“Sosial evlər tikilib ucuz qiymətə icarəyə verilsin”

“Sosial evlər tikilib ucuz qiymətə icarəyə verilsin”

İpoteka kreditləşməsi heç bir ölkədə mənzil problemini tam həll edə bilməyib. Bundan nəticə çıxaran Rusiya artıq başqa vasitələr tətbiq edəcək. Artıq bu ölkənin hökuməti social mənzillər tikib, ehtiyacı olanlara uzun müddətə icarəyə verməyi planlaşdırır. Qeyd edək ki, bu təcrübə sonuncu dəfə Türkiyədə uğurla tətbiq olunmaqdadır. Bu təcrübənin Azərbaycanda tətbiq olunması məsələsi ötən il parlament müzakirələrində gündəmə gəlsə də. Mərkəzi Bank və Maliyyə Nazirliyi social ipotekanın şərtlərini yüngülləşdirməklə genişləndirilməsini daha məqsədəuyğun saydı. O vaxtdan indiyə qədər güzəştli ipotekanın tətmilləşdiriləcəyi və bütün əhali təbəqələri üçün əlçatanlığının təmin olunacağı deyilsə də, bütün bunlar söz olaraq qaldı. Ekspertlər düşünürlər ki, sosial ipotekanın həcminin dövlət başçısının sərəncamına əsasən artırılmasına baxmayaraq, həm sosial ipoteka, həm də ümumi şərtlərlə verilən ipotekanın məbləği aşağı salınmalıdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirir ki, verilən ipotekada faiz dərəcələri digər ölkələrin bu sahə üzrə faiz dərəcələri ilə müqayisə edilməli və uyğun rəqəm təyin olunmalıdır. Onun sözlərinə görə, amma bu sahədə əsas istiqamətlərdən biri də sosial evlərin tikilməsi və həmin mənzillərin ehtiyacı olan vətəndaşlara verilməsidir: “Belə ki, bu evləri dövlət və ya özəl şirkətlər tikib, vətəndaşlara xüsusi güzəştlərlə verə bilər. Bir sözlə, sosial evlər müqavilə şərtlərinə uyğun olan vətəndaşlara faizsiz verilməlidir. Dünya təcrübəsində belə bir praktikadan istifadə edilib. Ən çox gənc ailələrin bu evlərə ehtiyacı olduğu nəzərə çarpır. İpotekadan əlavə sosial evlər layihəsi olmalı, İslam Bankı kimi az faizlə kredit verən banklar fəaliyyət göstərməli və İpoteka Fondu öz fəaliyyətini genişləndirməlidir. Hesab edirəm ki, ipoteka kreditlərinin faiz dərəcəsi vətəndaşların büdcələrinə uyğun olaraq hesablanmalıdır”.

İqtisadçı ekspert Vüqar Bayramov da bildirir ki, sosial evi tikən tərəf həm mənzilləri inşa etməklə vətəndaşlara aşağı qiymətə satmalı, həm də inşa etdiyi mənzillərin bir qismini uzunmüddətli dövr üçün vətəndaşlara kirayə formasında təklif etməlidir: “Güman olunur ki, bu, 7- 15 il müddətində təklif oluna bilər. Amma təəsüf ki, bu işi həyata keçirə biləcək Sosial Mənzil Fondunun yaradılması tamamlanmayıb. Bu gün Bakıda mövcud mənzillərin cəmi 3faizi sosial mənzil fondudur. Onların böyük bir qismi özəl şirkətlər tərəfindən inşa edilən sosial mənzillərdir. Mövcud qanunvericiliyə əsasən, özəl şirkətlər inşa etdikləri binalarda mənzillərin bir qismini sosial məqsədlə yerli icra hakimiyyəti orqanlarına təqdim etməlidir. Yerli icra hakimiyyət orqanları da sosial məqsədlə təqim edilən evləri vətəndaşlara pulsuz verməlidir. Amma nəzərə alaq ki, həmin mənzillərin böyük bir qismi adətən müxtəlif sənəd adamlarına, idmançılara pulsuz olaraq verilir. O baxımdan bu sosial mənzillərdən ümumi əhalinin istifadə etmək imkanları xeyli zəifdir. Eyni zamanda dövlət büdcəsindən müxtəlif kateqoriyalı insanların mənzilə olan tələbatın ödənilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılır. Amma bütövlükdə nəzərə alsaq ki, inkişaf etməkdə olan ölkələrdə sosial mənzil fondunun ümumi mənzil fondunda payı 20 faizdir. Amma Azərbaycanda bu rəqəm 3-4 faizdir. Deməli, sosial mənzil fonduna ayrılan vəsaitin artırılmasına ehtiyac var”. Mütəxəssislər bu üsulun üstünlüyünü onunla izah edirlər ki, aztəminatlı insanlar məskunlaşmaq üçün təxminən 70-80 manat kirayə haqqı ödəməklə ev problemini həll edə biləcəklər”.

İqtisadçı Samir Əliyev də həmkarlarının fikirləri ilə razılaşır. Onun fikrincə, birincisi ipoteka şərtləri yüngülləşdirilməlidir: “İkincisi «Tikinti əmanət bankları haqqında» Qanun layihəsinin hazırlanmasıdır. Sözügedən layihənin qəbulu bir neçə ildir ki, yubadılır. Amma inkişaf etmiş bir sıra ölkələrdə bu insanları mənzillə təmin edilməsində böyük rol oynayan mexanizmlərdən biridir. Belə ki, hər bir valideyn tikinti əmanət banklarında övladlarının adına hesab aça və ora mütəmadi vəsait yatıra bilərlər. Övladları bəlli yaşa çatandan sonra ev almaq üçün vəsaiti götürə bilirlər. Əgər mənzil almaq üçün pul yetməzsə, həmin bankdan güzəştli şərtlərlə kredit götürə bilərlər”.

Müsahibimiz son olaraq sosial evlərin tikintisini məqsədəuyğun sayır: “Dünyada geniş yayılmış bir praktikadır. Burada mənzil fondlarının əksər hissəsini sosial evlər təşkil edir. Belə mənzillərdə yaşayanlar hökumətə hər ay bəlli bir məbləğ keçirir. Bir müddətdən sonra mənzil vətəndaşın adına keçir. Azərbaycan hökuməti əgər kifayət qədər vəsaitlərin olduğunu deyirlərsə, o zaman sosial xarakterli binaların tikintisinə başlamalıdırlar. Qanunda belə bir hüquq bələdiyyələrə verilsə də, indiyədək həyata keçirilməyib». S.Əliyev deyir ki, sosial evləri hökumət icarəyə verə bilər.

Əfsun

Leave A Comment