Ekspert: İpoteka sahəsində korrupsiyaya qarşı mübarizə gücləndirilməlidlir

Ekspert: İpoteka sahəsində korrupsiyaya qarşı mübarizə gücləndirilməlidlir

Azərbaycanda ipoteka kreditləşməsi bu gün də davam etdirilir. Məlum məsələdir ki, kreditin bu sahəsinə tələbat, olduqca, böyükdür. İpoteka kreditlərinin verilməsində şərtlər, nisbətən, ağır olduğu üçün vətəndaşların əksər hissəsi bundan yararlana bilmir.

İqtisadçı- ekspert Vüqar Bayramov hesab edir ki, ipoteka proqramında şərtlərin asanlaşdırılması üçün proqrama yenidən baxılması vacibdir:

“Hazırda ipoteka kreditinə müraciət etmək üçün tələb olunan sənədlərin sayı 18-dir. Biz uzun müddətdir ki, elektron ipoteka proqramının tətbiq edilməsini təklif edirik. Amma, təəssüflər olsun ki, bu, Mərkəzi Bank tərəfindən, hələ ki, cavablandırılmayıb. Elektron qaydanın tətbiq olunmaması vətəndaşın uzun süründürməçiliyə məruz qalmasına gətirib çıxarır. İpoteka kreditlərinin verilməsində diskriminasiyanın aradan qaldırılması, qeyri- rəsmi ödənişlərin həcminin azaldılması,ipoteka proqramındakı korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, ödəniş probleminin həll olunması üçün ilkin ipoteka fondu yanında ipoteka zəmanət fondunun yaradılmasına ehtiyac var. Təssüf ki, bu məsələlər, hələ də, yubadılır”.

Ekspertin sözlərinə görə, dövlət ipotekası, yəni güzəştli ipotekanın 2014-cü ildəki həcmində 2013-cü ilə nisbətən heç bir artım yoxdur:
“2013-cü ildə də dövlət büdcəsindən ipoteka proqramına 40 milyon manat vəsait ayrılmışdı, eyni məbləğ 2014-cü ildə də nəzərdə tutulub. Maliyyə Nazirliyinin bildirdiyi rəqəm isə ümumi ipoteka bazarında olan, eyni zamanda kommersiya banklarının təklif etdiyi ipotekanın həcmindəki artımlardır. Orta hesabla, il ərzində kommersiya bankları tərəfindən vətəndaşlara 90 milyon manat ipoteka krediti verilib”.

V. Bayramov deyir ki, sosial ipoteka kreditlərinin həcminin artırılması vacibdir:

“Eyni zamanda ipoteka proqramı ilə yanaşı, digər metod kimi, sosial mənzil fondunun yaradılması, dövlətin özünün mənzil təklif etməsini məqsədəuyğun hesab edirəm. Çünki ipoteka proqramı aktiv vasitədir və birmənalı şəkildə tələbatı artırır, bu da öz növbəsində qiymətlərin artmasına gətirib çıxarır.

İpoteka kreditlərinə ayrılan vəsaitlərin həcminin artırılması müsbət hal olsa da, bütün hallarda dövlət çalışmalıdır ki, aktiv deyil, daha çox passiv vasitələrdən istifadə etməklə, vətəndaşların mənzilə olan tələbatının ödənilməsinə nail olsun. Bu, birmənalı şəkildə bazarda təklifin artmasına və analoji olaraq, qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq”.

Həsən Babayev/Aktual.az

Leave A Comment