Ayda 60-70 manat ödəməklə ev sahibi olmaq mümkün olacaq?

Ayda 60-70 manat ödəməklə ev sahibi olmaq mümkün olacaq?

“Mənzil Məcəlləsində sosial evlərin yaradılması ilə bağlı dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması və ya tender vasitəsi ilə yeni binaların inşa edilməsi nəzərdə tutulub”.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hazırda müzakirə olunan məsələ bu binalar tam hazır olunduqdan sonra mənzillərin aşağı qiymətə vətəndaşa təklif olunması ilə bağlıdır: “İndi bir çox Avropa ölkələrində, o cümlədən Rusiya, Türkiyə, bir neçə Asiya ölkəsində bu praktikadan istifadə olunub və yaxşı nəticələr var. Türkiyədə aztəminatlı vətəndaşlar ayda 80 dollar ödəməklə, 2 otaqlı mənzilə sahib olurlar”.

Ekspertin fikrincə, Azərbaycanda da bu praktikadan istifadə olunması həm mənzil-tikinti sahəsində islahatların aparılmasına və bu sahədə yeni canlanmaya, həm də mənzil bazarında qiymətlərin aşağı düşməsinə səbəb olacaq: “Bu evlərin yaradılmasında əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanda aztəminatlı vətəndaşlar aşağı qiymətə mənzillərlə təmin olunsunlar. Yeni layihə ilə bağlı apardığımız qiymətləndirmə göstərir ki, dövlət büdcəsindən 300 milyon manat vəsait ayırmaqla, Sosial Mənzil Fondunun formalaşdırılmasına nail olmaq olar. Artıq bu fondun yaradılması üçün ölkədə lazımi şərait və hüquqi baza formalaşıb. Bu vəsaitin ayrılması hökumət üçün elə də problem yaratmır və büdcədə kifayət qədər vəsait var”.

Qeyd edək ki, ötən gün İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin deputatı Əli Məsimli də bu məsələdən bəhs edərək deyib ki, ölkədə “Xalq evləri” tikilməlidir: “Hazırda Azərbaycanda fəaliyyət göstərən ipoteka kreditləşməsi vasitəsilə əhalinin mənzilə olan tələbatını ödəmək çətindir. İpoteka şərtləri çərçivəsində alınan kreditlər orta statistik azərbaycanlı üçün əlçatan deyil. Bu məsələni Milli Məclisdə və mətbuatda dəfələrlə qaldırmışıq. İndi bu məsələ üzərində iş gedir. Əgər layihə reallaşsa, imkanı olmayan vətəndaşlar ayda 50-100 manat arasında, yəni orta hesabla 60-70 manat vəsait ödəməklə, ev sahibi olacaqlar. Kim istəsə hissə-hissə ödəyərək, imkanı olmayanlar isə ayda kiçik məbləğ ödəməklə 25-30 ildən sonra yaşadıqları evlərin rəsmi sahibi olacaqlar.”

Hazırda ölkədə 2 milyona yaxın insanın mənzil problemindən əziyyət çəkdiyini söyləyən Ə.Məsimlinin fikrincə, bu, çox ölkədə tətbiq olunan üsuldur və gəlirləri hesabına mənzil almaq imkanları məhdud olan insanlar üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bu, tikinti sənayesinin sürətlə inkişafına da təsir edəcək, çünki ölkədə bir zamanlar müşahidə edilən tikinti bumu sönməyə başlayıb: “Bu yolla tikintini də canlandırmaq mümkündür. Bu evlərin tikintisinə bölgələrdən başlamaq daha münasibdir”

Leave A Comment