Turistlərin xərcləri artacaq

Turistlərin xərcləri artacaq

Vüqar Bayramov: “Ölkəyə gələn turistlər üçün tibbi sığorta sisteminin tətbiq edilməsi vacibdir”

Xəyal Məmmədxanlı: “Turizm şirkətləri fürstdən istifadə edib qiymətləri dəfələrlə qaldıra bilərlər”

Azərbaycan turizm sahəsində daha bir xarici praktikadan faydalanacaq. Belə ki, yaxın vaxtlarda turizm haqqında yeni qanun qəbul ediləcək. Qanuna əsasən, turistlərlə müqavilə bağlanılması, eləcə də onların sığortalanması məcburi olacaq. Hazırda xaricə istirahətə gedənlər əksər hallarda xidmətindən istifadə etdikləri turizm şirkəti ilə müqavilə bağlamırlar. Bu da səfər zamanı yarana biləcək problemlərlə bağlı turistlərin aidiyyəti qurumlara şikayət etməsinə imkan vermir. Mütəxəssislərin fikrincə, yeni qanun təhlükəsizlik baxımından faydalıdır, lakin turizm xərclərinin cüzi artmasına səbəb ola bilər. Oxşar sığortlanmanın daxili turizmdə tətbiq edilməsi də vacib sayılır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, ölkə daxilində hərəkət zamanı sığortadan istifadə edilməsi praktikası demək olar yoxdur: “Bir şəhərdən digər şəhərə gedilməsi nisbi mənada daxili turizmdir. Mütləq mənada turizm adlandırılmır. Hətta bəzi hallarda insanlar turist kimi yox, işlə bağlı gedib otellərdən istifadə edə bilər. Ona görə də daxili turizmdə tibbi sığorta sisteminin tətbiq edilməsinə ehtiyac yoxdur. Amma ölkəyə gələn turistlər üçün tibbi sığorta sisteminin tətbiq edilməsi vacibdir. Bu, bütün inkişaf etmiş ölkələrdə tətbiq edilir. Praktika göstərir ki, bununla dövlət öz səhiyyə ssiteminə vəsaitin daxil olmasına nail olur. Həm də dövlət əmin olur ki, gələn turist onun üçün hansısa sosial problem yaratmayacaq. Dünyanın əksər ölkələrinə səfər edən zaman tibbi sığortanın olması məcburdur. Məsələn, tibbi sığorta olmadan ABŞ və Avropa Birliyi ölkələrinə viza verilmir. Tibbi sığorta olmadan vətəndaşın sözügedən ölkələrə gəlməsinə icazə yoxdur. Burada məqsəd ondan ibarətdir ki, vətəndaş bu ölkəyə gələn zaman xəstələnərsə və ya səhiyyə xidmətinə ehtiyacı olarsa, onun xərci sığorta şirkəti tərəfindən qarşılansın. Yəni, turist ölkə üçün sosial və digər problem yaratmasın. Çünki, bəzi hallarda səhiyyə xərcləri baha olur. Vətəndaş malik olduğu pulla həmin səhiyyə xidmətini ala bilmir. Ona görə də olduqca vacibdir ki, səhiyyə xidməti öncədən sığorta şirkətləri tərəfindən ödənilsin. Turisti qəbul edən dövlət əmin olsun ki, onun ölkəsinə gələn turist səhiyyə xidmətinə ehtiyacı olan zaman hər hansısa bir çətinlik çəkməyəcək. Avropa Birliyində 30 min avroluq tibbi sığorta tələb olunur. Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsi normaldır. Ona görə vacibdir ki, hadisə baş verən zaman artıq sığorta şirkəti tərəfindən səhiyyə xidmətinin ödənilməsinə imkan olsun. İkincisi, ölkə turist üçün hansısa sosial problem yaratmasın”.
Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bildirdi ki, burada söhbət turistlərin sığortasından getmir: “Söhbət turizmlə məşğul olan müəssisələrin məsuliyyətinin sığortalanmasından gedir. Daxildə turistlərin özünü sığortalamaq mümkün deyil. Ancaq turist obyektlərinin məsuliyyətini sığortalamaq lazımdır ki, hansısa hadisə baş verərsə, turistlərə ödəniş həmin sığortaya əsasən verilsin”.

Ekspertin fikrincə, bu qərar turizm xidmətlərini cuzi şəkildə bahalaşdıra bilər: “Çünki, hansısa obyekt 1 milyon məsuliyyət sığortası alırsa, onun üçün sığorta məbləği təxminən 1500 manata başa gələcək. 1500 manat müştərilər arasında bölünsə, çox cüzi məbləğ edir. Yəni, turist xidmətlərinə çox cüzi təsir edə bilər. Amma turizm şirkətləri fürstdən istifadə edib qiymətləri dəfələrlə qaldıra bilərlər. Xaricə gedən turistlər isə mütləq sığortalanır. Bununla bağlı əksər ölkələrin xüsusi tələbləri var. 50 min avroya qədər sığorta ödənişləri olmasa, viza verilmir. Bu məbləğ ölkələrin şərtlərindən asılıdır. Onun da qiyməti günlük əsaslarla hesablanır”.

Mübariz BAYRAMOV

Leave A Comment