Bir evin bir neçə sahibi və ya tikinti şirkətlərinin “fırıldaq”ları – Araşdırma

Bir evin bir neçə sahibi və ya tikinti şirkətlərinin “fırıldaq”ları – Araşdırma

Ev sahibi olmaq yəqin ki, hər kəsin ən böyük arzularından biridir.

Xüsusilə də bu mənzil yeni tikilən binada, şəhərin əlverişli yerində uyğun qiymətədirsə.

Amma mənzil sahibi olmaq istəyərkən dələduzlara rastlaşırsansa, problemin ən böyüyü bundan başlayır. Əlində nə pulun qalır, nə də evin. Elə tikinti şirkətləri tərəfindən aldadılan müsahibim kimi…

“Aldadıldığımızı biləndə iş-işdən keçmişdi”

Babayev Tofiq Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində tikilməkdə olan binanın F girişində 527 saylı, birotaqlı mənzili almaq istəyir.

O, bunun üçün 2008-ci il fevralın 9-da “İN Eksklyuziv Servis” MMC-nin rəhbəri Ələkbər Zeynalova 25 min manat ödəyərək müqavilə imzalayır.

Həmin müqavilədə MMC-nin binanı 2010-cu ilin iyun ayında təhvil verəcəyi qeyd olunur.

Müqavilə imzalanandan bir müddət sonra əraziyə baş çəkən T.Babayev tikinti işlərinin dayandığını görür. Tikintisi dayandırılan binadan isə başqa bir şirkətin telefon nömrəsi yazılan lövhə asılır. Həmin nömrəyə nə qədər zəng etsə də, cavab verən olmur.

Müsahibim deyir ki, bir neçə ay sonra isə televiziyada Ə.Zeynalovun həbs edildiyini görür:

“Bu müddətdə nə onun həbsindən, nə də məhkəmə prosesindən xəbərim olmayıb. İndi bilmirəm kimə müraciət edim. Eşitdiyimə görə, 48 payçının pulları qaytarılıb”.

Zərərçəkən deyir ki, bir mənzil bir neçə adama satıldığından zərərçəkənlər siyahısında pul verib aldadılan hər kəsin adı olmayıb:

“Digər payçılarla əlaqəmiz olmadığından həmin şəxsin qanunsuz hərəkətini gec bilmişik. Bizim xəbərimiz olduqda isə iş-işdən keçmiş olub”.

Qeyd: 2012-ci ilin avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsində “İN Eksklyuziv Servis” MMC-nin rəhbəri Ələkbər Zeynalovun məhkəməsi başlayır.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilir.

İttihama görə, Ələkbər Zeynalov 2006-cı ildən bəri tikdiyi binadan satdığı mənzillərin pulunu vətəndaşlardan alsa da, mənzilləri sahiblərinə təhvil verməyib.

Həmin şəxs bir mənzili bir neçə vətəndaşa satıb. Ə.Zeynalov ümumilikdə 1,5 milyon manat pulu mənimsəyib.

2012-ci ilin noyabr ayında isə həmin şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmiş əlindəki müqavilə ilə məhkəməyə müraciət edə bilər

Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli deyir ki, əgər zərərçəkmişin əlində müqaviləsi və pulun ödənilməsi barədə qəbzi varsa, mülki iddia ilə məhkəməyə müraciət edə bilər.

Hüquqşünas qeyd edir ki, zərərçəkən iddianı məhkəmə zamanı qaldırmayıbsa, əlindəki sənədlərlə mülki qaydada iddia qaldırıb, həm ödədiyi məbləği, həm də müqavilənin yerinə yetirilməməsinə görə cərimənin ödənilməsini tələb edə bilər.

Onun sözlərinə görə, həmin şəxs məhkum olunubsa belə zərərçəkmişin məhkəməyə müraciət etmək hüququ var. Müsahibimin başına gələnlər son illərdə rastlanan minlərlə hadisədən yalnız biridir.

Yeni tikilən binalarda tikinti şirkətləri tərəfindən aldadılan ya bir mənzilin bir neçə adama satılması, ya da mənzil tikilməyib illərlə gözləyən zərərçəkənlər kifayət qədərdir.

Statistikaya görə, hazırda Bakıda 2400-ə yaxın yeni tikilmiş bina var. Bundan sonra da yeni binalar tikilməkdə davam edəcək, ancaq bu binalarda mənzil almaq istəyən yüzlərlə vətəndaşın aldadılmayacağına isə heç kəs zəmanət vermir. Bu hallarla qarşılaşmamaq üçün vətəndaş nələri bilməlidir?!

Tikinti şirkətlərinin “tor”una düşməmək üçün vətəndaşlar nə etməlidir?

Hüquqşünas Fuad Ağayev deyir ki, rastlaşdığı müqavilələr içərisində qanunvericiliyin bir sıra müddəalarına uyğun olmayan müqavilələr də olub.

Buna görə də o, bu binalardan mənzil alan şəxsləri diqqətli olmağa çağırır: “Ev alarkən həmin şirkətin torpağa olan hüquqları, maliyyə imkanları ilə maraqlanmaq lazımdır”.

Hüquqşünas deyir ki, bu barədə şirkətin elə özündən müvafiq məlumatı almaq olar:

“Kimsə bina tikirsə, onun müəyyən imkanları olmalıdır və o imkanlar haqqında da potensial alıcılar məlumatlandırılmalıdır. Bununla da həmin şirkətin fəaliyyətinə inam yarana bilər”.

F.Ağayev bildirir ki, torpağın ayrılması haqqında sənədin mövcud olub-olmamasına, layihənin təsdiq edilib-edilməməsinə, müvafiq sərəncamların, razılaşdırmaların olub-olmamasına baxmaq lazımdır:

“Bundan başqa inşaat pasportunun mövcud olub-olmamasına da diqqət etmək lazımdır”.

İqtisadçı-ekspert Vüqar Bayramov da dələduzların qurbanı olmamaq üçün vətəndaşların daha diqqətli olmasını və mənzil alan zaman hərtərəfli məlumatları əldə edərək mənzillərin alışını həyata keçirməyi tövsiyə edir.

MMC-lərin tikinti ilə məşğul olması qadağan edilməlidir

V.Bayramov hesab edir ki, MMC kimi qeydiyyatdan keçən şirkətlərin tikinti-inşaatla məşğul olmasının qadağan edilməsinə ehtiyac var.

Ekspert deyir ki, MMC-lərin (Məhdud Məsuliyyətli Cəmiyyət) məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur:

“Onların qanuna əsasən məsuliyyəti məhdud olduğuna görə öhdəlikləri də məhdud olur. Bəzi hallarda aşkarlananda ki, MMC-lər vətəndaşları aldadırlar, o halda belə vətəndaşlara dəymiş ziyanı bərpa etmək mümkün olmur və ya vətəndaşların hüquqlarının qorunmasında problem yaranır”.

Buna görə də ekspert deyir ki, birmənalı şəkildə qanunvericilikdə inşaat işi ilə məşğul olan qurumlar üçün konkret öhdəliklər, eləcə də hüquqi statuslar müəyyənləşdirilməlidir.

Tikinti şirkətləri bütün məlumatları veb saytlarında qeyd etməlidirlər

Ekspert həmçinin qeyd edir ki, məlumatların elektronlaşdırılmasına ehtiyac var.

O hesab edir ki, qanunvericiliklə məlumatların şəffaflaşdırılması və tikinti şirkətlərinin veb səhifələrinin olması məcburi xarakter almalıdır.

Ekspert nümunə kimi Ukraynanı qeyd edir:

“Ukraynada tikinti şirkətlərinin internet səhifəsinin olması məcburi xarakter daşıyır. Həmin internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir.

Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb”.

Bundan başqa iqtisadçı-ekspert deyir ki, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var.

Qanunvericilikdə dəyişiklik

Milli Məclisin deputatı Vahid Əhmədov deyir ki, vətəndaşların belə hallarla rastlaşmasının qarşısını almaq üçün qanunvericilikdə müvafiq dəyişikliklərin olması gözləniləndir. Onun qeyd etdiyinə görə, bina tikilən zaman nəzarət güclü olarsa, sonradan bir mənzilin bir neçə adama satılmasının və digər fırıldaqçılığın qarşısı alınar.

Yarımçıq tikililərin “taleyi”

Məlumdur ki, tikinti aparılan binaların sahibkarlarının dələduzluqla məşğul olduğu aşkarlandıqdan sonra müvafiq hüququ prosedurlar həyata keçirildiyindən şəhərdə yarımçıq tikililərin sayı artır. Belə hallarda yarımçıq tikililərin taleyi necə olmalıdır?

M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir ki, əvvəla o binanın yarımçıq qalma səbəbi araşdırılmalıdır.

Onun sözlərinə görə, əgər tikinti aparan şirkətin maliyyə problemi varsa, onlara müəyyən şərtlərlə kredit verilə bilər:

“Bu kredit hesabına şirkət müəyyən olunmuş vaxta binanı tikib qurtara bilər”.

Binanı tikənlər həbs olunubsa, bu halda ekspert hesab edir ki, qiymətləndirmə aparılmalı və əmlak hərraca çıxarılmalıdır.

O qeyd edir ki, başqa bir investorun o tikintini sona çatdırması da mümkündür. Şəhərdə müəyyən maliyyə problemi olduğuna görə digər şirkətlə şərik olub tikintini sona çatdıran şirkətlər var.

Odur ki, ekspertlərin fikirlərindən belə nəticəyə gəlinir ki, ev alan şəxs “yüz ölçüb, bir biçməlidir” ki, sonra “yağışdan çıxıb, yağmura düşməsin”.

Günel Abbasova
Gün.Az

Leave A Comment