Sağlamlıqdan qazanılan milyonlar, pozulan hüquqlar

Sağlamlıqdan qazanılan milyonlar, pozulan hüquqlar

Vüqar Bayramov: «Dərmanların qiymətinin yüksək olması ölkədə dərman istehsalının zəifliyi ilə bağlıdır»

Eyyub Hüseynov: «Dərman bazarı tam liberallaşmalı, heç bir inhisardan söhbət getməməlidir»

Dərman istehsalı və satışı bütün dünyada çiçəklənmə dövrünü yaşayır. Elə Azərbaycanda da dərman biznesi ən sərfəli və gəlirli sahəyə çevrilib. Ancaq bu inkişaf insanların sağlamlığının qorunmasından daha çox əczaçılıqla məşğul olanların varlanmasında özünü göstərir. Yəqin ki, eyni dərmanın apteklərdə müxtəlif qiymətə satılmasına tez-tez rast gəlmisiniz. Elə bunun nəticəsidir ki, insanlar dərman alarkən «ucuz aptek» axtarışına çıxırlar. Biz də bu dərmanların niyə müxtəlif qiymətə satılmasını öyrənmək üçün bir neçə aptekin nümayəndələri ilə əlaqə saxladıq.

Dərmanların «cib yandıran» qiymətə satıldığı apteklərdən biri «AVİS» apteklər şəbəkəsidir. Şəbəkənin insan resusuları üzrə mütəxəssisi Xəyyam Cavadov bildirdi ki, qiymətlərin eyni olması üçün dövlət müəyyən standartlar hazırlamalıdır. Bu zaman apteklərdə qiymətlər də tənzimlənəcək: “Düzdür, apteklərdən hazırda standartlar tələb olunur. Bunlar minimal və maksimal olaraq iki yerə bölünür. Minimal standartlara hər kəs cavab vermək məcburiyyətindədir. Bu standartı Səhiyyə Nazirliyi yoxlayır və lisenziya verir. Maksimal standartlar isə qurumun öz işləməsinə bağlı olan məsələdir. Biz də bunu nəzərə alırıq və apteklərimizdə müştərilərə yüksək xidmət, peşəkar münasibət göstərildiyi üçün qiymətlər də digər apteklərdən fərqli olur».
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə olduqca bahadır. Ekspertin sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda dərmanların qiyməti Türkiyə və İranla müqayisədə müvafiq olaraq təxminən 2, hətta 3 dəfəyə qədər yüksəkdir: «Dərman preparatlarının qiymətinin yüksək olması və dərmanların məcburi istifadə olunan istehlak mallarının siyahısına daxil edilməsi vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərir. Bəzi hallarda isə dərman ala bilmədiyindən bu, vətəndaşın sağlamlığı üçün neqativ təsirlərə gətirib çıxarır. Dərmanların qiymətinin yüksək olması, ilk növbədə ölkədə dərman istehsalının zəifliyi ilə bağlıdır. Dərman istehsalı zəif olduğu üçün ölkədə satılan dərmanların böyük bir qismi idxalın payına düşür. Əgər Azərbaycanda dərmana olan tələbatın təxminən 85 faizi xaricdən idxal edilirsə, Türkiyə tələbatın 90 faizini yerli istehsal hesabına ödəyir. Yerli istehsalın inkişafı qiymətin aşağı düşməsinə və tənzimləməsinə şərait yaradır. Azərbaycanda idxaldan asılılıq isə buna imkan vermir».
V.Bayramov vurğulayır ki, qiymətin baha olmasına digər səbəb dərmanların ölkəyə gətirilməsi ilə məşğul olan şirkətlərin sayının az və ya rəqabətin zəif olmasıdır: «Rəqabətin zəif olması ölkəyə gətirilən dərmanların daha yüksək qiymətə təklif edilməsinə səbəb olur. Üçüncü səbəb isə apteklərin süni şəkildə qiyməti bahalaşdırmasıdır. Dərmanların qiymətinin aşağı salınması və insanlara əlçatan olması üçün bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac var. İlk növbədə, yerli istehsal inkişaf etdirilməldir. Çünki dərman istehsalı spesifik sahə olsa belə, çətin təşkil edilən istehsal sektoru deyil. Bundan başqa, idxalda rəqabət mühitinin gücləndirilməsi olduqca vacibdir. Bu, ölkəyə dərman gətirən şirkətlərin sayının artmasına, bazarda təklifin çoxalmasına və nəticə etibarı ilə qiymətin aşağı düşməsinə gətirib çıxaracaq».
Ekspertin sözlərinə görə, dərmanların qiyməti ilə bağlı “qiymət tavanı”nın müəyyənləşdirilməsinə ehtiyac var. Bu, xüsusən topdansatış qiymətləri ilə bağlı «tavanların» müəyyənləşdirilməsi anlamına gəlir. Çünki, “qiymət tavanı”nın tətbiq edilməsi imkan verəcək ki, dərman preparatları üzrə konkret qiymətlər müəyyənləşdirilə bilsin: «Apteklər o və ya ondan aşağı qiymətə təklif etmək hüququna malik olacaqlar. Bu da qiymətlərin tənzimlənməsinə və əlçatan olmasına imkan verəcək».
V.Bayramov deyir ki, ABŞ liberal bazar iqtisadiyyatına malik olsa belə, orada da bu cür tənzimləmə həyata keçirilir. Eləcə də səhiyyə sektorunda Şərqi Avropa ölkələrində olduğu kimi, daha aşağı faizli vergilərin tətbiq edilməsinə ehtiyac var. Bu, imkan verəcək ki, həmin müəssisələrin xərcləri azalsın. Nəticə etibarı ilə təklif edilən dərmanların qiymətinin aşağı salınmasına imkan yaradacaq.

Tibbi ekspert Adil Qeybulla isə hesab edir ki, dərmanların apteklərdə fərqli qiymətə satılması normaldır. Onun sözlərinə görə, dünyanın hər yerində dərman satışının sərbəst qiymətləri mövcuddur: «Apteklərin yerləşmə yerlərinə görə dərmanların müxtəlif satışı var. Hesab edirəm ki, bu, rəqabət sistemidir. Məsələn, bəzi apteklər dərmanları birbaşa depodan əldə edirlər və digər apteklərə nisbətən dərman maddələri ucuz başa gəlir. Apteklərə müdaxilə etmək, yəni, vahid qiymət sistemi yaratmaq düzgün deyil». Dərmanların keyfiyyət məsələsinə gəldikdə isə ekspert vurğuladı ki, dərman preparatlarının keyfiyyətini yoxlamaq üçün hansısa imkana malik deyilik: «Bunun üçün xüsusi yüksək səviyyəli analitik laboratoriya, dövlət reyseteri olmalı və Azərbaycan milli formakopiyasına daxil olan dərmanların hamısı xüsusi yoxlamadan keçirilməlidir. Bunlar isə bizdə mövcud deyil».

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə qəzetimizə açıqlamasında bildirdi ki, dünyada 30%-dən 60 % qədər saxta dərman dövr edir. Ən çox saxtalaşdırılan dərman isə “Viaqra”adlı dərmandır. Ekspertin sözlərinə görə, dərmanların müxtəlif qiymətlərə satılması istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır: “Dərmanların qiyməti ilə bağlı AİB-ə hər həftə telefon zəngləri gəlir. Səbəb, hansı dərman depolarının özlərinin aptek şəbəkəsi var müştərilərə dərmanı ucuz, digər apteklərə isə baha qiymətə satılmasıdır. İqtisadı yolla apteklərin azalmasına nail olmaq istəyirlər və istehlakçıların hüquqlarını pozurlar. Səhiyyə Nazirliyi hazırda vahid qiymətlərə dair sənədlər hazırlayıb. Dərman bazarı tam liberallaşmalı, heç bir inhisardan söhbət getməməlidir».

İlhamə

Leave A Comment