Kirayə mənzil tapmaq müşkülə çevrilir

Kirayə mənzil tapmaq müşkülə çevrilir

Araşdırmalar göstərir ki, hazırda kirayə bazarında mənzil qıtlığı hökm sürməkdədir. Eyni zamanda bazarda mövsümə uyğun olmayaraq, bahalaşma da müşahidə edilir. Qiymətlər həm əvvəlki aylara, həm də ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Ancaq kirayə haqlarındakı bu artım son deyil. Çünki, təxminən bir aydan sonra yeni tədris mövsümi gəlir. Məlumdur ki, o zaman kirayə qiymətlərində qiymətlər daha da artacaq. Artımlar xüsusən ali məktəblərin yerləşdiyi ərazilərdə özünü kəskin büruzə verir.

“Əmlak Bazarı İştirakçılar” İB-nin icraçı direktoru Ramil Osmanlı “Mövqe”yə bildirdi ki, bu gün kirayə mənzil bazarında müxtəlif ərazilər üzrə orta qiymət həddi orta aylıq əmək haqqı məbləğindən çoxdur: “Düzdür, kirayə bazarında qiyməti bazar formalaşdırır. Ancaq mövsümlə bağlı kirayə mənzil bazarı tədris ilinə yaxın daha da aktivləşəcək. Ümumilikdə, bəzi bazar seqmentlərində tədricən qiymətlərin artımı müşahidə olunmaqdadır. İllərlə müqayisədə qiymətlərdə müəyyən qədər artımı görmək mümkündür. Ən çox qiymət artımı isə torpaq bazarındardır. Kirayə bazarında qiymət artımına təsir göstərən amillərdən biri həm də paytaxtda məskunlaşma problemi ilə bağlıdır. Bizim mövcud mənzil fondu kiçikdir. MDB ölkələrinin paytaxt şəhərləri arasında ən son yerlərdən birini tuturuq. Yəni, paytaxtımızda mənzil fondunun genişlənməsinə ehtiyac var. Bu gün Bakıda məskunlaşma və demoqrafik məsələ ilə bağlı problemlər qalmaqdadır. Təbii olaraq bu da yaşayış sahələrinə olan tələbatı artırır. Bütün insanların mənzil almaq imkanları olmadığından bu tələbatı əsasən kirayə hesabına ödəyirlər”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Bakının kirayə mənzil bazarında qiymətlər durmadan artır: “Bu, təklifin azalması fonunda paytaxta gələn turistlərin bir qisminin otellərdən çox kirayə evlərdə məskunlaşması ilə bağlıdır. Eyni zamanda təhsil mövsümü ərəfəsində qiymətlər daha da sürətlə artacaq. Bu qiymət artımı sentyabrın sonlarına qədər davam edəcək”.

İqtisadçının fikrincə, universitetlərin yataqxanalarının olması problemin nisbətən həllinə kömək etmiş olur: “Ancaq universitetlərin böyük əksəriyyətinin kampusu yoxdur. Problemin aradan qaldırılmasının üçün başqa üsullardan da istifadə etmək olar. Bir yol inzibatı müdaxilədir. Yəni, kirayə haqlarına qiymət tavanı müəyyənləşdirmək olar. Bu, dünya praktikasında hələ də mövcuddur. Azərbaycanda da qiymət tavanın müəyyənləşdirilməsi mümkündür. Yerləşmə zonalarından, otaqların sayından asılı olaraq qiymət tavanlarının müəyyənləşdirilə bilər. İkinci metodda da dövlətin müdaxiləsi var. Amma bu, daha çox stimullaşdırmaya xidmət edir. Yəni, ölkədə sosial mənzil fondu formalaşdırılmalıdır. Fond daxilində mənzillər uzunmüddətli dövrdə aşağı ödənişlə gənc ailələrə və tələbələrə verilməlidir. Hansı ki, Mənzil Məcəlləsində də sosial mənzil fondunun yaradılması nəzərdə tutulub. Sözügedən praktikadan hazırda bir sıra inkişaf etməkdə olan ölkələr istifadə edir. Azərbaycanın da maliyyə imkanları qısa zamanda ölkəmizdə bunun tətbiqinin reallaşmasına şərait yarada bilər”.

Mübariz BAYRAMOV

Leave A Comment