Bankların avtomobil kreditlərini dayandırmasının daha bir maraqlı səbəbi üzə çıxır

Bankların avtomobil kreditlərini dayandırmasının daha bir maraqlı səbəbi üzə çıxır

Ölkədə banklar tərəfindən verilən avtomobil kreditlərinin dayandırılmasının daha bir mühüm səbəbi üzə çıxıb. Belə məlum olur ki, əslində, banklar özləri də yüksək risqlərdən sığortalanmaq üçün avtokreditlərin, müvəqqətti olsa belə, dayandırılmasında maraqlıdırlar. Bu barədə danışmazdan öncə xatırladaq ki, ölkədə avtomobil alışı üçün verilən kreditlərə görə tələblər ciddi şəkildə sərtləşdirilib.

Məlumatlara görə, Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları üçün belə kreditlərə qarşı yeni tələblərdən ibarət təlimat hazırlayır. Yeni avtomobillər üçün kreditlər onların dəyərindən asılı olaraq 40-50 faiz həcmində ilkin ödəniş şərti ilə veriləcək.

Bununla belə, istehsal tarixindən satışınadək 1 ildən çox vaxt keçməyən avtomobillər yeni hesab ediləcək. İşlənmiş avtomobillər üçün kredit şərtləri daha sərt olacaq. Kreditin məbləği avtomobilin dəyərinin cəmi 20 faizini təşkil edəcək. Yəni belə kredit üzrə ilkin ödəniş əldə edilən maşının dəyərinin 80 faizini təşkil edəcək. Məsələni şərh edən iqtisadçı Vüqar Bayramov da qeyd edir ki, banklar avtomobillərə yeni kredit qaydalarını tətbiq etməklə çalışırlar risqlərini azaltsınlar, çünki ilkin ödənişlərin yüksək olması risqlərin azalmasına gətirib çıxarır. Ekspert avtomobillərə tətbiq olunan hazırkı kredit formasının kreditin mahiyyətini aşağı saldığını bildirib: “20 min manatlıq avtomobil alan şəxs ilkin ödəniş üçün 16 min manat ödəniş etməlidir və 4 min manatı kredit formasında götürməlidir. Əslində bu, kreditə olan marağın azalmasına gətirib çıxarır. Çünki alıcı 20 min manatlıq avtomobilin 16 min manatını nağd ödəyirsə, qalan 4 min manatı kredit formasında ödəmək onun üçün heç bir əhəmiyyət kəsb etmir və bu proses kreditin mahiyyətini aşağı salır”.

O, həmçinin, yeni kredit formasının tətbiqinin avtomobil bazarlarında ciddi durğunluğun yaşanmasına gətirib çıxaracağını vurğulayıb: “Nəzərə alaq ki, ölkəyə 103 min avtomobil gətirilib və bunların 94 minini minik avtomobilləri təşkil edib. Həmin avtomobillərin təxminən 70 %-i vətəndaşlara kredit yolu ilə təklif olunur. Avtomobil kreditlərinin dayandırılması, eyni zamanda, bazarda da ciddi durğunluğun yaşanmasına gətirib çıxara bilər. Onu deyə bilərəm ki, banklar bu cür ağır şərtlərlə kredit verməyə davam etsələr, bu proses heç də səmərəli olmayacaq. Kreditlərin əvvəlki formada tətbiq olunması isə kommersiya banklarından asılıdır. Amma biz çox da yaxın zamanlarda avtomobil kreditlərinin əvvəlki şərtlərlə bərpasına inanmırıq”.

Qeyd edək ki, indiyədək tətbiq olunan avtomobil kreditlərinə əsasən, problemli kreditlərin həcmi durmadan artırdı. Buna görə, yaranmış durum AMB-ni tələbləri ciddi şəkildə sərtləşdirməyə vadar edib. Çünki bu sahə üzrə defolt 7 faizədək təşkil edir. Banklara indiki orta hesabla təqribən 16 faiz dərəcəsi üzrə kreditləşmə sərf etmir. Hazırda ölkədə avtomobil kreditlərinin verilməsi kritik həddə çatıb. Belə ki, işlənmiş avtomobillərin alışı üzrə kreditləşmə, demək olar, tamamilə dayandırılıb. Ümumiyyətlə, hazırda avtomobil kreditləşməsi, demək olar ki, yoxdur və görünür, Mərkəzi Bank tənzimləyici müvafiq təlimat dərc etməyənədək olmayacaq. Hadisələrin belə cərəyan etməsi ümumi portfeldə avtomobil kreditləşməsinin payı böyük olan banklara ciddi təsir etməkdədir.

Onu da xatırladaq ki, bazarda vəziyyət gərginləşənədək avtomobil kreditlərinin verilməsi şərtləri olduqca yumşaq olub. Belə ki, buna qədər yeni avtomobili dəyərinin 10-15 faizi həcmində ilkin ödəniş etməklə 5 il müddətinə kreditə almaq olurdu. İşlənmiş avtomobillər isə maşının dəyərinin təqribən 30 faizi həcmində ödəniş etməklə illik təqribən 20-25 nominal faiz dərəcəsi ilə 4 il müddətinə təklif edilirdi. Lakin şərtlər sərt şəkildə dəyişdirilir. Banklar özlərini yüksək risqlərdən qorumaq üçün avtomobil kreditləri sərtləşdirməkdə maraqlı tərəf kimi çıxış edirlər. Bu isə avtomobil bazarına daha çox təsir edəcək. O da məlumdur ki, hazırda kreditlərin dayandırılmasının əsas səbəbləri istehlak kreditlərinin, o cümlədən avtomobillərin alınması üçün verilən kreditlərin yığılmasında problemlərin olmasıdır.

Tahir TAĞIYEV

Leave A Comment