Benzinin bahalaşmasının şok detalları

Benzinin bahalaşmasının şok detalları

Hökumət benzinin qiymətinin liberallaşdırılması və bazara yeni oyunçuların cəlb edilməsi bəhanəsi ilə qiymətləri bahalaşdırmağa hazırlaşır; “yeni oyunçular” isə ARDNŞ-in xarici ölkələrdə səhmlərini ələ keçirdiyi şirkətlərdir

Yüksək oktanlı benzin yanacaqdoldurma məntəqələrində baha qiymətə satılacaq. Hələlik Aİ-95 80 qəpik, Aİ-98 isə 1,5 manatdır. Energetika naziri Natiq Əliyevin sözlərinə görə, tezliklə bazar iştirakçılarının hamısı Aİ-95 idxal edə biləcək.

Bazar iqtisadiyyatının prinsiplərinə görə, bu halda qiymət ucuzlaşmalıdır. Rəsmi statistikaya əsasən, benzin yalnız Rusiyadan idxal olunacaq. Rusiyada AI-95 0,68, AI-98 isə 0,7 avrodur. Azərbaycan hökumətinin qərarı ilə 21 yanvar 2014-cü ildən AI-95 və AI-92 idxalı iyuna kimi gömrük rüsumu və aksiz vergisindən azad edilib. Rüsum dərəcəsi 15-dən 0 faizə, aksiz dərəcəsi 1 ton üçün 250 dollardan 1 dollara endirilib.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, şəxsən özü AI-95 və AI-98 benzinin qiymətinin liberallaşmasının tərəfdarıdır: “Dövlət niyə CİP sahiblərini subsidiyalaşdırmalıdır? ARDNŞ AI-92-nin piqmentləşməsini ona görə dəyişib ki, onu AI-95 ilə qarışdırmasınlar. Kompleks tədbirlər lazımdır. Əks təqdirdə, kütləvi saxtakarlıq olacaq”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da yüksək oktanlı benzinin bahalanmasının tərəfdarıdır. Onun fikrincə, liberallaşma zamanı AI-95 20 faiz bahalaşa bilər. Bu, sosial vəziyyətə təsir etməyəcək. AI-92 və dizel yanacağının qiyməti sabitdir, AI-95 və AI-98 isə bahalı maşınlara tökülür.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Turan”a bildirib ki, Azərbaycanda yüksək oktanlı benzin əlavə qatqılarla istehsal edilir. Bu isə maya dəyərini artırır: «Həmçinin yerli və Avropa AI-95 benzini arasında fərq var. Sürücülər Avropa yanacağına üstünlük verir. Bundan başqa, yerli benzinin istehsal həcmi ildə 1,4 milyon tondur və artmaqda davam edir. Ona görə AI-92 və solyar yağı istehsalı artırılmalıdır”.
Bir sıra məlumatlara görə, yanacaq qiymətlərinin liberallaşmasının sosial rifaha dəxli yoxdur. Bunun Tarif Şurasının 3 dekabr 2013-cü il tarixli qərarı da göstərir. Bundan başqa, yüksək oktanlı benzindən təkcə CİP-lər yox, Avropa istehsalı olan azlitrajlı maşınlar da istifadə edir. Avropa, Yaponiya və Koreya istehsalçıları texnikalarını AI-92-yə adaptasiya etsələr də, bu, məhdud şəkildə keçmiş SSRİ ərazisi üçün nəzərdə tutulur.
Rəsmi məlumata görə, Azərbaycan artıq AI-98 idxal edir. Amma Dövlət Statistika Komitəsinin ötənilki hesabatında bu rəqəmlər yer almayıb. Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkəyə 143,23 milyon dollarlıq neft məhsulları, bitum və başqa yanacaq növləri yanacaq gətirilib.

Bəzi müşahidəçilərin fikrincə, Dövlət Neft Şirkətinin son illər Şərqi Avropa və Türkiyədə neft emalı zavodlarının səhmlərini alması təsadüfi deyil. Azərbaycana AI-95 və AI-98-i markalı benzin onun ARDNŞ-in xaricdəki müəssisələrindən idxal ediləcək. Nazirlər Kabinetinin rüsum və aksiz vergisinin ləğv edilməsi ilə bağlı qərarı isə inhisarçıya – ARDNŞ-ə əlavə xalis mənfəət gətirəcək.

Beləliklə, AI-95 və AI-98-i markalı benzinin qiymətini liberallaşdırma təklifinin mahiyyəti bəlli olur. ARDNŞ prezidenti özünün xaricdəki şirkətlərinin istehsal etdiyi məsulu gömrük rüsumu və aksiz vergisi ödəmədən Azərbaycana gətirmək və baha qiymətə satdırmaq istəyir. Bu, təbii ki, dövlət inhisarçılığının yeni bir formasıdır. Konkret desək, benzinin qiymətinin liberallaşdırılması və bazara yeni oyunçuların cəlb edilməsi bəhanəsi ilə ARDNŞ inhisarçı mövqeyindən istifadə etməklə qiymətləri bahalaşdırmaq istəyir. Faktiki olaraq Azərbaycanın yanacaq bazarına yeni oyunçular daxil olmayacaq. “Yeni oyunçu” adlananlar ARDNŞ-in xarici ölkələrdə səhmlərini ələ keçirdiyi şirkətlərdir. İndi onlara hökumət səviyyəsində “yaşıl işıq” yandırılır – gömrük rüsumundan və aksiz vergisindən azad edilir. Bu o deməkdir yaxın vaxtlarda benzinin bahalaşması tam realdır.

Leave A Comment