Azərbaycanda istirahət neçəyədir? – ARAŞDIRMA

Azərbaycanda istirahət neçəyədir? – ARAŞDIRMA

Yay fəsli gələr-gəlməz hər kəs istirahət üçün məkan axtarır. Kimisi ölkə xarcinə üz tutur, kimisi də Azərbaycanın səfalı guşələrinə gedib ağır iş aylarının yorğunluğunu çıxarır.

Uzun iş həftələrindən sonra dincəlmək, necə deyərlər “dərin bir nəfəs çəkmək” kimi bir şeydir. Ən azından səhər tezdən durmaqdan, işə getməkdən, işin əsəbini keçirməkdən, 8 saat klaviatura döyəcləməkdən, kompüterə gözlərini zilləməkdən (əgər işin kompüterdən asılıdırsa) və iş saatı tamamlayıb yorğun-arğın evə gəlməkdən azad olursan.

Yaddaqalan istirahət etmək üçün də gərək cibdə pul olsun. Hamı ayağını yorğanına görə uzadır. Yaxşı pulu, imkanı olan şəxslər ölkə kənarında yayın keyfini çıxarırsa, nisbətən kasıb təbəqə də bölgələrə üz tutur. Amma bölgələrimiz də nə şəraitinə, nə də qiymətlərinə görə heç də Antalyadan, Dubaydan, yaxud Avropanın hansısa ölkəsindən geri qalmır.

Yerli sakinlər isti yay günlərində əsasən istirahətlərini Qəbələ,Quba, Masallı, İsmayıllı , Şəki və digər səfalı rayonlarda edirlər. Təbii ki, müəyyən pul müqabilində.

Maraqlıdır, Azərbaycan istirahət etmək üçün nə qədər pul lazımdır?

Məsələn, İsmayıllı rayonunda, İlisu kəndi yaxınlığında yerləşən “Green House” ailəvi istirahət mərkəzində bir nəfər üçün bir günlük qiymətlər kotec seçimindən asılı olaraq 60 AZN -lə 120 AZN arasında dəyişir.

Qaxda yerləşən “Eden Park Hotel” istirahət zonasında bir nəfər bir gün üçün yalnız oteldə qalmaq pulu olmaqla 25 manat ödəməli, 3 dəfə yemək daxil olmaqla 50 manat pul verməlidir. Nabranda “Atlant” Əyləncə və İstirahət Mərkəzində bir nəfər üçün yer pulu gündəlik 40 manatdır.

Xızıda “Cənnət Bağı” nda bir günlük istirahət qiymətləri 2 nəfər üçün səhər yeməyi daxil olmaql 55-80 manat, 2 otaqlı nömrə – 100 manat. Xaçmazda yerləşən “Çoban bulaq” istirahət kompleksində iki nəfər üçün bir günlük istirahətin qiyməti -60 -80azn civarındadır. Şəki rayonundakı “Küngüt” istirahət mərkəzində bir günlük yalnız oteldə qalmaq 50, 75, 100, manat arasındadır.

Qiymətlər niyə bahadır

İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bu mövsüm istirahət mərkəzlərində qiymətlərin bahalaşdığını bildirib. Onun sözlərinə görə, qiymət artımı əsasən yeni tikilən otellərdə müşahidə edilir.

“Bura nəqliyyat və yerli xərclər də daxildir. Yaxud da ki, iki nəfər üçün digər otellərdə orta qiymət yüz manatdır. Yalnız oteldə qalmaq xərci iki nəfər üçün 100 manatdır. Praktiki olaraq, iki nəfərin bir həftəlik istirahəti 700 manata başa gəlir. Bütün rayonlar üçün istirahətin orta stabil qiyməti 1000-1500 manatdır. Şamaxı, Qubada yeni açılmış otellərdə isə həftəlik qalma xərci 2 min manatdan artıq olur. Bahalı otellərdə qiymətlər fərqlidir .Şamaxıda, Qubada yerləşən bahalı otellərdə iki nəfərin qalma xərci hətta 5 min manata qədər dəyişir.

İstirahət etdiyin rayona yox, otelə bax!

V.Bayramovun sözlərinə görə, istirahət qiymətləri rayonlara görə yox, rayonlardakı otellərə görə müəyyənləşir: “ Şamaxıda bir gecəsi 3000 manata olan otellər, 50 manata olan otellər də var. Qəbələdə 4 və 5 ulduzlu otellərdə orta qiymət 100-150 manat arasında dəyişir. Ona görə də rayonda harda qalmasından asılı olmayaraq, qiymətlər dəyişir. “Domik” adlanan yerlərdə qalmaq isə nisbətən ucuzdur. 7 gün təxminən 1000 manata başa gəlir”.

Ölkəxaricində istirahət daha sərfəlidir

“Təəssüf ki, ölkəxaricində istirahət xüsusən də qonşu ölkələrdəki istirahət ölkədaxilindəki istirahatə nisbətən daha ucuz başa gəlir. Nəzərə alsaq ki, Gürcüstanda istirahət hər gün üçün Azərbaycan vətəndaşları üçün ölkədaxili istirahətdən təxminən 60 faiz ucuzdur. Türkiyədə istirahət Azərbaycan daxilindəki istirahət mərkəzləri ilə müqayisədə təxminən 20 faizə yaxın ucuzdur. Bu baxımdan qiymətlər harada istirahət etməyindən asılı olaraq dəyişir. Sözsüz, Avropa ölkələrində istirahət etmək daha bahadır. Və praktiki olaraq, Avropa ölkələrində istirahət Azərbaycandan bahadır”

Nabran reytinqini itirib, Qəbələ birincidir

İqtisadçı bildirib ki, son iki ildə Nabrana gedənlərin sayı azalıb: “Bu da orada xidmətin keyfiyyətinin aşağı olması və ailələrin kurort istirahətini təmin etməməsi ilə bağlıdı. Ən çox axın Qəbələyədir . Yardımlı, Masallıya da axın çoxalıb. Səbəb daha yüksək xidmətə malik otellərin inşasıdır”.

Göründüyü kimi, ölkə daxilində də istirahət etmək üçün kifayət qədər vəsait olmalıdır.

Nihadə Eyyubova
AzVision.az

Leave A Comment