«İli köhnə olan avtomobilləri dövlət alsın»

«İli köhnə olan avtomobilləri dövlət alsın»

Vüqar Bayramov: «Həm qəzaların sayı, həm də ekologiyanın çirklənməsi azalar»

Bu il Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılacaq. Dövlət başçısının tapşırığına əsasən, müvafiq qurumlar bununla bağlı tədbirlər planı hazırlayırlar. Hesablamalara görə, dünyada ekologiyanın ümumi çirklənməsinin 70-80 faizi nəqliyyatın payına düşür. ir. Bu problem Azərbaycanda da aktualdır. Nazirlər Kabinetinin son iclasında problemin dövlət başçısı səviyyəsində gündəmə gətirilməsi təsadüfi deyildi.
Hazırda ölkəmizdə avtomobillərin sayı 1 milyon 176 minə yaxındır. Ekoloqlar deyir ki, ətraf mühitin çirklənməsində hərəkətli nəqliyyat vasitələri önəmli rol oynayır. Və hesablamalar göstərir ki, ətraf mühitin hərəkətli nəqliyyat vasitələri tərəfindən çirklənməsi 76 faiz təşkil edir. Bu isə praktik olaraq təbii mühitin çirklənməsi, dağıdılması, atmosferin, torpaq resurslarının və su hövzələrinin sıradan çıxması deməkdir. Nəticə etibarı ilə təbiətin özünü bərpa etmə balansı pozulur.

Problemin həll yollarından birini Azərbaycanda köhnə avtomobillərin utilizasiyasında görən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, bunun üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır.

Şöbə rəisi hesab edir ki, Azərbaycanda nəqliyyat parkının yenilənməsi vacibdir. Onun sözlərinə görə Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının, eləcə də havanın çirklənməsinin qarşısını almaq məqsədi ilə istismar müddəti bitmiş avtomobillərin istifadəsinin qadağan edilməsi üçün müvafiq qanunvericilik bazası yoxdur: «Azərbaycanda köhnə avtomobillər utilizasiya edilməlidir. İnsan ölümü ilə nəticələnən qəzaların əksəriyyəti məhz istismar müddəti bitmiş köhnə avtomobillərin iştirakı ilə baş verir. Bu gün yol polisi köhnə avtomobillərin istismarını qadağan edə bilmir. Onlar mexaniki cəhətdən saz olsalar da, avtomobilin köhnəlməsi, onun metalının zərbəyə davamlı olmaması qəza zamanı ölümü qaçılmaz edir. Təhlükəsizlik elementləri daha az olduğundan həmin avtomobillərin zərbəyə dözümü yoxdur və bu da qəzalarda insan ölümünün daha çox olmasına səbəb olur. Bunu müəyyən edən ölçü cihazının, qurğuların yoxluğu səbəbindən isə biz onların hərəkətini qadağan edə bilmirik. Qanunvericilikdə də heç bir müddəa yoxdur ki, məsələn, istismar müddəti 30 və ya 40 ildən yuxarı olan avtomobillərin istismarı qadağan olunsun. Bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır».

K.Əliyev qeyd edir ki, hələlik ölkəyə idxal olunan nəqliyyat vasitələrinin Avro-3 standartlarına cavab verməsi ilə bağlı tələblər qoyulub. Ölkə daxilində istismar olunan nəqliyyat vasitələri ilə bağlı hər hansı qərar qəbul olunarsa, yol polisi ona uyğun hərəkət edəcək: «Ekoloji Nəzarət Yol Patrul Xidməti Bölüyü tərəfindən bu cür nəqliyyat vasitələrinin aşkarlanaraq qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür. Bu istiqamətdə nəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçirilməsi şərtlərinin sərtləşdirilməsi də istisna edilmir».

Bəs sual oluna bilər ki, ölkə daxilində istismarda olan və avro standartlara cavab verməyən avtomobillərin yığışdırılması zamanı hansı mexanizm tətbiq edilsə, həm bu proses asan və sürətli baş verər, həm də köhnə avtomobillərin sahibi dövlətdən narazı qalmaz?

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, ili köhnə olan avtomobillər vətəndaşlardan dövlət tərəfindən alınsa, hər iki tərəf bundan razı qalar. İqtisadçının fikrincə, standartlara cavab verməyən avtomobillərin dövriyyədən çıxarılması mərhələli şəkildə həyata keçirilməlidir: «Birinci növbədə ilk 3 il ərzində 1990-cı ilə qədər istehsal olunmuş avtomobillər dövlət tərəfindən kompensasiya ödənərək alına bilər. Bu tip avtomobillərin qiymətinin kifayət qədər ucuz olması dövlət büdcəsinə də elə də ciddi təsir göstərməyəcək. Daha sonra isə 1995-ci ilə kimi istehsal olunmuş nəqliyyat vasitələrinin dövlət tərəfindən alınaraq dövriyyədən çıxmasına nail olmaq mümkündür».

Müsahibimiz qeyd edir ki, ölkədə yol nəqliyyat qəzalarının 70-75 faizi məhz ili köhnə avtomobillərin payına düşür: «Əsas problem ondadır ki, ölkəyə gətirilən avtomobillərin yarıdan çoxu paytaxtın payına düşür. Bu da öz növbəsində tıxacların yaranmasına və ekoloji cəhətdən problemlərin yaranmasına gətirib çıxarır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, hazırda ölkədəki avtomobillərin 20 faizi heç bir standara cavab vermir. Yerdə qalan 40 faizi avro 1 standartına, 30 faizi isə avro-2 və avro-3 standartlarının payına düşür. Avro-5 standartına uyğun avtomobillər isə ümumi bazarın 10 faizni təşkil edir».
Məlumat üçün qeyd edək ki, ili köhnə olan avtomobillərin dövlət tərəfindən alınması təcrübəsi Rusiyada tətbiq olunub. Rusiyada 2005-ci ildə avro standartları tətbiq olunan zaman hökumət bu standarta cavab verməyən avtomobillərin əvəzində aşağı faiz kreditlə müasir avtomobillər təklif etmiş və avtomobil sahibləri bundan razı qalmışlar.

Əfsun

Leave A Comment