Dərman biznesində vahid qiymət

Dərman biznesində vahid qiymət

Azərbaycan hökumətinin bu istiqamətdəki təşəbbüsləri dərman bazarına nə vəd edir?

«Azərbaycanda bütün apteklərdə satılan dərmanlar üçün vahid qiymət siyasətinin tətbiqi gözlənilir. Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə bərabər xüsusi təkliflər paketi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib».

“Həftə içi”nin məlumatına görə, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında belə deyib. O, bu məsələnin aktual olduğunu deyərək təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Bu cür neqativ halları aradan qaldırmağa çalışdıqlarını bildirən hökumət rəsmisi vurğulayıb ki, qeyd olunan sənəd yaxın vaxtlarda təsdiq olunacaq: “Amma bu, sadə məsələ deyil. Dərmanlar real qiymətindən baha satılmamalıdır. Dərman satışı ilə bağlı süni bahalaşma hallarının qarşısı alınacaq”.

Xatırdalaq ki, vahid qiymət siyasəti tətbiq edildikdə, Azərbaycanda dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş bütün dərman preparatlarının qiymətləri həm özəl, həm də dövlət apteklərində eyni, təsdiq olunmuş qiymət əsasında olacaq.

Yeri gəlmişkən, hazırda Azərbaycanın əczaçılıq müəssisələrində Hindistan, Çin, İtaliya, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, İsrail kimi ölkələrdən gətirilən dərmanlar üstünlük təşkil edir.
Bəs, görəsən, vahid qiymət siyasətinin tətbiq edilməsi bazara necə təsir göstərəcək? Ümumiyyətlə, hökumətə təqdim olunan sənəddə konkret hansı təkliflər irəli sürülüb?

Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli «Həftə içi»nə açıqlamasında deyib ki, əslində təmsil etdiyi qurumun dərman bazarına müdaxilə etmək səlahiyyəti yoxdur. Onun sözlərinə görə, bu iş anti-inhisar qurumlarının, İqtisadiyyat və Sənaye Nazirliyinin məşğul olacağı məsələdir: “Bazar iqtisadiyyatı olduğu üçün Səhiyyə Nazirliyi özəl sektora müdaxilə edə bilməz. Düzdür, dərmanların baha satılması məsələsini bir neçə dəfə səhiyyə nazirinin müavini Elsevər Ağayev də qabardıb. Amma bu işə konkret müdaxilə etmək səlahiyyətimiz olmadığından heç bir addım atılmayıb».
Nazirlik rəsmisi Nazirlər Kabinetinə göndərilən təkliflər paketinə toxunaraq sözügedən sənədi Səhiyyə Nazirliyinin deyil, İqtisadiyyat və Sənaye Nazirliyinin hökumətə təqdim etdiyini söyləyib: «Bununla bağlı ikitərəfli məsləhətləşmələr aparılıb və bizim mütəxəssislər təklif paketinin hazırlanmasında yaxından iştirak ediblər. Amma sənəd iqtisadiyyat və sənaye nazirinin adından hökumətə göndərilib. Düzdür, təkliflər paketində konkret hansı detalların nəzərdə tutulduğunu bilmirəm. Lakin məndə olan məlumata görə, sənəd hazırlanarkən inkişaf etmiş ölkələrin təcrübəsi nəzərdən keçirilib. Səhv etmirəmsə təkliflər paketində nəzərdə tutulan əsas məsələ qiymət siyasətinin istehsalçı ilə razılaşdırılmasıdır. Yəni, istehsalçının satdığı məhsulun bütün ixracatçılara eyni qiymət satması tələb kimi qoyulacaq».

Qanun imkan verməsə də…

Mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə “Həftə içi”nə açıqlamasında deyib ki, dərmanların qiymətinin eyniləşdirilməsi bazar prinsiplərinə zidd sayılır. Onun sözlərinə görə, əslində bu, cəlbedici görünür: “Amma bu, bazar iqtisadiyyatı prinsiplərinin pozulmaması şəraitində olmalıdır. Ümumiyyətlə, dövlətin bəzi hallarda qiymət tavanı müəyənləşdirmək imkanları var. Düşünürəm ki, sözügedən vahid qiymət siyasəti aparılarsa, bu, heç də apteklərin sıradan çıxmasına gətirib çıxarmayacaq. Bəzi apteklərin gəliri azalacaq, bəzilərininki isə hətta artacaq. Bütün hallarda vahid qiymətlərin müəyyənləşdirilməsi apteklərin sıradan çıxmasına gətirib çıxarmayacaq».

Ekspert onu da qeyd edib ki,apteklərdə dərmanın qiymətləri arasında fərqi azaltmaq üçün dərman bazarında liberallaşdırılma aparılmalıdır. Vüqar Bayramov hesab edir ki, liberallaşdırma siyasəti birmənalı şəkildə dərmanların qiymətinin aşağı düşməsinə gətirib çıxarar. Amma onu da unutmaq olmaz ki, heç bir halda qonşu ölkələrlə qiymət fərqinin iki dəfə, bəzi hallarda daha çox olması iqtisadi qanunlara uyğun deyil: “İqtisadi qanunlar heç bir halda qiymət fərqinin yaranmasına imkan vermir. İqtisadi qanuna görə, əgər ölkələr arasında sərhəd varsa, qiymət fərqləri bu səviyyədə ola bilməz. Bu baxımdan bütün apteklərdə eyni qiymətin tətbiqi bazar iqtisadiyyatında qəbuledilməz olsa da, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiyməti müəyyənləşdirən sahibkarlara qarşı cəzalar tətbiq edə bilər. Yəni, bu qurumun inzibati üsullarla olsa da, qiymətlərin aşağı salınmasını tələb etmək hüququ var. Amma bütün apteklərdə eyni qiymətə məhsulların satılmasının tələb edilməsi qanunvericiliyə ziddir. Əgər satılan məhsulun üzərinə 100 və daha çox faiz qoyulursa, bu artıq süni qiymət artımı sayılır. Sözsüz ki, belə halda nazirlik mütləq tədbir görməlidir».

İnhisarçılıq aradan qaldırılmalıdır

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə hesab edir ki, dərman bazarında vahid qiymət siyasətinin tətbiq olunması bazar prinsiplərinə zidd sayılsa da, bəzi metodlardan istifadə etməklə bazarı tənzimləmək mümkündür. Ekspert “Həftə içi”nə bildirib ki, burada ən vacib məqam dövlət tərəfindən pulsuz paylanan dərmanların qiymətinə nəzarətdir. Onun fikrincə, hökumət ilk növbədə bu məsələdən başlamalıdır və dövlət tərəfindən pulsuz nəzərdə tutulan dərman vasitələrinin bütün apteklərdə vahid qiymətə satışı təşkil olunmalıdır: “Çalışmaq lazımdır ki, molekul tərkibi eyni, lakin müxtəlif qiymətə təklif olunan dərman pereparatları arasında fərq aradan qaldırılsın. Məsələn, biz apteklərdə tez-tez eyni tərkibli dərmanların dəfələrlə baha qiymətə təklif olunmasının şahidi oluruq. Yəni, bunların tərkibi eyni olsa da, qiymət arasında kəskin fərq var. Hazırda hökumətin bu məsələni tənzimlənməsinə ehtiyac var».
Azər Mehtiyev vurğulayıb ki, bu gün eyni dərmanın qiymətinin müxtəlif apteklərdə müxtəlif qiymətlərdə olmasının səbəbi qiymətlərin tənzimlənməməsi ilə bağlı deyil: «Dərman idxalı faktiki olaraq bir neçə şirkətin inhisarındadır və qiymətləri də onlar tənzimləyir. Problem də bununla əlaqədar olaraq ortaya çıxır. Yəni, Azərbaycanda bu sahədə ən vacib məsələ rəqabəti təmin etməkdir».

Nəzarətə ehtiyac var

Ölkədə dərman biznesinin həddindən artıq inhisarlaşdığını vurğulayan ekspert deyib ki, respublikaya dərman gətirilməsi və ölkədaxili istehsal inhisarlaşdığından, apteklər də bir əldən onu almağa məcburdur: “Rəqabət ancaq pərakəndə satışda meydana çıxır. Bu isə təbii olaraq müxtəlif apteklərdə qiymətlərin fərqli olmasına səbəb olur. Ölkədə dərmanın qiymətinin yüksək olması və eyni preparatın müxtəlif qiymətlərə təqdim olunması birbaşa inhisarçılıqla bağlıdır. Bu baxımdan bazardakı xaosun aradan qaldırılmaq istəyiriksə, rəqabət imkanlarını genişləndirməliyik”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da “Həftə içi”nə açıqlamasında vahid qiymət prosedurunu dəstəklədiyini bildirib. Onun sözlərinə görə, qonşu İranda da bununla bağlı vahid qərar qəbul olunub: “Orada bütün apteklərdə dərmanların qiymətləri stabildir və bunun da gözəl nəticələrini görmək olur. Əvvəla, çalışmaq lazımdır ki, Azərbaycana daxil olan dərman maddələri bir-birini təkrarlamasın. Məsələn, müxtəlif firmalar eyni adda, eyni tərkibdə yüzdən çox dərman preparatları gətirirlər. Dərmanlar insan həyatında önəm kəsb etdiyi üçün kimin nə satdığına və hansı qiymətə satdığına ən ciddi şəkildə nəzarət edilməlidir. Bu baxımdan dərmanların vahid qiymət sistemi çox vacib priosesdir və hesab edirəm ki, bu vətəndaşların mənafeyinə xidmət edəcək».

Sevinc

Leave A Comment