“Sənaye ili” barədə nikbin proqnozlar verməyə tələsmir

Təhlilçilər “Sənaye ili” barədə nikbin proqnozlar verməyə tələsmir

Prezident İlham Əliyev son on ildə sənaye məhsulları istehsalının həcminin 2,7 dəfə artdığını qeyd edib.

Azərbaycanda 2014-cü ilin “Sənaye ili” elan olunmasına təhlilçilər bu sahədə “kifayət qədər” mövcud problemlər kontekstindən nəzər yetirir.
BBC Azərbaycancaya danışan ekspertlər iqtisadiyyatın bu sahəsinin inkişafının heç də bir ilə həll ediləcək məsələ olmadığı qənaətindədir.
Hərçənd ki, rəsmilər Azərbaycanın sənaye sahəsində “böyük uğurlar” qazandığını bildirir.

Prezident İlham Əliyev son on ildə Azərbaycanda sənaye məhsulları istehsalının həcminin 2,7 dəfə artdığını qeyd edib.
Dövlət başçısı yanvarın 9-da Nazirlər Kabinetinin iclasında 2014-cü ilin “Sənaye ili” olmasını elan edib və ertəsi gün müvafiq sərəncam imzalayıb.
Sərəncamda sənayenin inkişafı ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyindən bir ay ərzində təkliflərinin və Nazirlər Kabinetindən “2015-2020-ci illər üçün Dövlət Proqramı” layihəsinin üç ay müddətində hazırlanaraq ölkə başçısına təqdim edilməsinə dair tapşırıqlar verilib.

Siyasi mesaj

İqtisadçı Vüqar Bayramov deyib ki, ötən ilin sonunda “İqtisadi İnkişaf Nazirliyi”nin adının “İqtisadiyyat və Sənaye Nazirliyi”nə dəyişdirilməsi bu ilin “Sənaye ili” olacağına mesaj olub.

“Bu bir siyasi mesaj idi ki, ölkədə iqtisadiyyat inkişaf dövrünü sona çatdırır və sənaye inkişafı başlayır”, cənab Bayramov BBC Azərbaycancaya bildirib.
O proznozlaşdırır ki, 2014-cü ildə iqtisadiyyatın şaxələnməsi və ağırlığın sənayeyə verilməsi nəticəsində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 62 faizə yüksələcək.

Eyni zamanda, cənab Bayramov, ilk dəfə olaraq son 10 ildə qeyri-neft sektorunun payının ümumi daxili məhsulda 60 faizi keçəcəyini qeyd edib.
Qeyri-neft sektorunun büdcə gəlirlərinin 35 faizini təşkil edəcəyini deyən ekspertin sözlərinə görə, bu il qeyri-neft sektoru təkcə daxili investisiya hesabına deyil, xarici investisiya hesabına inkişaf etməlidir.

Sənayenin inkişafına maneələrdən danışan cənab Bayramov Azərbaycan regionlarında xüsusi iqtisadi zonaların yaradılmasının zəruri olduğunu bildirib.
“Çünki bu regionların inkişafı və investisiyanın cəlb edilməsi üçün olduqca əhəmiyyətlidir. Azərbaycan bu prosesi tamamlamağa çalışmalıdır”, o deyib.
Texnoparkların vergidən azad edildiyini bildirən iqtisadçı deyib ki, dövlət bu parkların bölgələrdə formalaşdırmasına və xarici investisiyaların cəlb edilməsinə çalışmalıdır.

Sənaye ilində texnikanın inkişafının önəmindən danışan ekspert, elektron hökümət proqramına uyğun olaraq, bu il bütün xidmətlərin elektronlaşması ilə korrupsiya hallarının qarşısını almağın mümkün olacağını qeyd edib.

Amma o vurğulayıb ki, sənaye ilində dövlətin “əsas” investor kimi çıxış etməsi iqtisadi baxımından arzuolunan deyil.

İqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya deyib ki, ölkədə “Sənaye il”i elan olunmazdan öncə buna hazırlaşmaq lazımdır.
“İlin əvvəlində elan olunandan sonra prezident Nazirlər Kabinetinə 3 ay müddətində təklifləri hazırlamağı tapşırıb. Təkliflərin müzakirə olunub qəbulu may ayına bitə bilər. Yerdə qalan 6 aya sənayeni necə inkişaf etdirmək olar?”, ekspert bildirib.

Korrupsiya amili

Cənab Cəfərli deyib ki, Azərbaycanda sənayenin inkişafına mane olan amillər içərisində birinci yeri “total inhisarçılıq” tutur.
“Bu, biznesin və sənayenin inkişafına mane olur və qoyulan investisiyaların 80 faizindən çoxunun dövlətin olduğunu nəzərə alsaq, bu investisiyaların gələcəkdə xeyir gətirməyəcəyini artıq indidən demək olar”, iqtisadçı əlavə edib.

Korrupsiyanın sənayenin inkişafını axsadan amil olduğunu deyən cənab Cəfərlinin fikrincə, azad və ədalətli məhkəmə sisteminin olmaması bu sahəyə daxildən və xaricdən investisiya qoymaq istəyənlərin qarşısını kəsir.

Milli Məclisdə “Rəqabət haqqında” qanunun 8 ildir müzakirəyə çıxarılmadığına toxunan iqtisadçı deyib ki, vergidə və gömrükdə kiçik problemlər olsa da, əsas məsələ qanunların işləməməsidir.

“Bu qanunların işləməsi və biznes üçün çətinliklərin aradan qaldırılması üçün siyasi iradə lazımdır. Hökümət ölkəyə orta və uzunmüddətli investisiyaların qoyulmasına şərait yaradarsa, qısa müddət ərzində neft-kimya sənayesi sahəsində inkişaf əldə etmək mümkündür”, ekspert bildirib.
Cənab Cəfərli deyib ki, aqrar sektorun inkişafı üçün ölkənin imkanları kifayət qədərdir.

Leave A Comment