Azərbaycanda ərzaq ucuzlaşacaq?

Azərbaycanda ərzaq ucuzlaşacaq?

Rusiyanın bəzi ölkələrdən qida idxalını qadağan etməsi ölkəmizdə ərzaq məhsulların ucuzlaşmasına səbəb olacaq. Çünki Rusiya dünyanın 5-ci büyük qida idxalçısıdır. Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, mövcud vəziyyət ərzaq məhsullarının qiymətinin aşağı düşməsinə də səbəb olacaq. Ekspertlər deyirlər ki, ucuzlaşma Azərbaycan bazarında cüzi hiss ediləcək.

İdxala qoyulan qadağa səbəbilə Rusiyada qiymət artımı baş versə də, bu həmin ölkədən Azərbaycana gətirilən məhsulların dəyərində özünü büruzə verməyəcək, əksinə, müəyyən azalmalar olacaq. Səbəb isə rublun dəyərinin aşağı düşməsidir.

Vüqar Bayramov – iqtisadçı alim: “Cari ilin 8 ayında Rusiyada rublun qiyməti 9%-ə yaxın aşağı düşüb. Məzənnənin aşağı düşməsi Rusiyadan idxal olunan məhsulların maya dəyərinin dollarla ifadəsində azalmasına gətirib çıxarır. Təbii ki, Rusiyadan Azərbaycana gətirilən məhsulların qiymətində və eləcə də, xərclərində azalmalar müşahidə edilməkdədir. Bu baxımdan yalnız ərzaq bazarında deyil, eyni zamanda qeyri-ərzaq məhsullarının qiymətlərində azalmalar olacağını proqnoz edirik”.

Rusiyaya ixracatın azalması Qərb ölkələrində anbarlarda məhsulun çoxalmasına gətirib çıxaracaq. Ekspertlər vəziyyətin idxalla bağlı xərclərin azalmasına səbəb olacağını desələr də bunun Azərbaycan bazarında qabarıq şəkildə əks olunmayacağını bildirirlər.

Vüqar Bayramov: “Rusiyaya göndərilən ixracatın yalnız bir qismi Azərbaycana gətiriləcək. Qərb ölkələrindən gətirilən məhsulların dəyərində ciddi azalmalar proqnozlaşdırılmır. Güman olunur ki, qiymətlər stabil qalacaq. Amma bəzi məhsullar üzrə qiymətlərin cüzi azalması da müşahidə olunacaq. Bu da əsasən daha əvvəl Avropadan Rusiya bazarlarına göndərilən məhsullarda özünü büruzə verəcək”.

Belə məhsulların içərisində əsasən süd məhsulları yer alır. Rusiyada pendir idxalının 70%-i Qərb ölkələrindən həyata keçirildiyi halda, Azərbaycanda istehlak bazarında satılan süd məhsullarının təxminən 80%-i yerli istehsal hesabına təmin edilir. Ümumiyyətlə, ekspertlərin proqnozları ölkədə əhalinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının uğurlu icrasından xəbər verir.

Leave A Comment