Avropa yoxsa Avrasiya?

Avropa yoxsa Avrasiya?

Avropa Komissiyasının Prezidenti Jose Barrosonun Bakı səfəri nə və edir?

Avropa Komissiyasının Prezidenti Jose Barroso iyunun 14-də Azərbaycana gəlir. Bu gün isə Kişnyovda avropalı prezident Moldova ilə sözügedən qitəni təmsil edən birlik arasında aşossiativ müqavilənin imzalanması məsələləri müzakirə edəcək.

Bakıda olan zaman cənab Barroso yalnız rəsmilər ilə deyil eyni zamanda ekspertlər ilə görüşəcək. Bu baxımdan, avropalı prezident ilə şənbə günü canlı müzakirələr aparmaq imkanım olacaq, bununla yanaşı, səfər öncəsi gündəmə gələn sual sadədir: cənab Barrosonun Azərbaycana səfərinin məqsədləri nədir?

Birmənali şəkildə, avropalı prezidentinin gündəliyində bu dəfə enerji məsələləri daha az yer tutur. Həftəsonu səfərində cənab Barroso daha çox Azərbaycan və Avropa Birliyi münasibətlərini müzakirə edəcək. Cənab Barrosonun səfərini bir cümlə ifadə etsək o zaman demək olar: Ukrayna böhranından sonra regionda baş verən dəyişikliklər fonunda cənab Barroso Azərbaycana gəlməklə rəsmi Bakıya Brüsselin dəstəyini nümayiş etdirir.

Aydındır ki, Avrasiya İqtisadi Birliyi elan ediləndən sonra üzvlük məsələsində Moskvanın Bakıya təzyiqlərinin artacağı gözlənilir. Azərbaycanın birlikdə və eləcə də Gömrük İttifaqında təmsil olunması nəinki Rusiya üçün, eyni zamanda sözügedən hər iki qurumun gələcək taleyi baxımından əhəmiyyətlidir. Bunu Brüsseldə də gözəl anlayırlar. Gürsüstan və Moldovadan fərqli olaraq Azərbaycan və Ukraynanın seçim ortaya qoyması heç də asan deyil. Ən azı, Ukraynada baş verən son hadisələr buna bir siqnal idi. Sözügedən hər iki ölkənin qərarları regionun hansi istiqamətə inteqrasiya etməsi baxımdan əhəmiyyətlidir. Bu baxımdan, güman edilir ki, Avropa Komissiyasının Prezidenti daha çox qeyri-formal olsa da Azərbaycan ilər Avropa Birliyi arasında starteji yol xərtəsini müzakirə edəcək. Düzdür, Azərbaycan 2009-cu ilin mayında Şərqi Tərəfdaşlıq Proqramına qoşulmaqla seçimini edib. Amma Şimal qonuşumuzun təzyiqləri bu yolda irəlləməyin heç də asan olmadığından xəbərə verir. Ukrayna ərazi bütövlüyünü qorumaq problemi üzləşdi, Ermənistan Moskvaya yenidən rəsmi olaraq “böyük qardaş” dedi.

İttifağa yeni üzv olan Ermənistanın Avropa Birliyi və Rusiyaya münasibətdə siyasətini təhlil etdikdə Azərbaycanın bu sahədəki xarici siyasətini uğurlu hesab etmək olar: Ermənistanın Avropa Birliyi ilə uzun müddətli müzakirələr apararaq Azad Ticarət Anlaşmasını (DCFTA) imzlamağa bir neçə ay qalmış Rusiyanın Gömrük İttifağına qoşulması Brüsseldə İrəvana olan inamın ciddi şəkildə itməsinə gətirib çıxardı. Ermənistan oyun oynadı. Artıq qəbul edilir ki, Rusiya ilə əməkdaşlıq stareji baxımdan “sıfır cəmli oyun”dur. Azərbaycanın sözügedən məsələlərdə balanlaşdırılmış siyasəti Bakıya imkan verir ki, hər iki tərəflə mövcud münasibətləri davam etdirə bilsin. Bu baxımdan Azərbaycan mövcud siyasətini davam etdirərək Rusiya faktorunu nəzərə almaqla avro inteqrasiya siyasətini yürütməlidir. Eyni zamanda, Rusiyanın “oyun qaydalarına sığmayan fəallaşması” isə Azərbaycanın Avropaya inteqrasiyasının sürətləndirilməsinin əhəmiyyətini artırır. Əslində, Azərbaycan Gömrük İttifaqından kənarda qalsa da Ermənistanın həmin qurumda sıxışdırılmasına dolayı olsa da nail bilir. Qazaxıstan və Belarus prezidentlərinin ermənilərin ittifaqa inteqrasiyasına soyuq yanaşması da məhz bundan xəbər verir. Eyni zamanda etiraf etmək lazımdır ki, ittifaqda Ermənistanın güncə sıxışdırılması daha çox Azərbaycan Prezidentinin şəxsi nüfuzu və münasibətləri hesabına mümkün olur. Bu baxımdan, düşmən ölkənin sıxışdırılması tendensiyası ilə yanaşı Azərbaycanın özü üçün “müdafiə dairəsi” formalaşdırılması istiqamətində fəaliyyətinin genişləndirilməsinə ehtiyac var.

O zaman sual yaranır: sözügedən konteksdə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvülüyü mümkündürmü və potensial üzvlük nə vəd edir?

Aydındır ki, Gomrük İttifaqı və Avrasiya İqtisadi Birliyi Rusiyanın regionda təsirləri gücləndirilməsinə hesablanmış layihələrdir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin bu birliklərə üzvlüklə bağlı apardığı qiymətləndirmələr göstərir ki, MDB üzvü olan bütün ölkələr bu ittifaqa qoşulsa, o zaman Gömrük İttifaqı dünya üzrə ümumi daxili məhsulun 4 faizini təşkil edəcək. Avropa İttifaqında bu göstərici 26 faizdir. Eyni zamanda Avropa Birliyi vahid bazar prinsipi əsasında fəaliyyət göstərdiyi halda Gömrük İttifaqında bunu tətbiq etmək mümkün deyil. İttifaqa üzv ölkələrin heç də hamısı Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, onların ticari qaydaları uyğunlaşdırılmayıb.

Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi üzv olmağın Azərbaycana iqtisadi təsirlərini qiymətləndirən zaman nəzərə almaq lazımdır ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ittifaqa üzv olan Rusiya, Belarus və Qazaxıstan Azərbaycan idxalının 18,5 faizini, ixracın isə 4,3 faizini təşkil edir. İxracda sözügedən ölkələrin payının az olması Azərbaycan iqtisadiyyatında neft sektorunun çəkisinin yüksək olması ilə bağlıdır.

Nəzərə almaq lazımdır ki, bu birliklər üzvləri ittifaqa üzv olmayan dövlətlərə qarşı ümumi gömrük siyasəti həyata keçirir. Belə olan halda Azərbaycan Gömrük İttifaqına üzv olarsa, ölkənin Avropa Birliyi və cümlədən Türkiyə ilə ticarətinə tətbiq olunan gömrük rüsumları ittifaqın cari üzvləri ilə razılaşdırılmalıdır. İttifaq üzvlərinin bütün enerji siyasəti ümumiləşdirilməlidir. Bu isə o deməkdir ki, üzv olacağı halda gələcəkdə Azərbaycan Avropa ilə birgə həyata keçirilməsi nəzərdə tutulan enerji layihələrində digər ittifaq üzvlərinin maraqlarını da nəzərə almalı və strategiyanı razılaşdırmalıdır. İttifaq daxili enerji qiymətləri, xüsusilə qazın qiymətləri də eyniləşdirməyi məqsəd olaraq qarşıya qoyur. Qazaxıstan artıq 2015-ci ilə qədər öz daxili bazarında qazın qiymətini Rusiya bazarına uyğunlaşdırmalıdır.

Eyni zamanda üzvlər öz makroiqtisadi parametrlərini də təşkilatın hüquqi sənədlərində müəyyən olunmuş qaydada hazırlamalıdır. Bu isə ittifağın makroiqtisadi siyasətə də təsir edəcəyindən xəbər verir.

Bütün bunlar deməyə əsas verir ki, qısamüddətli dövrdə gəlir vəd edilsə də Azərbaycan bu ittifaqa üzv olmamalıdır. Bu üzvlük eyni zamanda strateji dövrdə Azərbaycanın nəinki iqtisadi, hətta siyasi müstəqilliyini də risk altına alır.

Avropa İttifaqından fərqli olaraq MDB məkanındakı münaqişələr üzv ölkələrin Gömrük İttifaqı daxilində inteqrasiyası mümkün deyil. Bu ittifaq ən yaxşı halda regional qurum kimi iqtisadi deyil, daha çox siyasi vasitə olaraq Rusiyanın təzyiqləri üçün istifadə edilə bilər.

Həmçinin Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı danışıqları sürətləndirilməlidir ki, Moskvanın planlaşdırılmayan ciddi təzyiqi müşahidə edilərsə, o zaman çevik və sürətli avrointeqrasiya siyasəti həyata keçirə bilsin. Bundan əlavə, regionda Rusiyanın təzyiqləri artarsa, Moskva əmək miqrantları kartını sonra da Qarabağ kartı ilə əvəzləyərsə, Azərbaycanın praktik olaraq seçim imkanları olmasa, Bakının “Böyük Britaniya modeli” ilə daxil olması məqsədəuyğundur. Bu, Azərbaycana imkan verəcək ki, ittifaqa istisnalarla üzv olsun və enerji siyasəti də daxil olmaqla özünün əsas makroiqtisadi siyasətində müstəqilliyini qoruyub saxlasın. Bu zaman Azərbaycan ittifağa üzv olur, amma əsas starteji siyasətində müstəqilliyini qoruyub saxlaya bilir. Bununla bərabər Rusiyada yaşayan və bu ölkə vətəndaşlığı olmayan etnik azərbaycanlı əməkçi miqrantların Azərbaycana mərhələli qaytarılması və onların işlə təmin edilməsi üçün xüsusi dövlət siyasətinin hazırlanıb icra edilməsinə ehtiyac var. Bu, Rusiyanın öz layihələri ilə bağlı Bakıya təzyiq imkanlarının minimuma endirilməsinə səbəb ola bilər. Əmək miqrantlarının ölkəmizə il ərzində cəmi 1 milyard dollar göndərildiyini nəzərə alsaq, Azərbaycanın mövcud maliyyə imkanları bu təsirləri azaltmağa imkan verir. Eyni zamanda Qarabağ danışıqlarının ən azı coğrafi baxımdan daha çox Rusiyadan kənarda keçirilməsinə çalışmaq lazımdır. Bu baxımdan prezidentlərin iki gün öncə Avropada bir araya gəlməsi ənənəsinin qorunub saxlanması məqsədəuyğundur.

Nəhayət, qeyri-neft ixracatında starteji müttəfiqlərin, o cümlədən Türkiyənin payının artırılması siyasəti həyata keçirilməlidir. Bu zaman inzibati mexanizmlərdən də çox təşviqedici alətlərdən istifadə edilməlidir. Bu, ittifaqın ölkənin ümumi ticarət dövriyyəsindəki çəkisinin mərhələli azalmasına səbəb ola bilər.

Bütün hallarda Azərbaycan üçün bir siyasət prioritet olmalıdır – ölkəmiz Gömrük İttifaqına üzv olmamağa çalışmalıdır.

Dr. Vüqar Bayramov

Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramının Həmsədri

Kişnyov, Moldova, 12, İyun, 2014

Leave A Comment