«Sahibkarlar təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər»

«Sahibkarlar təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər»

Həftənin əvvəlində metro stansiyalarının girişində ticarətin qadağan edilməsi gündəmi zəbt etmişdisə, həftəsonu ticarət mərkəzlərinin yanması xəbəri manşetlərə çıxıb.

İki gün bundan əvvəl “Sahil” Ticarət Mərkəzinin yanmasının ardınca bu gün “Memar Əcəmi” metrostansiyası yaxınlığındakı “Moskva” univermağında yanğın baş verib. Yanğın ticarət mərkəzinin 1-ci mərtəbəsindəki eskalatorun yanından başlayıb. Bundan sonra alov böyüyərək ətrafdakı mağazaları da əhatə edib. “Moskva” univermağının yarısı, demək olar ki, yanıb.

Ticarət mərkəzlərinin bir-birinin ardınca yanması hər kəsdə sanki paytaxtın ticarət mərkəzlərinə kiminsə qənim kəsildiyi təəssüratı yaradır. Maraqlıdır, kimdir ticarət mərkəzlərini yandıran? Modern.az bu suala cavabı iqtisadçı ilə birgə cavablamağa çalışıb.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, yanğınların bilərəkdən və ya təsadüfən baş verməsini iddia etmək çətindir: “Bu, məhkəmə orqanlarının müəyyənləşdirə biləcəyi bir işdir. Müşahidələrimiz göstərir ki, ticarət obyektlərində baş verən yanğınların səbəbi elektrik enerjisinin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsidir. Burada sahibkarların da, həmin obyektələrə nəzarət edən dövlət qurumlarının da günahı var. Əksər ticarət obyektlərində elektrik sobalarından istifadə edilir. Sahibkarlar təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. Təəssüf ki, buna əməl etmirlər. Qaydalara əməl etməyəndə isə ciddi fəsadlara gətirib çıxarır”.

İqtisadçı ekspert “Moskva” univermağında yanan qızıllara görə ölkədə qiymət artımının olacağını mümkünsüz sayır: “Yanğınlar zamanı qızılların yararsız hala düşməsi qızıl bazarına təsir göstərməyəcək. Çünki qızılın idxal imkanları genişdir. Qızılın qiymətinin müəyyənləşdirilməsi ölkədə bu gün mövcud olan qızılın həcmi ilə deyil, dünya bazarında qızılın qiyməti, eyni zamanda Azərbaycanın qızıl gətirdiyi ölkələrdəki qiymətlə müəyyənləşir. Bu baxımdan qızılın qiymətinin artmasını iddia etmək doğru olmaz. İdxal var və idxalda hər hansı baryerlər və maneələr tətbiq edilməyib. Düzdür, dünya bazarında qızılın qiymətində müəyyən artımlar var. Bu qiymət artımı Azərbaycana da təsir edə bilər. Artıq qızılın hər qramı 44 dollara satılır. Son 6 ayda qızılın qiyməti 5 faiz, son bir ayda isə 7 faizə yaxın artıb.

Ölkədə də qızılın qiyməti artacaqsa, bu univermağın yanması ilə bağlı olmayacaq. İqtisadi baxımdan artım ola bilməz. Yanğınlarla bağlı qiymət artımı baş verəcəksə, bu süni şəkildə olacaq. Sahibkarlar onlara dəyən ziyanı qızılın qiymətini artırmaqla konpensasiya etməyə çalışacaqlarsa, dövlət qurumları bununla bağlı addımlar atmalıdırlar. İqtisadiyyat və sənaye nazirliyi bu işlə ciddi məşğul olmalıdır. Heç bir halda sahibkarlara dəyən ziyanın vətəndaşların cibindən çıxarılmasına imkan verilməməlidir. Çünki sahibkarlara dəyən ziyana görə vətəndaşlar məsuliyyət daşımırlar”.

Leave A Comment