Avtomobil idxalının azalması büdcəyə 70 milyon manat zərər vuracaq

Avtomobil idxalının azalması büdcəyə 70 milyon manat zərər vuracaq

Vüqar Bayramov: “İdxaldakı azalma, eyni zamanda idxaldan dövlət büdcəsinə ödənişlərin azalmasına da gətirib çıxaracaq”

Seymur Yunusov: “Avtomobil idxalı azalacaqsa, təbii ki, buradan vergi və gömrük daxilolmalarının azalması da qaçılmazdır”

Avtomobillərin kreditlə satışına qoyulan məhdudiyyət və aprel ayından tətbiq ediləcək “Avro-4” standartı artıq avtomobil idxalına öz təsirini göstərib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycana 6 477 ədəd avtomobil idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% azdır. Mütəxəssislərin fikrincə, avtomobil idxalındakı azalmalar vergidaxilolmalarına da mənfi təsir edəcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, avtomobil idxalında azalmaların olacağı əvvəlcədən pronozlaşdırılırdı: “Çünki hazırda bank kreditləşməsinin nağdlaşması və “Avro-4” standartına keçid Azərbaycana gətirilən maşınların sayına mənfi təsir göstərir. Xüsusən də Almaniyadan gətirilən avtomobillərin sayında azalmalar olacaq. İdxaldakı azalma, eyni zamanda idxaldan dövlət büdcəsinə ödənişlərin azalmasına da gətirib çıxaracaq. Çünki idxal edilən avtomobillərdən dövlət ödənişləri həyata keçirildi. Odur ki, idxalın azalması büdcə gəlirlərinin azalması deməkdir. Ancaq bu, büdcə gəlirlərinin kəskin azalmasına gətirib çıxarmayacaq”. İqtisadçı əlavə etdi ki, 2013-cü ildə Azərbaycana 103 min avtomobil idxal olunmuşdu: “Həmin avtomobillərin 94 mini minik avtomobili idi. O minik avtomobillərindən mövcud idxal rüsumlarına uyğun olaraq ödənişlər dövlət büdcəsinə ödənilirdi. Nəzərə alaq ki, avtomobillər üzrə idxal rüsumları fərqlidir. Rüsumlar mühərrikin həcmindən asılı olaraq müəyyənləşdirilir. Hətta, idxal rüsumunun 30 min manata qədər yükək olduğu avtomobillər var. Burada söhbət müəhərriki iri və ili yeni olan atomobillərdən gedir. Həmin avtomobillərin qiyməti nisbətən yüksəkdir. 2014-cü ildə minik avtomobillərinin idxalı təxminən 80 min maşına qədər azalacaq. Bu, o deməkdir ki, 2014-cü ildə avtomobil idxalının azalmasına görə dövlət büdcəsinə təxminən 70 milyon manata yaxın vəsait daxil olmayacaq”.

Nəqliyyat məsələləri üzrə ekspert, iqtisadçı Seymur Yunusov isə məsələ ilə bağlı qeyd edir: “Avtomobil idxalı azalacaqsa, təbii ki, buradan vergi və gömrük daxilolmalarının azalması da qaçılmazdır. Ümumiyyətlə, hökumət belə qərarları qəbul edəndə digər vergiyə cəlbetmə mənbələrini tapır. Müvafiq qurumların qarşısında büdcə formalaşdırarkən hansısa plan qoyulubsa, plan mütləq yerinə yetirilməlidir. Ola bilsin ki, gəlirlər azalacaqsa, digər mənbələr hesabına o itkilər bağlanacaq. Ancaq aprelin 1-ə qədər daha çox idxala cəhd edəcəklər. Ona görə də aprelə qədər ciddi azalma olmaya bilər. Azalma daha çox yeni avtomobillər hesabına baş verir. Çünki adətən, dilerlər sifarişi bir neçə ay əvvəl verirlər. Ola bilsin ki, yanvar ayında verilən sifarişlər hələlik vəziyyətə görə təxirə salınıb. Onun da nəticəsində baş verəcək azalma növbəti aylarda hiss olunacaq. Ancaq yanvarda baş verən azalma o qədər də ciddi azalma deyil, keçən ilin müvafiq dövrü ilə müqayisədə azalmadır. Bizim bazar doymuş olmadığına görə, doyana qədər idxal davam edəcək. Doyamamış bazarlarda belə qadağalar ancaq mövsümi olaraq idxalı azalda bilər. Kreditlərlə bağlı da hələlik qəti qərar yoxdur. Ancaq yəqin ki, avtomobil satışı mərkəzləri alternativ maliyyələşdirmə mənbələri axtaracaqlar”.

Mübariz BAYRAMOV

Leave A Comment