DSMF yığıcı orqandan, gəlir gətirən dövlət qurumuna çevrilmək istəyir

DSMF yığıcı orqandan, gəlir gətirən dövlət qurumuna çevrilmək istəyir

Vüqar Bayramov: “Cəbhə xəttində yerləşən bələdiyələrə daha çox dövlət maliyyə yardımı ayrılmalıdır

Qeyri-dövlət pensiya təminatının və sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi pensiya vəsaitlərinin maliyyə bazarına cəlb olunması və investisiyalara yönəldilməsini aktuallaşdırır. Belə bir açıqlama ilə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin sözlərinə görə, beynəlxalq praktikaya əsasən pensiya vəsaitlərinin yerləşdirilməsi ilə bağlı investisiya siyasəti müəyyənləşdirilərkən bir sıra mühüm əhəmiyyət kəsb edən amillərin mümkün təsiri diqqətlə öyrənilməlidir: “Belə ki, bir tərəfdən pensiya sistemlərinin öz iştirakçılarını gələcəkdə yüksək pensiya gəliri ilə təmin etmək məqsədi daha aktiv investisiya fəaliyyətini stimullaşdırır. Digər tərəfdən isə pensiya vəsaitlərinin qorunmasının təmin edilməsi vəsaitlərin yerləşdirilməsi üzrə müxtəlif məhdudiyyətlərin tətbiqini, ehtiyatlılıq prinsipinə əməl olunmasını zəruri edir”.
Bu təcrübənin Azərbaycan iqtisadiyyatına hansı üstünlüklər gətirəcəyi maraq kəsb edir. Bu və digər suallarımızı iqtisadçı alim Vüqar Bayramov cavablandırdı:

– Vüqar müəllim pensiya vəsaitlərinin maliyə bazarlarına çıxarılması nəyi necə dəyişəcək?

– Bu addımla görünür DSMF pensiya vəsaitlərinin idarəolunmasından daha çox gəlir qazanmaqla öz büdcəsini artırmaq istəyir. Təbii ki, vəsaitlərin hesabda saxlanılması gəlirlərin artmasına imkan vermir. Dünya ölkələrində ayrı-ayrı pensiya fondlarının ən çox istifadə etdiyi metod vəsaitlərin maliyə və qiymətli kağızlar bazarında saxlamaqdır. Bu yolla vəsaitlər qiymətli kağızlara, səhmlərə yönəldilir. Azərbaycanda da oxşar təcrübənin tətbiqinə ehtiyac var. Bu DSMF-yə qısa zaman daxilində gəlir əldə etmək imkanı verəcək.

– Bu zaman hansı meyarlar götrülməli, xüsusən risklər necə nəzərə alınmalıdır?

– Sığorta-pensiya sahəsinin formalaşdırılması və inkişaf etdirilməsində yerləşdirilən vəsaitlərin qorunması, investisiya portfelinin strukturunun etibarlılıq, gəlirlilik, diversifikasiya, likvidlik və digər vacib amillər əsasında müəyyən edilməsi, peşəkar idarəetmə sisteminin, habelə məlumat açıqlığının və şəffaflığın təmin edilməsi və sair bu kimi başlıca prinsiplərin əsas götürülməsi zəruridir. Qeyd edilən məsələlərin adekvat həlli üçün balanslaşdırılmış investisiya siyasətinin müəyyən olunması, habelə risklərin idarə edilməsi üzrə effektiv sistem və prosedurlar işlənməlidir

DSMF öz vəsaitlərini maliyə bazarına yönəldən zaman səbətdən istifadə etməlidir. Vəsaitlərin bir hissəsi risksiz və az riskli sahələrə yönəldilməlidir. Bunlar da yenə qiymətli kağızlardır. Onların riskliliyi demək olar ki, yoxdur, amma aşağı gəlir verirlər. Vəsaitin bir hissəsi orta riskli istiqamətlərə yönəldilməlidir. Bunlarda adətən iri şirkətlərin səhmləridir. Bunlarda da risklilik çox aşağı səviyyədədir. Digər cüzi bir hissəsi daha çox gəlirli, ancaq bazarda riskli hesab olunan alətlərə yatırılmalıdır. Bu imkan verəcək ki, Səbətin strukturu imkan verir ki, gəlirlik yüksək olsun. Risksiz alətlərə yatrılan vəsaitlərdən əldə olunan gəlir riskli alətlərdən itirilə bilən vəsaitləri kompensasiya edə biləcək səviyyə də olmalıdır. Bu da risklərin idarə olunmasına getdikcə azaldılmasına imkan verəcək. Bu həm də imkan verəcək ki, DSMF öz vəsaitlərini il ərzində artıra bilsin. Belə olan halda bu dövlət qurumu təkcə sığorta ödənişləri və dövlət büdcəsi ayırmaları üçün saxlanma funksiyası daşımayacaq, həm də maliyə bazarından gəlir götürərək, vəsaitini, büdcəsini artıra biləcək bir quruma çevriləcək. Dövlət fondu olsa da vasitləri idarəetməklə gəlir götürəcək bir qurum olacaq.

– Vüqar müəllim, DSMF vəsaitləri kommersiya banklarının kredit verməsi üçün nisbətən ucuz resur ola bilərmi?

– Maliyə bazarına daxil olan zaman DSMF qiymətli kağızlar və səhmdə saxlamağa maraqlı olacaq. DSMF vəsaitləri banklarda depozit şəklində saxlana bilər. Əgər banklar həmin vəsaiti bazara çıxacaqsa, o zaman ondan gəlir qazanmaq imkanı olacaq. Praktik olaraq banklar DSMF vəsaitlərindən maliyə bazarında töhvə alması üçün o pulların qiymətli kağız və sahm formasında satılmasına çalışmalıdır. Bu baxımdan maliyə bazarında müxtəlif kommersiya fəaliyyəti göstərən banklar üçün təbii ki, yeni ucuz mənbə ola bilər.

– DSMF-nin imza atmaq istədiyi digər bir yenilik özəl pensiya fondların yaradılması olacaq. Siz iqtisadçıların dəfələrlə təklif etdiyi bu məsələ nəhayət reallacaq?
– Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması müsbət qarşılanmalıdır. Əlbəttə, lazımlı strukturdur. Bu gün inkişaf etmiş ölkələrdə yalnız dövlət-pensiya fondları deyil, eyni zamanda qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin yaratdığı və bir neçə insanın yaratdığı qeyri-dövlət pensiya fondları da fəaliyyət göstərir. Belə fondların yaradılması vətəndaşlar üçün pensiya-sığorta rolunu oynayır. Vətəndaş pensiya yaşına çatan zaman yalnız dövlətdən deyil, eyni zamanda qeyri-dövlət fondlarından daha çox vəsait almağa çalışır. Bunun da mahiyyəti ondan ibarətdir ki, vətəndaş işlədiyi müddətdə əmək haqqının bir hissəsini qeyri-dövlət pensiya fonduna ödəyir və fond həmin insana lazımi yaşa gəlib çatdıqdan sonra aylıq pul ödəməyə başlayır. Bu model xüsusilə ABŞ-da daha çox tətbiq edilir. Ölkəmizdə də belə fondların yaradılmasına ehtiyac var.

Sadəcə, sözügedən fondların reallaşmasını əngəlləyən faktorlardan biri də ondan ibarətdir ki, əhalinin aldığı aylıq məvacib aşağıdır. Qeyri-dövlət pensiya fondları yaradılan zaman əhalinin gəlir səviyyəsi çox olmalıdır. Yəni insanların əmək haqqısı ona imkan verməlidir ki, o həm aldığı vəsaitdən dövlət fonduna ödəniş etsin, həm də qeyri-dövlət fonduna versin. Bu baxımdan əhalinin maaşlarının yüksək olması olduqca vacibdir. Diqqət yetirsək, görərik ki, qeyri-dövlət pensiya fondları o ölkələrdə fəaliyyət göstərir ki, həmin dövlət yüksək inkişaf tempinə malikdir. İndiki mərhələdə belə fondların yaradılması və inkişaf etdirilməsi üçün həm də insanların maarifləndirilməsinə də ehtiyac var. Əhalini ilk növbədə bu fondların funksiyaları ilə tanış etmək, onları məlumatlandırmaq lazımdır. Çünki bəzi hallarda pensiya fondlarının fəaliyyət istiqamətini insanlara çatdırmaq ciddi problemə çevrilir. Əgər sadaladığım problemlər aradan qaldırılarsa, onda təbii ki, qeyri-dövlət pensiya fondlarının yaradılması insanların təqaüdlərinin da artımına səbəb olacaq.

Vətəndaşlarımıza gəldikdə isə, onlar bu işdə könüllüdürlər. Yəni onlar qeyri-dövlət pensiya fondlarına sığorta ödənişi etmək məcburiyyətində deyillər. Sadəcə, istəyənlər bunu edə bilərlər. Məsələn, ABŞ modelini tətbiq edən zaman daha yaxşı olardı ki, həmin ölkədə olduğu kimi, dövlət pensiya fondlarına ödəniş edən vətəndaşların da pensiya yaşının müəyyən edilməsində, tək məcburi yaş həddi deyil, könüllü yaş həddi də müəyyən edilsin. Orada vətəndaşın hüququ var ki, pensiyaya çıxma yaşını özü müəyyənləşdirsin. Əgər vətəndaş yüksək əmək haqqı müqabilində çalışırsa, o zaman bu, o deməkdir ki, həmin insan fonda daha çox vəsait ödəyib. Artıq o, istədiyi vaxt fonda müraciət edərək, ödədiyi vəsaiti geri almaq hüququna malikdir. O cümlədən Azərbaycanda da həm məcburi, həm də könüllü pensiya yaşının müəyyən olunmasına ehtiyac var. Yəni əsas məsələlərdən biri yaş senzinin dəqiq təyin olunmasıdır. Edilsə, çox yaxşı olar.

– Azərbaycan Prezidenti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişikliklər edilib. Bu dəyişikliklərdən hansı gözləntilər var?

– Əgər əvvəllər bələdiyyəyə dotasiya verilən zaman onun ərazisində yaşayan əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınırdısa son dəyişikliklərdən sonra bu meyarlar dəqiqləşib. Dəyişikliklərə görə, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələr də dotasiya verilən zaman nəzərə alınmalıdır. Bu isə o deməkdir ki, artıq cəbhə xəttində və sərhəd zonasında yerləşən bələdiyyələr büdcədən daha çox pul ala biləcəklər.

Dəyişikliyin digər müsbət tərəfi subvensiyaların verilməsi ilə bağlı konkret meyarların müəyyənləşdirilməsidir. Belə ki, son dəyişikliklərdən sonra dövlət büdcəsində bələdiyyələrə subvensiyanın ayrılması ayrıca sətirlə müəyyən edilir. Eyni zamanda, dövlət büdcəsindən subvensiyanın ayrılması üçün bələdiyyələr və onların təmsil olunduqları milli assosiasiyalar hər il martın 15-dək təkliflərini təqdim edir. Daha sonra həmin təkliflər 30 gün müddətində yoxlanılaraq vəsaitin ayrılması statusu ilə bağlı qərar verilir. Müsbət cavab alan bələdiyyələr isə maliyyə-iqtisadi əsaslandırmalarını mayın 1-dək bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

Beləliklə, ölkə Prezidentinin son sərəncamı bələdiyyələrin dövlət büdcəsindən daha çox vəsait almasına imkan yaradacaq ki, bu da onların maliyyə imkanlarının genişlənməsinə səbəb olacaq.

Əfsun

Leave A Comment