Büdcə bölgüsünə ictimai nəzarət varmı?

Büdcə bölgüsünə ictimai nəzarət varmı?

Qadir İbrahimli: “Vəsaitin bölüşdürülməsinə hakimiyyət tək özü nəzarət edir”;

Vüqar Bayramov: “Bu il büdcə bölgüsü əvvəlki illərə nisbətən ictimaiyyətə daha açıqdır”

Bir çox müşahidəçilər hesab edir ki, dövlət sərmayələrinin bölüşdürülməsində vətəndaş cəmiyyətinin nəzarəti yoxdur. Yəni büdcənin bölüşdürülməsi ilə bağlı məsələlərdə media orqanları, QHT-lər iştirak etmirlər, hansısa bir nəzarət mexanizmi yoxdur. Bu da, ekspertlərə görə, dövlət sərmayələrində korrupsiya risklərinin artmasına gətirib çıxardığını qeyd edir. İqtisadçı ekspertlər büdcə bölgüsünə ictimai nəzarətin nəyə görə vacib olduğunu əsaslandırdılar.

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qadir İbrahimli hakimiyyətin büdcə bölgüsünə ictimai nəzarəti əngəlləməsinin korrupsiya riskinin daha da artmasına gətirib çıxartdığını dedi: “Büdcə hesabına investisiyaların bölüşdürülməsinə nəinki ictimai nəzarət, heç dövlət nəzarəti də yoxdur. Parlament sadəcə olaraq investisiyaların həcmini müəyyən edir. Tutaq ki, bu il müəyyən edirlər ki, hansısa sahəyə 6.2 milyard manat investisiya qoyulacaq, buna da deputatlar səs verirlər. Ancaq bu bölgüdən deputatlar da kənarda qalırlar. Bu bölgü təsdiq olunandan sonra, Nazirlər Kabineti həyata keçirir. Ümumiyyətlə nə vətəndaş cəmiyyəti institutları, nə medianın nəzarəti yoxdur. Deputatlar da bundan xəbərsizdirlər.

Təbii ki, bu da anormal haldır. Çünki onlar dövlət vəsaitləridir, ictimai vəsaitlərdir, bundan da vətəndaş cəmiyyəti institutları ilə yanaşı, deputatların da xəbəri olmalıdır. Milli Məclis əsaslandırmalıdır ki, Məsələn, “Azərsu”ya 500 milyon manat ayırırlarsa, bunu Milli Məclis əsaslandırmalıdır. Və yaxud Bakı Metropoliteninə 300 milyon manat ayrılırsa, bu, nəyə görə ayrılır? Yəni istənilən sahəyə pul ayrılması ilə bağlı Milli Məclis əsas gətirməlidir. Ola bilsin ki, bir çox layihələr olsun ki, deputatlar ona səs verməsinlər. Ən azı formal olaraq bu qaydanı belə gözləmirlər. Vətəndaş cəmiyyətinin, deputatların büdcə bölgüsündən xəbəri olmalıdır.

Bundan isə ancaq Nazirlər Kabinetinin xəbəri olur, yəni hökumət özü bölüşdürür. Hər şey dar çərçivədə həll olunur. Büdcədən vəsaitin ayrılmasının heç bir əsaslandırılması olmadığı halda, bu, korrupsiya riskini daha da artırır və haqlı olaraq həmin layihələrin korrupsiya yönümlü layihə olması haqqında mediada materiallar, təhlillər dərc olunur.”

Digər iqtisadçı Vüqar Bayramov isə bu il büdcə bölgüsünün əvvəlki illərə nisbətən ictimaiyyətə daha açıq olduğunu dedi : “Büdcə bölgüsünün necə formalaşdırıldığını tam olaraq qeyd etmək mümkün deyil. Amma Maliyyə Nazirliyi büdcə ilə bağlı materialları əvvəlki illərlə müqayisədə daha çox ictimaiyyətə açıqlayır. O cümlədən 2013-cü ildə 2014-cü ilin büdcəsi ilə bağlı Maliyyə Nazirliyi tərəfindən büdcə bələdçisi hazırlandı. Təbii ki, büdcə bələdçisinin hazırlanması internet vasitəsi ilə yayımlanması, Maliyyə Nazirliyinin saytında yerləşdirilməsi müsbət hal olsa da, nəzərə alaq ki, ictimai nəzarət heç də bələdçinin hazırlanması ilə tamamlanmır. Büdcə xərclərinə ictimai nəzarət vətəndaş cəmiyyəti qurumlarının büdcə proqramlarının monitorinqlərində iştirak etməsi, eyni zamanda büdcə layihəsinin müzakirəsinə dövlət qurumları ilə yanaşı ictimai qurumlarının cəlb edilməsinin şərait yaradır. Bu gün büdcə xərclərinin təkmilləşdirilməsinin dəyişdirilməsi ilə bağlı üç təkmilləşdirilmə tətbiq edilir.

Biz hazırda inkişaf etmiş bütün ölkələrdə olduğu kimi, büdcə xərclərini daha geniş nəzarət etmək üçün, eyni zamanda proqram təfsilatının verilməsini təklif edirik. Çünki büdcə xərclərinin proqram təfsilatının verilməsi artıq ictimai qurumlara, hətta vətəndaşlara imkan verəcək ki, büdcə xərclərinin proqramlar üzrə monitorinqini apara bilsinlər. Büdcə xərclərinin proqramlar üzrə təkmilləşdirilməsi, artıq vəsaitin proqramlar üzrə göstərilməsi və müəyyənləşməsi deməkdir. Bu həm də büdcədən maliyyələşən hər bir proqram üzrə artıq büdcə ilində və ya maliyyə ilində nə qədər vəsaitin ayrılacağı və hansı istiqamətə ayrılacağı öncədən bəlli edəcək. Bu halda monitorinq imkanlar da genişlənir. Bu da öz növbəsində büdcə xərclərinin təfsilatı və təkmilləşdirilməsinin olduqca vacibliliyini göstərir. İctimai nəzarətin eləcə də vətəndaş cəmiyyətinin büdcə xərcləmələrində rolunun artırılması üçün Azərbaycanda qanunvericilikdə dəyişikliklər edilməlidir. Bu eləcə də büdcənin proqram təfsilatının aparılması ictimai nəzarətin gücləndirilməsinə ciddi şəkildə imkan yarada bilər.”

Nərgiz Yaqublu

Leave A Comment