“İpoteka haqqında” Qanun reallığı əks etdirirmi?

“İpoteka haqqında” Qanun reallığı əks etdirirmi?

 

Vüqar Bayramov: “Tələb olunan 18 şərt ağır və mürəkkəb olduğu üçün gənc ailələr kredit almaq fikrindən daşınmalı olurlar”

 

Azərbaycanda ipoteka kreditlərinin verilməsi üçün bütün şərait olsa da hələ evsiz ailələrin böyük əksəriyyəti bundan yararlana bilməyiblər. Çünki dövlət hesabına verilən kreditlərin şərtləri ağırdır. Buna görə də 2006-cı ildə müvəkkil kommersiya bankları ilə vətəndaşlar arasında cəmi 63 ipoteka müqaviləsi bağlanıb. 2006-cı ildə ipoteka kreditlərinin verilməsi üçün nəzərdə tutulan 26 milyon vəsaitin ancaq 21 faizi xərclənib. Səbəbi isə 15 sənədin tələb olunması və kreditlərin 12 faizlə verilməsilə izah olunur.

Bunu nəzərə alan Dövlət başçısı 2007-ci il yanvarın 23-də güzəştli və sosial ipoteka kreditlərinin verilməsi barədə fərman verdi. Fərmanda sosial ipoteka kreditlərinin 3 ildən 30 ilə qədər, illik 4 faiz verilməklə 30 min manat vəsait nəzərdə tutuldu. Adi ipoteka kreditləri üçün müddət 3-25 il arasında müəyyənləşdirildi. 8 faizlə verilən adi ipoteka kreditlərinin məbləği isə 50 min manata qədər artırıldı.

 

Apardığımız araşdırma zamanı Azərbaycan İpoteka Fondunun (AİF)  ötən ayın 7-də yaydığı məlumatı əldə etdik. Məlumatda bildirilir ki, müvəkkil banklar 2011-ci ilin iyununda ümumi məbləği 8 milyon manat olan ipoteka kreditləri veriblər. Hesabat ayında Fond 4,6 mln manatı təkrar maliyyələşdirib. Bu, ötən ayın göstəricisindən 3,1 mln manat və ya 40,3% azdır. İlin əvvəlindən ümumi təkrar maliyyələşmə 33,4 mln manat və ya verilən kreditlərin 76%-i qədər olub. İlin əvvəlindən AİF 19 mln manat qiymətli kağız yerləşdirib.

 

Bu rəqəmlər statiskadan götürülmüş hesabatın kiçik bir hissəsidir. Onu da qeyd edək ki, bu gün vətəndaş ipoteka krediti üçün müraciət edərkən, çoxlu bürokratik əngəllərlə üzləşməli olur. Bu krediti almaq üçün vətəndaş ayrı-ayrılıqda 15 ədəd sənəd hazırlayıb təqdim etməlidir ki, istədiyi məbləği alıb, özünə yeni mənzil alsın. Bunu hətta ayrı-ayrı vaxtlarda mətbuata açıqlama verən ekspertlər də təsdiq ediblər və bundan çıxış yollarını da göstəriblər.

 

Problem yaradan bir məsələ də “İpoteka kreditinin verilməsi” haqqında qanunun sənədlər bölümündə “Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamənin (sənədin surəti)” tələb olunmasıdır. Ziddiyyət bundadır ki, qanunda kreditin sırf ailəli adamlara verilməsinin nəzərdə tutulması göstərilməyib…

 

Bu və ya digər məsələlərlə bağlı “Doğru xəbər”-in suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, “İpoteka haqqında” Qanunda ipoteka kreditinin formalaşdırılmasının ümumi müddəaları öz əksini tapıb: “Kreditin verilməsi üçün tələb olunan sənədlərin hazırlanması qaydasını Dövlət İpoteka Fondu Milli Bankla birlikdə müəyyənləşdirir. “Sosial İpoteka kreditinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ipoteka kreditləri gənc ailələrə verilməlidir. Gənc ailələr sosial ipoteka krediti almaq üçün Dövlət İpoteka Fonduna müraciət etməlidirlər. Kreditin verilməsi zamanı gənclərdən ailəli olması və ya boşanması haqqında sənədin tələb olunması birbaşa  “Sosial İpoteka kreditinin verilməsi haqqında” qanunda gənc və ailəli vətəndaşların sosial ipoteka almaq üçün müraciət etməsi üçün müəyyənləşdirilib. Bu sənədlər ona görə tələb olunur ki, ailəli vətəndaşların və ailənin digər fərdlərinin bu krediti ödəmək imkanları araşdırılır. Buna görə mən düşünmürəm ki, nigah və ya boşanma haqqında şəhadətnamənin tələb olunması ciddi qanun pozuntusudur. Nəzərə almaq lazımdır ki, sosial ipotekanın alınması ilə bağlı qaydaları Dövlət İpoteka Fondu müəyyənləşdirir”.

 

İpoteka krediti almaq üçün tələb olunan sənədlər siyahısında İpoteka qoyulan yaşayış sahəsi və ya torpaq sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənədin dövlət reyestrindən çıxarışın tələb olunması ilə bağlı sualımızı cavablandıran müsahibimiz qeyd etdi ki, ipoteka krediti ilə alınan mənzillərin mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur: “Yəni, kreditlə alinan mənzilin kupçası var və bu sənəd kredit alınan zaman tələb olunur. Tələb olunan bu sənəd əslində, hər hansı bir mülkiyyətin sənədinin tələb edilməsi deyil”.

 

Eyni zamanda sənədlərin arasında əmək müqaviləsinin də tələb olunması və ölkə əhalisinin 60 faizinin əmək müqaviləsi olmadan çalışmasının nəzərə alınmaması ilə bağlı məsələyə ekspertin münasibəti belə oldu ki, əgər vətəndaş işləmirsə, onun ipoteka kediti almaq üçün müraciət etmək səlahiyyəti yoxdur: “İpoteka krediti alan şəxs onun geri qaytarılmasını təmin etməlidir. Çünki həmin şəxs kredit alarkən müqaviləyə imza atır və kreditin daimi olaraq ödənilməsi ilə bağlı bütün məsuliyyəti öz boynuna götürmüş olur. Buna görə də əmək müqaviləsinin tələb edilməsi vacibdir. Bu sahədə əsas qaydalar ondan ibarətdir ki, Dövlət İpoteka Fondu əsas vəsaiti banklara qoyur. Banklar isə vəsaiti kredit şəklində vətəndaşlara ödəyir və bütün məsuliyyət də bankın üzərində qalır. Banklar isə verilən kreditin qaytarılmasına əmin olmaq üçün mütləq əmək müqaviləsi tələb edir. Bununla da həmin bank müştərinin daimi olaraq krediti qaytara biləcəyinə əmin olur”.

 

Ekspert onu da bildirdi ki, dünya təcrübəsi əmək müqaviləsi olmayan şəxslərə kredit verməyi qadağan edir. Əgər vətəndaş bir işdə işləyirsə və yüksək əmək haqqı alırsa, mütləq əmək müqaviləsi tələb etməlidir: “Onun bu cür işləməsi də qanuna ziddir. Bank isə onun yüksək maaş almasına baxmayaraq, işləməsinə əmin ola bilmir. Həmin vətəndaş əks halda, ipoteka krediti ala bilməyəcək və bu, tamamilə normal haldır. Çünki, krediti ödəyən bankdır. Müştəri ipoteka krediti üçün banka müraciətində yüksək maaş aldığını deyir, ancaq bunu rəsmi təsdiq edən sənəd təqdim edə bilmirsə, onda bank ona kredit verə bilməyəcək. Ümumiyyətlə, əmək müqaviləsi ilə işləyən vətəndaş gələcəkdə minimum təqaüdlə təmin olunacaq. Pensiyanın yüksək olması onun əmək müqaviləsi ilə daha çox işləməsi ilə sıx bağlıdır. Əmək müqaviləsi yoxdursa, sosial ödəniş də yoxdur”.

 

Bir məsələ var ki, “Sosial ipoteka haqqında” qanunda hər bir gəncin sərbəst şəkildə kredit alması üçün hər bir şərait yaradılır. Ancaq reallığa nəzər salanda görürük ki, qoyulan şərtlər tamamilə ağır şərtlərdir və istənilən gənc ailə bu krediti almaq fikrindən daşınmalı olur: “Bu sahədə ən böyük problemlərdən biri də, kredit almaq istəyən şəxsdən 18 sənədin tələb olunmasıdır. Məsələn, kredit almaq istəyən vətəndaşın şəxsiyyət vəsiqəsinin surətinin notarial təsdiq olunmasını götürək. Bütün hallarda sənəd təqdim olunursa və o, şəxsiyyət vəsiqəsinin surətini də təqdim edirsə, notarial təsdiq lazımdır?  Bir sözlə, kredit almaq istəyən vətəndaşa kifayət qədər bürokratik əngəllər qoyulur. Problemlərdən biri, tələb olunan sənədlərin çoxluğu, digəri isə ipoteka kreditləşməsinin şərtlərinin yüngülləşdirilməməsidir. Bu qaydalar imkan vermir ki, sosial ipotekadan normal isfadə olunsun. Adi ipotekanın faiz dərəcəsi belə, 8 faizdir. İnkişaf etmiş dövlətlərdə isə adi ipoteka dərəcəsi 4 faizdən artıq olmur”

 

Leave A Comment