“Moskva” univermağı da yandı

“Moskva” univermağı da yandı

Hadisə zamanı xəsarət alan olmasa da, sahibkarlara xeyli ziyan dəyib; son üç gündə iki məşhur ticarət mərkəzində baş verən yanğın bəzi şübhələrə yol açıb

Martın 14-də səhər saat 08.00 radələrində “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı məşhur “Moskva” ticarət mərkəzinin binasında yanğın başlayıb. Dərhal hadisə yerinə gedən musavat.com-un əməkdaşının verdiyi xəbərə görə, yanğın baş verən zaman ticarət mərkəzində heç kəs olmayıb.

Satıcılar yanğından sonra gəliblər. Yanğın əsasən gəlin paltarları və ümumilikdə trikotaj məhsullarının olduğu 2-ci mərtəbə çıxan eskalatordan başlayıb. Həyəcanla yanğının izləyən dükanı sahibləri təbii ki, içəri buraxılmayıblar. Media işçiləri də görüntülər götürmək üçün xeyli çaba sərf etməli olublar.

Hadisə yerinə FHN dövlət yanğından mühafizə briqadalarının 4 yanğınsöndürən maşını 2 təcili yardım cəlb olunub. Təxminən 1 saat sonra yanğın tam söndürülüb və FHN-in rəsmi məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb. Rəsmi məlumatda deyilir ki, ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən zinət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Qeyd edək ki, “Moskva” da uzun müddətdir ki, əsasən qızıl əşyaları satılır. Məlumatlara görə, yanğından sonra içəri buraxılan dükan sahiblərinin bəzilərinə ciddi ziyan dəyib. Məsələn, iddialara görə, təkcə bir satıcının seyfə qoyduğu 400 üzük və digər qızıl əşyası əriyib, yararsız hala düşüb.

“Moskva” Univermağında baş verən yanğından sonra ticarət mərkəzinin kimə aid olması ilə bağlı müxtəlif iddialar ortaya çıxıb. Kimi həmin ticarət mərkəzinin deputatlardan birinə aid olduğunu, kimi isə yenicə işdən kənarlaşdırılan Bakı Metropolitenin sabiq şefi Tağı Əhmədovun adını hallandırıb.

Modern.az saytı isə etibarlı mənbədən aldığı məlumata istinadən ticarət mərkəzinin Elmira Mədətovaya məxsusdur. “O, uzun illərdir ki, ticarət mərkəzinin rəhbəridir. ”Moskva” univermağını xırda sahibkarlara icarəyə verib” deyə, sayt yazıb. “Yeni Müsavat”ın özəl məlumatına görə, Elmira Mədətova 36 ildir ki, “Moskva” univermağı ASC-nin sədridir. “Moskva” univermağının təxminən 600 nəfərdən çox işçisi var.

İqtisadçı ekspert Vüqar Bayramov sayta deyib ki, univermaqda yanan qızıllara görə ölkədə bu metalın qiymətin artacağını real deyil: “Yanğınlar zamanı qızılların yararsız hala düşməsi qızıl bazarına təsir göstərməyəcək. Çünki qızılın idxal imkanları genişdir. Qızılın qiymətinin müəyyənləşdirilməsi ölkədə bu gün mövcud olan qızılın həcmi ilə deyil, dünya bazarında qızılın qiyməti, eyni zamanda Azərbaycanın qızıl gətirdiyi ölkələrdəki qiymətlə müəyyənləşir. Bu baxımdan qızılın qiymətinin artmasını iddia etmək doğru olmaz. İdxal var və idxalda hər hansı baryerlər və maneələr tətbiq edilməyib. Düzdür, dünya bazarında qızılın qiymətində müəyyən artımlar var. Bu qiymət artımı Azərbaycana da təsir edə bilər. Artıq, qızılın hər qramı 44 dollara satılır. Son 6 ayda qızılın qiyməti 5 faiz, son bir ayda isə 7 faizə yaxın artıb.

Ölkədə də qızılın qiyməti artacaqsa, bu univermağın yanması ilə bağlı olmayacaq. İqtisadi baxımdan artım ola bilməz. Yanğınlarla bağlı qiymət artımı baş verəcəksə, bu süni şəkildə olacaq. Sahibkarlar onlara dəyən ziyanı qızılın qiymətini artırmaqla kompensasiya etməyə çalışacaqlarsa, dövlət qurumları bununla bağlı addımlar atmalıdırlar. İqtisadiyyat və Sənaye Nazirliyi bu işlə ciddi məşğul olmalıdır. Heç bir halda sahibkarlara dəyən ziyanın vətəndaşların cibindən çıxarılmasına imkan verilməməlidir. Çünki sahibkarlara dəyən ziyana görə vətəndaşlar məsuliyyət daşımırlar”.

İqtisadçı ekspertin sözlərinə görə, yanğınların bilərəkdən və ya təsadüfən baş verməsini iddia etmək çətindir: “Bu, məhkəmə orqanlarının müəyyənləşdirə biləcəyi bir işdir. Müşahidələrimiz göstərir ki, ticarət obyektlərində baş verən yanğınların səbəbi elektrik enerjisinin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsidir. Burada sahibkarların da, həmin obyektələrə nəzarət edən dövlət qurumlarının da günahı var. Əksər ticarət obyektlərində elektrik sobalarından istifadə edilir. Sahibkarlar təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. Təəssüf ki, buna əməl etmirlər. Qaydalara əməl etməyəndə isə ciddi fəsadlara gətirib çıxarır”.

Xatırladaq ki, 3 gün əvvəl “Sahil” metrostansiyasının üstündə olan “Sahil” ticarət mərkəzində də yanğın baş vermişdi.

Musavat.com axar.az-a istinadən son beş ayda ticarət mərkəzlərində baş verən hadisələrin xronologiyasını təqdim edib:

1. 19 oktyabr. Sumqayıtın iri ticarət mərkəzi olan “Karvan” yanaraq kül oldu.
2. 24 dekabr. “Binə” Ticarət Mərkəzi yandı.
3. 2 fevral. Şəkidə böyük bazar yandı.
4.17 fevral. Astarada böyük bazar yandı.
5. 12 mart. “Sahil” Ticarət Mərkəzi yandı.
6. 14 mart. “Moskva” ticarət mərkəzi yandı.

Ölkədə ticarət mərkəzlərində yanğınların artması və bir çoxunun səbəbinin “qısaqapanma” ilə izah olunması bu hadisələrlə bağlı haqlı şübhələr yaradır. Qeyd edək ki, azad rəqabət olmayan ölkələrdə ticari rəqiblərin bir-birlərini belə müəmmalı yanğınlarla sıradan çıxarması praktikası var. Bu həm ticarət mərkəzlərinə, həm də bazarlara aiddir. Bu yanğınların ölkədə çaxnaşma və panika yaratmaq istəyən xarici qüvvələrin törədə biləcəyi barədə iddialar olsa da, bu təsdiqini tapmayıb.

Adının çəkilməsini istəməyən təhlükəsizlik xidmətinin sabiq əməkdaşlarından biri də bizimlə söhbətində bu cür yanğınlarda xarici qüvvələrin rolu olduğunu istisna etmir: “Bu cür iddiaları xüsusilə hüquq-mühafizə orqanları öz daxili təlimatlarına uyğun araşdırır və ictimaiyyətə məlumat verilmir. Amma bu yanğınlarla bağlı şübhələr olduqda araşdırma daha hərtərəfli aparılır. Ona görə son aylardakı yanğınları xarici qüvvələrlə əlaqələndirimək mümkün deyil. Bu hadisələr daha çox ticarət mərkəzlərində yanğınla bağlı təhlükəsizlik qaydalarının pozulması səbəbindən olur”.

Məhəmməd TÜRKMƏN

Leave A Comment