ABŞ-la Azərbaycanın ƏDV razılaşması məqbul sayılır

ABŞ-la Azərbaycanın ƏDV razılaşması məqbul sayılır
Vüqar Bayramov: “Bu halda Azərbaycan qlobal iqtisadi məkana daha asan inteqrasiya olunar”

Xəbər verdiyimiz kimi, Azərbaycanda Vergilər Nazirliyilə görüşən Amerika Ticarət Palatasının nümayəndələri Ağ Sənəd deyilən təkliflər paketilə çıxış edib. Qurumun hazırladığı “Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr” adlı bu sənəddə ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının üzvü olan 230-dan çox şirkətin vergiqoyma, sığorta, maliyyə, bank işi və iqtisadiyyatın digər sahələri ilə bağlı rəy və təklifləri öz əksini tapıb.

Təkliflər arasında əlavə dəyər vergisi (ƏDV) deyilən vergi növünün əvəzlənməsi barədə səslənən fikir diqqətimizi daha çox cəlb edib. Təklif, söz yox ki, birinci növbədə Amerikadan olan və ölkəmizdə çalışan biznesmenlərin maraqlarına xidmət edir. Bu səbəbdən də ABŞ həmin təklifi gündəmə gətirib. Bu halda maraqlıdır, ƏDV-nin əvəzlənməsi nə deməkdir? Bu təklifi səsləndirməkdə sözügedən xarici qurumun marağı nədən ibarət ola bilər? Təklif reallaşsa ondan bizə nə kimi xeyir və ya ziyan gələr?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov: “Əlavə dəyər vergisinin əvəzlənməsi o anlama gəlir ki, Amerikanın hər hansı bir şirkəti öz ölkəsində ƏDV ödəyirsə, Azərbaycanda bunu ödəməsin. Yəni Amerikadan kimsə Azərbaycana mal gətirirsə və buna görə ABŞ-da olsa da ƏDV ödəyirsə, sonradan Azərbaycana gələndə bundan azad olsun. Bu, malın ƏDV-ə bir dəfə cəlb olunması deməkdir. Məhz bu proses ƏDV-nin əvəzlənməsi adlandırılır. Eyni zamanda, ƏDV Azərbaycanda ödənilirsə, bu hal ABŞ-da təkrarlanmasın. Amerika üçün bu amilin müəyyən üstünlüyü var. Çünki burada ƏDV yükü aşağıdır. ABŞ anqlo-sakson vergi sistemini tətbiq edən ölkədir. Bu sistemdə isə əlavə dəyər vergisi yoxdur, sadəcə olaraq satış vergisi mövcuddur. Satış vergisi də ştatlardan asılı olaraq dəyişir. Satış vergisinin ABŞ-da məbləği ştatlar üzrə 7-9 dərəcə arasında dəyişir. Bu baxımdan və Azərbaycanda ƏDV-nin 18 faiz olması səbəbindən həmin əvəzlənmənin olması ABŞ üçün məqbuldur. Bu da ABŞ-la Azərbaycan arasında xarici ticarətin dəstəklənməsinə xidmət edə bilər. Hazırda Azərbaycanla Rusiya və əksər MDB ölkələri arasında ƏDV-nin əvəzlənməsi sistemi tətbiq olunur. Bu baxımdan, güman edirəm ki, ABŞ-la münasibətdə də bunun qəbul edilməsi məqbuldur.

Çünki bütün hallarda ABŞ bizim əsas tərəfdaşlarımızdan biridir. Praktik olaraq ticarət dövriyyəsinə görə ABŞ Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır. Bu baxımdan da ƏDV-nin əvəzlənməsi prinsipinin qəbulu məqbuldur. ABŞ böyük ölkədir”. Ekspert bildirdi ki, sözügedən əvəzlənmədə ölkəmizin də xeyrinə olan məqamlar var: “Fikrimcə, ƏDV-nin əvəzlənməsi bizimlə ABŞ arasında ticarət dövriyyəsi həcminin artmasına gətirib çıxarar. Bu mənada bizim üçün müsbət əhəmiyyəti var.

Eyni zamanda, bunun əsas nəticəsi ondan ibarətdir ki, bu halda Azərbaycan qlobal iqtisadi məkana daha asan inteqrasiya oluna bilər. Güman olunur ki, sözügedən prinsip tətbiq edildikdən sonra həmin məqam əksər Avropa Birliyi ölkələrinə münasibətdə də tətbiq olunacaq”.

Beləliklə, ekspert ƏDV-nin əvəzlənməsinin hər iki ölkə üçün uğurlu olacağı qənaətindədir. Onun fikrincə, Azərbaycan üçün bu, dünya iqtisadi məkanına daha asan inteqrasiya olmaq və ABŞ-la ticari əlaqələrin yüksəlməsi baxımından əhəmiyyətlidir.

Leave A Comment