Rusiya maşınlarının ölkəmizə gətirilməsi yasaqlanır?

Rusiya maşınlarının ölkəmizə gətirilməsi yasaqlanır?

Vüqar Bayramov: “Rusiya avtomobilləri “Avro-4” standartına uyğun gəlmədiyi üçün onlar üçün konkret il müəyyənləşdirmək mümkün deyil”.

Məlumdur ki, cari ilin 1 aprel tarixindən ölkəmizdə “Avro-4” ekoloji normaları tətbiq olunacaq. Qərar idxalın həcminə o qədər təsir etməsə də, avtoparkı cavanlaşdıracaq. Artıq idxal olunacaq maşınlar üçün ölkələr üzrə illər də təsnif olunub. Belə ki, ölkəmizə 2004-cü ildən əvvəl istehsal olunan maşın daxil ola bilməz. ABŞ 2004, Almaniya 2005, Koreya 2006, Türkiyə 2009, Yaponiya və Çindən olan maşınların istehsal tarixi ən uzağı 2011-ci il olmalıdır.

Ancaq maraqlısı budur ki, siyahıda Rusiyanın adı yoxdur. Hansı ki, bu gün ölkəmizdə Rusiya istehsalı olan maşınların sayı çoxluq təşkil edir. Ekspertlərin fikrincə, bu qərar xüsusi ilə Rusiya istehsalı olan maşınların sayını azaldacaq.

Milli.Az mövqe.az-a istinadən xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Rusiya maşınlarının idxalına hesablanan digər bir qərar 2013-cü ilin may ayında qəbul edilib: “Nazirlər Kabinetinin həmin qərarına əsasən, Azərbaycana “ABS” əylənc sistemi və təhlükəsizlik yastıqları olmayan avtomobillərin idxalı qadağandır. Ancaq Rusiyada istehsal olunan və Azərbaycana gətirilən avtomobillərin demək olar ki, böyük əksəriyyəti bu standartlara cavab vermirdi. O baxımdan, 2013-cü ildən başlayaraq Rusiya avtomobillərinin ölkəyə idxalında ciddi azalma baş verdi. Eyni zamanda, “Avro-4” standartlarına keçid ölkəyə gətirilən avtomobilin strakturunu dəyişəcək. Bu standarta keçiddən sonra Rusiya avtomobillərinin ölkəyə gətirilməsində azalmaların olacağı proqnozlaşdırılır. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarında xüsusi olaraq Rusiyada istehsal olunan avtomobillər qeyd olunmur. Bu da onunla bağlıdır ki, Rusiyada istehsal olunan avtomobillərin böyük bir qismi “Avro-4” standartlarına cavab vermir. Hətta, 2012-ci ildə istehsal olunan Rusiya avtomobilləri “Avro-4” standartına uyğun gəlmədiyi üçün onlar üçün konkret il müəyyənləşdirmək mümkün deyil. Ona görə də qərar ən çox rus avtomobillərinin idxalının azalmasına səbəb olacaq. 2014-cü ildə Rusiyadan Azərbaycana gətirilən avtomobillərin payının 50% azalacağını proqnozlaşdırırıq”.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, “Avro-4” standartı Azərbaycana yeni gətirilən və burada istehsal olunacaq avtomobillərə tətbiq olunacaq: “Avro-4” standartının hazırda daxildə istismarda olan avtomobillərə aidiyyatı yoxdur. Həmin avtomobillər sadəcə texniki baxışdan keçirlər”.

Ekspertin sözlərinə görə, hazırda Rusiyadan Azərbaycana “Lada” avtomobillərinin bəzi modelləri gətirilir: “Həmin avtomobillər “Avro-4” standartına uyğundur. Çünki Rusiyada da bu ilin yanvar ayından “Avro-4” standartı tətbiq olunub. Əslində, illər üzrə verilən təsnifat şərtidir. Xaricdən istənilən avtomobili gətirmək olar. Əgər Almaniya maşını 2010-ci ilin belə olsa, ancaq Dövlət Gömrük Komitəsinin lobaratoriyasından keçəndə “Avro-4” standartına cavab verməyəcəksə, buraxılmayacaq. Rusiyanın özündə “Avro-4” tətbiq edirlər. Ona görə də Rusiya istehsalı olan maşın “Avro-4” standartına cavab verəcəksə, ölkəmizə daxil ediləcək. VAZ-2106 və VAZ-2107 modellərinin Azərbaycana gətirilməsi isə 2013-ci ilin may ayından qadağandır. O vaxt qərar qəbul edildi ki, “ABS” əylənc sistemi və təhlükəsizlik yastıqları olmayan avtomobillərin daxil olması qadağandır. İndiki siyahıda da Rusiyanın adı yoxdur. Ancaq bir çox başqa dövlətlərin də adı yoxdur. O demək deyil ki, başqa dövlətlərin maşın buraxılmayacaq. Hansı maşın ilindən asılı olmayaraq “Avro-4” standartına cavab verəcəksə, ölkəyə buraxılacaq. Siyahıda göstərilənlər sadəcə tövsiyədir. Bilirik ki, Rusiyanın maşınları çox dövlətlərə satılmır. Bir alıcısı da biz idik.
Ancaq qanunvercilikdə edilən dəyişiklikdən sonra bizə də idxalı azaldığından Rusiya çalışacaq ki, maşın istehsal sahəsini inkişaf etdirsin”.

Milli.Az

Leave A Comment