186 ölkə arasında 81-ci…

186 ölkə arasında 81-ci…

Azərbaycan İqtisadi Azadlıq İndeksində son 7 ildə 26 pillə irəliləyib

“Heritage” Fondu (“Heritage Foundation”) 2014-ci il üzrə İqtisadi Azadlıq İndeksini (Index of Economic Freedom) açıqlayıb. Fondun hesabatına görə, Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə 100 mümkün baldan 61,3-ni toplayaraq 186 ölkə arasında 81-ci yerə yüksəlib.

Azərbaycan 2008-ci ildə 107-ci, 2009-cu ildə 99-cu, 2010-cu ildə 96-cı, 2011-ci ildə 92-ci, 2012-ci ildə 91-ci, 2013-cü ildə isə 87-ci yeri tutmuşdu. Bu il isə Azərbaycan mövqeyini daha 6 pillə möhkəmlədib. Bir sözlə, ölkəmiz son 7 ildə 26 pillə irəliləyib. Diqqəti çəkən digər məqam Azərbaycanın “əsasən qeyri-azad ölkələr” səviyyəsindən “orta azad ölkələr” səviyyəsinə qalxmasıdır. Azərbaycanın 2014-cü il üzrə indeksinin yaxşılaşması dövlət maliyyəsi və mülkiyyət hüquqları üzrə balının artması ilə bağlıdır.

“Heritage” Fondu İqtisadi Azadlıq İndeksini “Wall Street Cournal” ilə birgə hazırlayır. Hesabatda Azərbaycana yaxın ölkələrdən Gürcüstan 22-ci, Ermənistan 41-ci, Qazaxıstan 67-ci, Rusiya 140-cı, İran 173-cü yerdə qərarlaşıb.

1995-ci ildə yaradılan İqtisadi Azadlıq İndeksi qanun aliliyi, tənzimləmənin effektivliyi, hökumətin məhdud müdaxiləsi və açıq bazar sahələrində iqtisadi azadlığı müəyyən edir. 178 ölkənin hər birində bu sahələr üzrə iqtisadi azadlığın orta qiyməti çıxarılır. 80 baldan çox yığan iqtisadi azad ölkədir. 70-79,9 arası bal toplayan “əsasən azad”, 60-69,9 arası bal toplayan “orta hesabla azad”, 50-59,9 arası bal toplayan “əsasən qeyri-azad” ölkə hesab olunur. 50 baldan az toplayan ölkə isə iqtisadi azadlııq sıxışdırılan ölkədir. Dünyada iqtisadi azadlığın ən çox olduğu yer Honq Konqdur – 90 bal. İkinci yerdə Sinqapur gəlir – 89 bal. 3-cü yerdəki Avstraliya 82 balla dünyanın iki liderindən xeyli geridədir.

İqtisadçı Samir Əliyev bildirir ki, İqtisadi Azadlıq İndeksi 10 komponent əsasında tərtib edilir. Bu komponentlərə biznes, ticarət, fiskal, hökumət xərcləri, monetar, investisiya, maliyyə, mülkiyyət hüquqları, korrupsiyadan azadolma və əmək azadlıqları daxildir. Bu komponentlərin hər biri ayrı-ayrılıqda 100 ballıq şkala ilə qiymətləndirilir.

Azərbaycan əmək azadlığı (77,9 bal), fiskal azadlıq (88,1 bal), monetar azadlıq (78,8 bal), ticarət azadlığı (77,2 bal), biznes azadlığı (73,5 bal) komponentləri üzrə yüksək bal toplayıb. Bundan başqa, hökumətin xərcləri üzrə 64,8 bal, investisiya azadlığı üzrə 60 bal, maliyyə azadlığı üzrə isə 50 bal qazanıb. Ən aşağı göstərici mülkiyyət hüquqları (20 bal) və korrupsiyadan azadolma (22,7 bal) səviyyəsində müşahidə edilib.

Ekspert hesab edir ki, indeksin reallığı tam əks etdirməməsi barədə müəyyən müzakirələr açmaq olar. Azərbaycanda mülkiyyət hüquqları və korrupsiya ilə bağlı göstəricilər üzrə zəifləmə qeydə alınıb. Hər iki göstərici 100 mümkün baldan 20-23 bal toplanıb. Əmək azadlığı sahəsində də pisləşmə qeydə alınıb.

İqtisadçı Vüqar Bayramov isə qeyd edir ki, MDB-dən heç bir ölkə azad və ya əsasən azad ölkələr qrupuna daxil edilməyib. Qazaxıstan (67-ci yer) və Ermənistan (41-ci yer) ilə yanaşı ölkəmiz də qismən azad ölkələr qrupundadır: “Təəssüf ki, MDB-nin digər ölkələrinin aldıqları ballar olduqca aşağıdır. Məsələn, Rusiya hesabatda 140-cı, Ukrayna 155-cidir”.

Bayramov bildirir ki, bu indeksın əsas məzmunu hökumətin biznes fəaliyyəti üçün hansı səviyyədə şərait yaratması ilə yanaşı, dövlətinin rolunun iqtisadiyyatda ölçülməsi ilə bağlıdır. Ekspert hesab edir ki, hesabatda əsas götürülən meyarların yenidən işlənilməsi vacibdir: “Hesabatda Fransa 70-ci yerdədir və Qazaxıstan sözügedən ölkədən 3 pillə öndədir. Amma bu heç də o anlama gəlməməlidir ki, Qazaxıstan Fransadan iqtisadi baxımdan daha azad ölkədir, sadəcə, Parisdə dövlətin iqtisadiyyata müdaxiləsi yüksək olduğu üçün bu ölkə qismən azad ölkələr qrupunda özünə yer alıb. Bu baxımdan, əslində metodologiyanın yenidən işlənməsi də olduqca vacibdir”.

Bütün bunlarla yanaşı, Bayramov bu qənaətdədir ki, Azərbaycanın yerinin 2013-cü ilə nisbətən 7 pillə irəliləməsi ölkə üçün müsbət haldır: “Eyni zamanda, indeksdə yerimizin daha da yaxşılaşdırılması üçün metodologiyada əks olunan istiqamətlər üzrə islahatların davam etdirilməsinə ehtiyac var”.
V.Cəfərov

Leave A Comment