Kredit qadağası 10 bankı müflisləşdirir

Kredit qadağası 10 bankı müflisləşdirir

Mərkəzi Bank həm 50 milyon manatlıq nizamnamə kapitalı tələb edir, həm də bankların gəlir mənbəyini qapayır

Vüqar Bayramov AMB-ı vaxtında tədir görməməkdə qınayır

Azərbaycandakı bank və müştəri münasibətlərində ciddi problemlər var. Bu ilin başlanğıcından etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini qadağan edib, avtomobillərin kreditlə satışına məhdudiyyət qoyulması vəziyyəti daha da mürəkkəbləşdirib. Qadağaya səbəb kimi, problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir. Bank mütəxəssislərinin sözlərinə görə, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb, buna görə də, Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib.

İqtisadçı ekspert Vüqar Bayramovun “Bizim Yol” qəzetinə verdiyi açıqlamada bildirdi ki, kommersiya banklarının müştərilərlə münasibətləri, heç də ürək açan deyil. Belə ki, kommersiya bankları müştərilərdən artıq sənədlər tələb edir, müştərilərə kiçik məbləğdə istehlak kreditləri təklif edirlər ki, bu da müştərilərin yalnız kreditin alması ilə bağlı çətinliklər yaşaması deyil, eyni zamanda kommersiya banklarının özünün də kredit fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxarır. “Nəzərə alsaq ki, gəlirlərinin əsas hissəsi kreditləşmə hesabına formalaşır, hal-hazırda kommersiya banklarının gəlirlərində kəskin azalmalar müşahidə olunur. Bank sektorundakı ümumi durumdan nə kommersiya bankları, nə də vətəndaşlar faydalana bilirlər”, deyə bildirdi.

Onun sözlərinə görə, kreditləşmə kommersiya qurumlarının əsas gəlir mənbəyidir və bu da bir sıra banklarının nizamnamə kapitalının yerinə yetirilməsi tələbinə əməl etməsində çətinliklər yaradır. “Bizim hesablamalarımıza görə, ən azı 10 bankın nizamnamə kapitalının yerinə yetirilməsi ilə bağlı problemi var. Nəzərə alsaq ki, AMB nizamnamə kapitalının 50 milyon manatadək artırılması ilə bağlı qərar qəbul edib. Beləliklə banklar nizamnamə kapitalını 50 milyonadək artırmalıdır. Amma kredit məhdudiyyəti bu tələbi ödəməkdə çətinlik çəkən kommersiya qurumlarının işini daha da çətinə salıb. Reallıq 10 bankın ilin sonunadək müflisləşmə təhlükəsi ilə üz-üzə qalması ehtimalını yaradır”, deyə əlavə etdi.

Vüqar Bayramov onu da qeyd etdi ki, banklar həmçinin real sektora da kreditləri artıra bilmirlər. “Real sektora təklif olunan kreditlərin faiz dərəcəsi istehlak kreditləri ilə müqayisədə aşağı olmasına baxmayaraq, maliyyə resursları məhdud olduğundan bu sektora kreditlər artırmaq mümkünsüzdür”, deyə o bildirdi. Kreditlərin vaxtında ödənilməməsi kimi səbəblərə gəldikdə isə, Vüqar bəy qeyd etdi ki, belə bir hallarla üzləşməmək üçün AMB vaxtında düzgün islahatlar aparmalı idi. “Kreditin məhdudlaşdırılması inflyasiya təhlükəsini yaradır. Nəzərə alsaq ki, 2008-ci ildə AMB tərəfindən qəbul edilmiş və 2011-ci ildə əlavə dəyişikliklər edilmiş kreditlərin verilməsi qaydalarında kommersiya banklarından kreditlərin verilməsi zamanı arayışların tələb edilməsi qeyd olunurdu. AMB 2014-cü ilin əvvəlinədək bu qaydaya əməl edilib-edilməməsinə göz yumurdu. Bu da kreditlə bağlı problemlərin dərinləşməsində, kommersiya banklarının daha çox kütləvi kreditləşməyə yönəlməsində AMB bank sektorunda apardığı islahatların zəif olmasında ciddi rolu oldu. AMB-nın digər qorxusu ondan ibarətdir ki, pul dövriyyəsində nağd pulun həcmini artırmalıdırlar. Nağd pulun həcmi 2013-cü ilin yekunları 2014-cü ilin əvvəllərində olan məlumata görə, 17% artıb. İqtisadçı ekspert yaranmış vəziyyətdən çıxış yollarında birini qeyd edərək dedi ki, AMB mərkəzləşdirilmiş kredit resurslarının sayını artırmalıdır. Onun sözlərinə görə, mərkəzləşdirilmiş kredit resurslarının sayı ümumi kommersiya banklarının aktivləri təxminən 7%-dir ki, bu da kiçik rəqəmdir. “Bu məbləğin artırılmasına ehtiyac var ki, kommersiya bankları daha ucuz maliyyə resursları əldə etsinlər və onlar da təbii ki, daha ucuz kreditlər versinlər.

Gülnar Səlimova

Leave A Comment