Başından qızıl tökülən ölkə

Başından qızıl tökülən ölkə

Vüqar Bayramov: “Dövlət Xidmətinin apardığı yoxlamalar saxta qızıl problemini həll etmir”

Azərbaycanda qızıl hasilatına təxminən 5 il bundan əvvəl başlanılıb. Böyük Britaniyanın “Anglo-Asian Mining plc” şirkəti “Gədəbəy” yatağı da daxil olmaqla, Azərbaycanın 6 qızıl yatağının işlənməsini həyata keçirir.

Artıq “Gədəbəy” yatağının istismarı nəticəsində əmtəəlik qızıl əldə edilib və bu qızıl “Ayrım” brendi ilə beynəlxalq bazara ixrac edilir. Şirkət “Gədəbəy” yatağında qızıl hasilatı üzrə layihədə 51 faiz, Azərbaycan tərəfi isə 49 faiz paya sahibdir.

Hazırda ən perspektivli Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatı olduğu güman edilir. Əgər gümüş və misi nəzərə almasaq, Gədəbəy yatağından təkcə qızıla görə 710 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Hazırda dünya bazarında bir unsiya qızıl təqribən 1251 dollaradır.

Sonuncu məlumata görə, bu yatağın şimal hissəsində 3000 metr dərinlikdə aparılan qazıntı işləri nəticəsində yeni qızıl ehtiyatları aşkarlanıb. Şirkətin icraçı direktoru Rza Vəziri bununla bağlı bildirib ki, aşkarlanmış ehtiyatlar “Gədəbəy”in daha geniş minerallaşma sisteminin bir parçası olduğu nəzəriyyəsini təsdiqləyir.

Yeni mədənin qızıl tərkibinin yoxlanılması üçün gələn ay daha iki quyunun qazılması planlaşdırılır: “Aşkar edilmiş ehtiyatların tam həcmi bəlli olmasa da, 2014-cü ildə həyata keçiriləcək tədqiqat işləri “Gədəbəy”də əlavə ehtiyatların həcmini müəyyənləşdirəcək”.

Hazırda ölkə ərazisində onlarla qızıl yatağı işlənməkdədir və getdikcə istehsal artırılır. Qızıl zavodunda emal olunan xammal sonradan İsveçə göndərilir, orada təkrar emalla külçə formasına salınaraq Avropa bazarlarına çıxarılır.

Kimin qızılı çoxdur?

Qızıl bütün dövrlərdə ən etibarlı yatırım vasitəsi olaraq investorların diqqətini cəlb edib. Qiymətində sürətli qalxma və enmələr müşahidə olunsa da, bu dəyərli metal həm yatırım vasitəsi, həm də sərfəli daşınan əmlak olaraq öz etibarlılığını qoruyub saxlaya bilib. Elə bu səbəbdəndir ki, bir çox ölkələr dünyanın ən çox qızıl ehtiyatlarına malik olan ölkələri sırasına daxil olmağa can atır.

Bu təbii ehtiyatın ən çox olduğu 10 ölkənin adı belə sıralanır. Siyahıya görə, dünyada ən çox qızıl ehtiyatlarına malik ölkə ABŞ-dır. Bu ölkənin qızıl ehtiyatları 8,133.5 ton miqdarındadır. İkinci yerdə ABŞ-dan 2 dəfədən az ehtiyata sahib Almaniya dayanır. Bu ölkənin qızıl ehtiyatları 3,387.1 ton hesablanır.

Siyahıda üçüncü ölkə olan İtaliyanın isə qızıl ehtiyatları 2,451.8 ton həcmindədir. Fransanın qızıl ehtiyatlarının 2,435.4 ton həcmində olduğu bildirilir. Ən çox qızıl ehtiyatlarına malik beşinci ölkə isə Çindir. Bu ölkənin qızıl ehtiyatları 1,054.1 ton təşkil edir. Növbəti ölkə İsveçrənin qızıl ehtiyatları 1,040.1 ton hesab olunur.

Ən çox qızıl ehtiyatlarına malik ölkələr arasında yer alan Rusiyanın isə ehtiyatları 1,015.1 ton təşkil edir. Yaponiyanın qızıl ehtiyatları 765.2 ton qiymətləndirilir. Növbəti ölkələr isə 612.5 tonla Hollandiya və 557.7 ton ehtiyatla Hindistandır.

“Gold Standart İnstitute”nin məlumatına görə, dünyada qızıl ehtiyatları 2,5 milyon tondur. Amma onlar da etiraf edirlər ki, bunun birbaşa sübutu yoxdur. Nəticə belə alınır ki, dünyada nə qədər qızıl ehtiyatının olduğunu heç kəs dəqiq söyləyə bilməz.

Qızılı dəyərli edən faktor

Azərbaycan qızıl hasil edən ölkədir, çıxarılan qızıl xaricdə emal edilir. Qızıl kütlə olaraq ölkəmizə gətirilir və burada məmulat formasına salınır. Ölkəyə qızıl əsasən Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən gətirilir.

Hazırda dünya bazarında 1 qram qızıl 41 dollara təklif edilir. Onun qiyməti dünya bazarında son 1 ildə 20, son yarım ildə isə 24 faiz aşağı düşüb. Amma Azərbaycan bazarında qızılın qiyməti son 1 ildə cəmi 6 faizə yaxın aşağı düşüb.

Tarixi və mental faktorları nəzərə alsaq, qızıl Azərbaycanda hələ də əsas yığım vasitəsidir və bu tələbin qorunub saxlanmasına xidmət edir. Mütəxəssislər hesab edirlər ki, qızıla vəsait qoymaq gəlirlilik baxımından daşınmaz əmlaka vəsait yatırmaqdan daha riskli olsa da, başqa nüanslar qızılı daha etibarlı edir. Yəni qızıldan fərqli olaraq, daşınmaz əmlakın qiymətində kəskin düşmə və yüksəliş baş vermir.

Daşınmaz əmlakın qiyməti tədricən dəyişir. Bu da investoru ani zərərdən sığortalayır. Eyni zamanda qızıldan fərqli olaraq, daşınmaz əmlakı kirayəyə verməklə əlavə qazanc əldə etmək imkanı üstünlük kimi qiymətləndirilir.

Qızılın əsas üstünlüklərinə gəldikdə, bu qiymətli metalı daşınmaz əmlakdan fərqli olaraq, daha tez pula çevirmək olur. Yəni qızılı qısa müddət ərzində alıb-satmaq mümkün olduğu üçün qiymət dəyişmələrindən maksimum faydalanmaq mümkündür. Mütəxəssislər onu da qeyd edirlər ki, təbii fəlakətlər, qəzalar, yanğınlar və bu kimi digər hallarda qızıl daşınmaz əmlakdan daha etibarlıdır. Bu isə qızılı daha etibarlı aktiv etməkdə ciddi rol oynayır.

Daxili bazarın “saxta qızıl” bəlası

Məlum faktdır ki, daxili bazar “saxta qızıl” problemindən əziyyət çəkir. Ölkənin qızıl bazarında monitorinq keçirmək səlahiyyəti Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətindədir. Qurum isə faktiki olaraq satılan zərgərlik məmulatının hamısını əyar yoxlamasından keçirə bilmir. Nəticədə minlərlə alıcı aldadılır və sonra dəyən zərəri onlara heç kim ödəmir.

Qurumun rəsmi məlumatına görə, ötən il dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən məmulatların istehlakçılara təklif edilməsi faktlarına daha çox rast gəlinib. Alıcılara təklif edilən həmin zərgərlik məmulatlarının 46 faizinin əyarlılıq dərəcəsinin məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib. Saxta qızıl və əyarı düzgün qeyd olunmayan məmulatların daha çox kiçik sahibkarlıq subyektlərində aşkarlandığı deyilir. Damğalanma prosesi də məhz belə sexlərdə aparılır.

Yeri gəlmişkən, Dövlət Xidmətinin damğaladığı zinət əşyalarının üzərində aypara və səkkizguşəli ulduz həkk olunur. Əksər insanlar bundan xəbərsiz olduqlarını deyirlər və üzərində bu cür möhür olan məmulata rast gəlmədiklərini bildirirlər.

Zinət əşyaları üçün əyar damğalarına gəlincə, bunlar 375, 500, 583, 585, 750 və 958-dir. Ancaq əhali arasında tələbat daha çox 585 və 750 əyarlı qızıldan hazırlanmış məmulatlaradır.

Ya nəzarət gücləndirilməli, ya da qanunvericilik dəyişməlidir

Hazırda ölkədə qızıl istehsal edən 170-dən artıq müəssisə qeydiyyatdan keçib, yüzlərlə belə sexin isə qeyri-rəsmi fəaliyyət göstərdiyi bildirilir. Lisenziyasız fəaliyyət göstərən satış məntəqələrinin sayının çox olması saxta qızıl probleminin həllini qeyri-mümkün edir.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, bu səbəbdən bazarda olan saxta qızılların bir qismi aşkar edilsə də, böyük bir hissəsi aşkar olunmamış qalır: “Təkcə ötən il ərzində 15 mindən artıq damğası olmayan məhsul aşkar edilib. İl ərzində 100-ə yaxın qızıl satışı ilə məşğul olan sahibkarın lisenziyası ləğv olunub. Amma bunlar saxta qızıl problemini həll etmir. Bütün hallarda Dövlət Xidməti saxta qızılların satışdan yığışdırılması üçün mübarizəni gücləndirməlidir. Məsələn, ölkədə qızıl satışı ilə mərkəzləşdirilmiş qaydada məşğul olan satılan mərkəzlər elə də çox deyil. Həmin mərkəzlərdə xüsusi yoxlama məntəqələri yaratmaqla problemi həll etmək olar”.

Ekspert bunun həm də Nazirlər Kabinetinin məlum qərarına da zidd olmadan problemin həllini asanlaşdıracağını deyir: “Ölkə qanunvericiliyi əsasında Nazirlər Kabinetinin müəyyənləşdirdiyi siyahıya görə, qızıl və qızıl məmulatları alındıqdan sonra geri qaytarıla bilməz. Düşünürəm ki, bu qərarın dəyişdirilməsinə ehtiyac var. Çünki bu, alıcıların istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Satıcı bilir ki, mal keyfiyyətsiz olsa belə, alıcının onu qaytarmaq imkanı yoxdur. Satış mərkəzlərində yoxlama məntəqələri yaratmaqla həm də məhsulunu etibarlılığını təmin etmək olar”.

Vüqar Bayramovun sözlərinə görə, bəzi hallarda xidmət əməkdaşları sahibkarlardan qeyri-rəsmi ödəniş almaqla məhsulu yoxlamadan əyar damğası vururlar. Bu zaman xidmət əməkdaşlarının da üzərinə böyük məsuliyyət düşür. Odur ki, birmənalı şəkildə cəza tədbirləri gücləndirilməli, ya da qanunvericiliyə dəyişikllik edilməlidir.

“Reydlərin arxasında pul dayanır”

Zərgər Seyfəddin Quliyev Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin keçirdiyi yoxlamaların saxta qızılları ayırd etmək məqsədi daşımadığını deyir. Baxmayaraq ki, qurum üzərində onlara məxsus damğa olmayan məhsulların saxtalığı barədə dəfələrlə açıqlama verib: “Onların apardığı reydlərin arxasında pul dayanır. Milli əyarın vurulması üçün hər məmulata görə 10 manat alırlar. Lakin 2 manata rəsmiləşdirirlər. Mən uşaq sırğasını 10 manata alıram. 10 manat da dövlət əyarı üçün verirəm. Bəs onda özümə nə qalsın? Burada dövlət vergisindən də yayınma var. Əgər kimsə bu pulu verməkdən imtina edirsə, onun satdığı qızıl “saxta” hesab olunur”.

Zərgər deyir ki, Azərbaycanda satılan qızıl məmulatlarının əksəriyyəti xaricdən idxal olunur. Həmin məmulatların hamısına gətirildiyi ölkənin əyarı vurulub. Lakin Əyar Palatası milli əyardan başqa heç bir əyarı qəbul etmir: “Əgər qızıl saxtadırsa, onda idxalına niyə qadağa qoymurlar?”

Seyfəddin Quliyevin sözlərinə görə, alıcılar aldanmamaq üçün qızıl alarkən ilk növbədə onun əyarına baxmalıdırlar: “Yüksək əyarlı qızılların tərkibində təmiz qızıl çoxdur. Ən yaxşı qızıl əyarı 750-dir. Bu, o deməkdir ki, aldığınız məmulatın 75 faizi təmiz qızıldır. Qızılda brilliant daş da əsasdır. İlk növbədə daş ağ və təmiz olmalıdır. Daşın zərində heç bir ləkə olmamalı, sarımtıl rəngə çalmamalıdır”.

Mal alarkən sertifikat tələb olunmasına gəlincə, zərgər bildirdi ki, saxta mala da sertifikat düzəltmək çox asandır: “Sertifikat düzəldən aparatlar 500-1000 manatdır”.

Leave A Comment