“Xaricdə mənzil sahibi olmaq dəbə düşüb”

“Xaricdə mənzil sahibi olmaq dəbə düşüb”

Vüqar Bayramov: “İkinci ev sahib olmaq istəyənlər ölkədən kənara üz tuturlar”

Son statistik məlumatlar göstərir ki, xarici ölkələrdə daşınmaz əmlak alan azərbaycanlıların sayında xeyli sayda artım var. Ekspertlər buna əsas səbəb olaraq Bakıda mənzillərin qiymətinin digər ölkələrlə müqayisədə yüksək olmasıdır. Məsələn, 8 km ərazisində orta hesabla bir otaqlı mənzillərin qiyməti 65 min, 2 otaqlı, 80-85 min, 3 otaqlı mənzillərin qiyməti isə 120-160 min manat təşkil edir. Paytaxtın kənar hissəəsi hesab olunan Əhmədli və Günəşlidə bir otaq evlərin qiyməti 50-55 min manatdan aşağı deyil. Mikrorayonlarda isə birotaqlı evlərin qiyməti 60 min manatdan başlayır. Yeni tikilən binalarda isə evlərin bir kvadrat metri 750-850 manat arasında dəyişir. Şəhərin mərkəzi hissəsinə doğu gəldikcə isə bu qiymətlər xeyli artır. Hətta şəhərin mərkəzində 1 kvardat metri 4000 manata olan mənzillər var. Mənzillər üçün təklif olunan bu yüksək qiymətlərin xarici ölkələrdə mənzil alan azərbaycanlıların sayına təsir etdiyini deyən iqtisadçı Vüqar Bayramov bildirdi ki, yaxın qonşu ölkələrdə deyil, Avropa ölkələrində belə mənzil alan azərbaycanlıların sayı kəskin artıb: “Praktiki olaraq son illərin statistikasına diqqət yetirsək görərik ki, Türkiyənin İstanbul şəhərində mənzil alan vətəndaşlarımızın sayında kəskin artım var.

Mərkəzi Şərqi Avropa ölkələrində, xüsusən də Çexiya, Polşada mənzil alanların sayında da artımlar var. Qərbi Avropada vətəndaşlarımızın ən çox üz tutduğu yer Böyük Britaniya və İspaniyadır. Azərbaycanlıların xaricdə ev alma saylarının artması müxtəlif səbəblərlə bağlıdır. Əsas səbəb iqtisadi amillə bağlıdır. Bakıda mənzillərin qiymətlərinin baha olması səbəblərdən biridir. Paytaxtda mənzili olan və yeni mənzil almaq istəyənlər xaricə üz tuturlar. Xaricdə mənzillərin qiyməti aşağı olduğu üçün ikinci ev sahib olmaq istəyənlər ölkədən kənara üz tuturlar. Bu iqtisadi baxımdan daha əlverişlidir. Sonradan mənzillərin qiymətində artım olarsa satıb və ya kirayə verməklə gəlir götürə də bilərlər. Bu gün Azərbaycanda 100-150 min manata Bakının mərkəzi rayonlarında mənzil almaq mümkün olmadığı halda, həmin qiymətə Türkiyənin iri şəhərlərinin mərkəzlərində mənzil almaq mümikündür”.

Ekspert deyir ki, xaricdə mənzil sahibi olmaq həm də dəbə çevrilib: “Bəzi insanlar düşünürlər ki, hökmən xaricdə mənzilləri olmalıdır. Bu dəb də bir çox insanları, xüsusən də sənət adamlarını İstanbulda mənzil almağa maraqlı edir. O baxımdan iqtisadi səsəblərlə yanaşı, dəblə bağlı psixoloji səbəblər də var”.
Vüqar Bayramov deyir ki, xaricdə biznes qurub, orda yaşayıb, mənzil almağa maraqlı vətəndaşlarımızın sayı azdır: “Bu gün xaricdə əmlaka malik olan vətəndaşlarımızın böyük bir qismi Azərbaycanda yaşayanlardır. Bu sahibkarlar arasında xaricdə mənzil alıb orada yaşayanlar çox deyil”.
Aygün Asimqızı

Leave A Comment