Ukraynadakı vəziyyətin Azərbaycan iqtisadiyyatına mənfi təsirləri güman edilmir

Ukraynadakı vəziyyətin Azərbaycan iqtisadiyyatına mənfi təsirləri güman edilmir

Vüqar Bayramov: “Ukraynada baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsirləri olacağı…”

“Böhranlı proses davam edərsə, bu…”

Azərbaycana dost ölkə olan Ukraynada baş verən hadisələr bizi də narahat etməyə bilməz. Çünki iki ölkə arasında çox sıx iqtisadi-ticarət, mədəniyyət əlaqələri var. Siyasi münasibətlər də, digər sahələrdə olduğu kimi, yüksək səviyyədədir. Ukrayna ilə Azərbaycan GUAM təşkilatında təmsil olunur. Məlum olduğu kimi, 2013-cü il noyabrın 21-də Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina edib. Bu imtinadan sonra paytaxt Kiyevdə davamlı etiraz aksiyaları keçirilir. Zaman-zaman bu, hüquq-mühafizə qurumları ilə toqquşmalara gətirib çıxarır. Üç aydır ölkə müxalifəti mütəmadi olaraq etiraz aksiyaları keçirir. Artıq gərginlik o səviyyəyə gəlib çatıb ki, bu, ağır toqquşmalarla müşahidə olunur. Ən qanlı toqquşma fevralın 18-də qeydə alınıb. Belə ki, paytaxt Kiyevdə fevralın 18-də və 19-da baş vermiş iğtişaşlarda 28 nəfər həlak olub.

Ən son məlumatlara görə, ölkə xəstəxanalarında 287 nəfər yatır, onların 88-i hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Xəstəxanaya düşənlərin 6-sı jurnalist, 4-ü yeniyetmə, 2-si əcnəbi, 1-i parlamentin deputatıdır (müxalif “Batkivşina” fraksiyasından Vasili Pazinyak). Ümumən yaralanan 445 nəfər tibb məntəqələrinə müraciət edib. Toqquşmalarda təxminən 800 nəfərin xəsarət aldığı deyilir. Fevralın 20-si ümummilli matəm günü elan edilib. Fevralın 19-u axşam prezident Viktor Yanukoviç müxalifət liderləri Vitali Kliçko, Arseni Yatsenyuk və Oleq Tyaqnibokla görüşüb. Tərəflər güc tətbiqinə son qoyulması razılığına gəliblər. Amma radikal ovqatlı bəzi müxalif qruplar razılaşmanı qəbul etmir.

Şübhəsiz ki, üç aydır Ukrayna daxilində gedən proseslər ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Artıq bunun iqtisadiyyatda müəyyən fəsadlar törətdiyi haqqında məlumatlar var. Bütün bunların fonunda maraqlıdır, baş verənlərin Ukrayna-Azərbaycan iqtisadi ticarət əlaqələrinə hansısa mənfi təsiri olacaqmı? Olacaqsa, bu, iqtisadiyyatın hansı sahələrində özünü göstərə bilər?

Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ukraynada baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsirləri olacağı proqnozlaşdırılmır: “Təbii ki, Azərbaycan və Ukrayna tərəfdaş ölkələrdir. Azərbaycan üçün Ukrayna həm də investisiyaların həyata keçirildiyi ölkələrdən biridir. Ticarət əlaqələrində iki ölkə arasında artımlar müşahidə olunur. Bütün bunları nəzərə alsaq, Ukraynada hadisələrin mürəkkəbləşməyə doğru getməsi Azərbaycanın marağında deyil. Çünki Azərbaycan ona iqtisadi baxımdan yaxın olan tərəfdaş ölkələrdə bu cür qarşıdurmaların, böhranların olmasında maraqlı deyil. Ona görə ki, bu, Azərbaycanın həmin ölkələrlə iqtisadi əlaqələrinə mənfi təsir göstərir. Çünki nəzərə alsaq ki, 2005-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi cəmi 262 milyon dollar idisə, bu rəqəm 3 dəfə artaraq 2013-cü ildə 700 milyon dollara çatıb. Praktiki olaraq ticarət dövriyyəsində kəskin artım var. Böhranlı proses davam edərsə, bu, Ukrayna-Azərbaycan ticarət əlaqələrində müəyyən azalmaya gətirib çıxara bilər. Ancaq Azərbaycan üçün ciddi iqtisadi itkilərdən söhbət gedə bilməz”.

Vidadi ORDAHALLI

Leave A Comment