Günahsız cibgirlər (ARAŞDIRMA)

Günahsız cibgirlər (ARAŞDIRMA)

Soyulan və döyülən potensial dustaqlar barədə

Tanış bir suvaq ustası var. “Nə var, nə yox?” sualına cavabı həmişə oxşar olur. Ya deyir: “Əla, yağlı müştəri tutmuşam”. Ya da bədbin cavab verir: “Müştəri atdı bizə. Başdan 2000 manat söz vermişdi, amma indi üstümüzə 500 manat tulladı, qapıdan qovdu. Bəlkə kömək edəsən bizə?”. Qayıdıram: “Bəs sənin onunla müqavilən və ya başqa bir anlaşman-filanın varmı ki, məhkəməyə müraciət edək”. Məlum olur ki, heç nəyi yoxdur. Bu cür fərdi işləyən sənətkarlar gördükləri işin pulunu “xozeyin”dən almaq üçün bəzən bir ildən çox ayaq döyməli olurlar. Elə də olur ki, müştəri alternativ yollara əl atır – Bakı kəndlərinin birində varlı “xozeynin” qapısına 50 dollar üçün bir ay ayaq döyən usta axırda onu öldürmüşdü.

ANS PRESS-in araşdırmasına görə, Bakıda bu cür sənədsiz-müqaviləsiz işləyən 100 minə yaxın fərdi sənətkar var və onların hüquqlarının bu cür pozulması tez-tez baş verir. Adətən fərdi sənətkarlar özlərinə işi tanışlıq yolu ilə tapırlar və bu zaman heç bir sənəd-müqavilə imzalanmır. Ustaların dediyinə görə, hətta iri tikinti layihələri həyata keçirən şirkətlər belə işçini qeyri-rəsmi dəvət edirlər. Yəni heç bir sabit maaş-flan olmur, sadəcə işçiyə orta hesabla günü 15-20 manatdan pul ödənir. Bəzi ustalar gördükləri işə bazara uyğun qiymətlə pul istəyirlər, amma bu da şirkətləri qane eləmir. Bir ara Azərbaycanda tikinti “bumu” yaşanan zaman iş adamları belə “bahaçıl” ustalardan yaxa qurtarmaq üçün xaricdən işçi gətirməyə üstünlük verirdilər. Xüsusilə də, Çindən. Məsələn, tikinti bumu zamanı Çindən gətirilmiş ustalar evlərə suvağı maksimum kvadratmetri 2 manatdan vururdular. Yerli ustalar isə 3-4 manat istəyirdilər.

Təbii ki, o boyda yol basıb bura gəlmiş xarici usta müəyyən qədər pul qazanmaq istəyirdi ki, ona görə də işi necə gəldi görürdü. Məsələn, bir çinli usta bir otağın suvağını (50 kvadratmetr) bir gündə vururdu. Bu isə işin həddindən keyfiyyətsiz görülməsi ilə nəticələnirdi. Mənzili satın alan adamlar isə bu problemi həll etmək üçün əlavə xərclər çəkməyə məcbur olurdu.

Təbii, həmin çinli ustaların da fəaliyyəti bizim ustalar kimi heç yerdə qeydə alınmırdı. Nəticədə, vergi orqanları tərəfindən qeydə alınmayan iqtisadi fəaliyyətin ölçüləri genişlənirdi. Büdcə nəzarətindən yan keçən bu dövriyyəni hesablamaq da elə çətin deyil. Orta hesabla bir ustanın ayda 800 manat (ildə təxminən 10 min manat) qazandığı nəzərə alınarsa, ildə bu sektorda təxminən 1 milyard dolların fırlandığını müəyyən etmək olar. Yəni təkcə Bakıda qeyri-rəsmi fəaliyyət göstərən ustalar büdcədən ildə təxminən 100 milyon manatlıq vergi və sosial ödəniş gizlədirlər. Büdcədə vergi daxiolmalarının təxminən 6 milyard manat olduğu və bunun təxminən 70 faizinin neft sektorundan gəldiyi nəzərə alınarsa, bu məbləğ neftdənkənar sektordan büdcəyə ödənişləri xeyli artıra bilər. Fərdi ustaların iş sifarişçiləri ilə problemləri də asan həll edilər və onların yaşlandıqdan sonra ala biləcəyi pensiyaların da miqdarı yetərincə artar.

İnkişaf etmiş ölkələrdə bu problem əmək birjalarının vasitəsi ilə həll edilir. Yəni ustalar birjalarda qeydə alınır, birja onlar üçün sifarişlər tapır, hər şey rəsmi şəkildə qeydə alınır və təbii ki, vergilər də vaxtı-vaxtında ödənilir. Qərbdə sifarişçinin işin pulunu ödəməməsi halı qeyri-mümkündür. Böyük Britaniyanın Kardif şəhərində yaşayan və sənətkar kimi fəaliyyət göstərən bir azərbaycanlı miqrant ANS PRESS-in əməkdaşı ilə söhbət zamanı hətta sifarişçilərin pulu əvvəldən ödəməsindən narazılıq edirdi: “Bizdə daha yaxşıdır. İşi nə müddətə istəsən görürsən, pulu sonra alırsan. Amma burda bəribaşdan müqavilə bağlayır və pulu ödəyir. İşi vaxtında təhvil vermədin, səni cərimə edirlər”.

Azərbaycanda isə əmək birjaları ustalardan çox uzaq düşüb. Bakıda cəmi bir əmək birjası var ki, o da bayram və istirahət günləri işləmir. Həftədə beş gün saat 9-dan 18-ə kimi işləyir, hətta günorta 1 saat fasilə edir. Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində açılmış birjalar da təxminən eyni rejimlə işləyir. Təbii ki, belə rejimlə işləyən birjalara nə ustalar, nə də sifarişçilər maraq göstərə bilər. Azərbaycan reallığında bütün iş sifarişləri şənbə-bazarda verilir. Çünki sifarişçilər həmin vaxt boş olurlar və birjalar işləmədiyindən heç bir rəsmiləşmə filan olmur. Ustaların ANS PRESS-ə verdiyi məlumata görə, birjaların ustalara tapdığı sifarişlərə ümumiyyətlə heç bir sənəd imzalanmır. Məntiq də budur ki, “işsiz adam hansısa qazandığı qəpik-quruşdan niyə vergi ödəməlidir”. Amma yuxarıda göründüyü kimi, bu sektorda dövriyyə yüksəkdir və geniş şəbəkəli birja sistemi bu sahədə şəffaflığı yetərincə artıra bilər.

Reallıq budur ki, ustalar bu cür birjalardan uzaq dururlar və kortəbii şəkildə formalaşan “qul bazarlarına” yığışırlar. ANS PRESS-in araşdırmasına görə, Bakıda onlarla belə qeyri-rəsmi əmək bazarı var və hər gün minə yaxın sənətkar qazanc dalınca belə yerlərə çıxır. Yəni problem həl edilənə oxşamır.

İqtisadçı ekspert, Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun sədri Vüqar Bayramov inkişaf etmiş ölkələrdə bu məsələnin həlli üçün konkret prosedurların olduğunu vurğulayır. “İlk öncə, orda müqaviləsiz qeyri-rəsmi çalışanlar üçün ağır cərimələr nəzərdə tutulur. Ustaların biznesi tam bağlana bilər, bəzən cəza həbsə qədər artırıla bilər. Həm də bu sahəyə nəzarət güclüdür və sövdələşmə imkanı da yoxdur. Hökumət həm də stimullaşdırıcı tədbirlər görür. Məsələn, sənətkarların gördüyü işdən əlavə dəyər vergisi və xüsusi vergilər tutulmur. Həmçinin rəsmi çalışanlara çox ucuz kreditlər təklif edilir”,- deyə Vüqar Bayramov ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, hökumət əmək birjaları şəbəkəsini də genişləndirməli, onların axşam vaxtları və istirahət günü də işləməsinə, həmçinin səyyar birjaların təşkilinə də fikir verməlidir: “Gənclərin, xüsusilə də ali məktəbi yeni qurtaranların işə düzəlməsi baxımından bu, çox önəmlidir”.

Çingiz Rüstəmov

Leave A Comment