət artımı isə 12 faizi təşkil edib”.

Hömsöhbətimiz vurğulayır ki, ümumiyyətlə, qiymətlərin yüksəlməsi birbaşa əhalinin xərclərinin artmasına gətirib çıxarır ki, bu da ailə büdcəsinə mənfi təsir edir. Onun fikrincə, ölkədə yaşayış minimumuna, ehtiyac meyarına yenidən baxmağa zərurət yaranıb: “Çünki ehtiyac meyarı ünvanlı sosial yardımın məbləğinin müəyyənləşməsinə də təsir göstərir ki, bu da əhali üçün çox əhəmiyyətlidir. Eyni zamanda düşünürəm ki, hökumət əhalinin gəlirlərinin artırılmasına diqqət yetirməlidir”, – deyən V.Bayramov hesab edir ki, qiymət artımı davam edərsə və kommunal xərclərin qiyməti artırılarsa, bu, əhalinin xərclərinin 15 faiz artmasına gətib çıxara bilər.

V.Bayramov onu da deyib ki, qeyri-ərzaq, o cümlədən, geyim məhsullarının qiymətində stabillik müşahidə edilir.

O ki qaldı 2014-cü ilin iqtisadi proqnozlarına, ekspert deyib ki, hökumətin proqnozuna görə, bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 5, 2 faiz artacaq, qeyri-neft sektoru üzrə artım 10 faizdən çox olacaq. Eyni zamanda, ÜDM-də qeyr-neft sektorunun payı 62 faizə qədər yüksələcək: “Bizim proqnozlar hökumətin hesablamaları ilə üst-üstə düşməsə də, nikbinik. Belə ki, bu ilin iqtisadi göstəricilərinin müsbət olacağı qənaətindəyik. Ancaq 2014-cü ilin inflyasiya səviyyəsi ilə proqnozlar fəqrlidir. Məsələn, hökumətin proqnozuna görə, bu il inflyasiyanın səviyyəsi 4 faiz olacaq. Ancaq bizim proqnozumuza görə, bu göstərici 6 faizdən çox olacaq. Qeyri-neft sektoru ilə bağlı proqnozumuz da demək olar ki, üst-üstə düşür. Yəni biz də hesab edirik ki, bu göstərici ikirəqəmli olacaq. Ancaq 2014-cü ildə qeyri-neft sektorunda artımın olacağına baxmayaraq, neft sektorunda istehsalın azalacağı proqnozlaşdırılır. Bizim hesablamamıza görə, 2014-cü ildə neft istehsalı təxminən bir milyon tona yaxın aşağı düşəcək”, – deyən V.Bayramovun ümumi fikri belədir ki, 2014-cü ilin iqtisadiyyatı sabit olacaq və daha çox ÜDM-də qeyri-neft sektorunun payının artması kimi yadda qalacaq.

Atif Sarıxanlı, Hafta.az

Leave A Comment