Bahalaşan mənzillər sığorta bazarında da qiymətləri artırdı

Bahalaşan mənzillər sığorta bazarında da qiymətləri artırdı

Ekspertlər vurğulayır ki, mənzil bazarında qiymətlərin yüksək olması ilə sığorta haqları arasında əlaqə var

Evlərin sığortalanması sahəsində son dövrlər bahalaşma yaşanır. Sığorta şirkətləri bunu mənzil bazarında baş verən bahalaşma ilə izah edirlər. Onlara görə, bu məqam adekvat olaraq, evlərin sığortalanmasında da qiymət artımlarına gətirib çıxarıb. Görəsən, burada nə dərəcədə həqiqət vardır, bu addımın bir-biri ilə bağlı olduğunu düşünmək olarmı? Başqa bir tərəfdən, ölkəmizdə bilindiyi kimi mənzil sığortası da məcburidir. Amma buna rəğmən, hələ də əhalinin böyük hissəsi mənzillərini sığortalamaq sahəsində aktiv deyil. Bu yandan da evlərin sığorta məbləğinin bahalaşması baş verir. Belə vəziyyət, insanların evlərini sığortalamağa onsuz da az olan marağını daha da azalda bilərmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, mənzillərin qiymətinin bazarda qalxması ilə sığorta haqlarının qiymətinin artması arasında əlaqə vardır: “Evlərin sığortası onun satış qiymətinə uyğun olaraq həyata keçirilir. Ev bahalıdırsa və onun qiymətində artımlar varsa, bu, birmənalı şəkildə sığorta haqqının da artmasına gətirib çıxarır. Nəzərə alsaq ki, sığorta haqqı müəyyənləşən zaman evin dəyəri əsas götürülür, bu zaman sığorta hadisəsi anında mənzil sahibi evin dəyərinə uyğun olaraq nə qədər çox vəsait itirirsə, o halda ödənilən haqq da yüksək olur. Bu mənada Bakının mənzil bazarındakı qiymət artımları birmənalı şəkildə sığorta haqlarına təsir göstərir. Çünki, qiymət artdıqca vətəndaş evinə ziyan dəyən zaman daha çox sığorta haqqı götürməyə çalışır. Nəzərə alaq ki, evin qiymətinin yüksəlməsi ilə tikinti işləri xərcləri, materialların qiyməti də bahalaşır. Bəzi hallarda qiymət yüksək olduğundan qəza hadisəsindən sonra evi bərpa etmək də mümkün olmur. Ona görə də mənzil bazarında qiymətlərin yüksək olması ilə sığorta haqları arasında əlaqə var. Mənzil bazarında qiymət artdıqca sığorta məbləğində də artımlar müşahidə ediləcək”.

Həmsöhbətimiz bu qənaətdədir ki, sığorta bazarında baş verən bu bahalaşma tendensiyası öz təsirini iki istiqamətdə göstərəcək: “Bahalı evlərin sahibləri mənzillərinin sığortalanmasında maraqlıdır. Çünki, bu zaman onlar yüksək haqq ödəsələr də belə, sığorta hadisəsi baş verən zaman sığorta şirkəti ona dəyən ziyanı ödəyəcək. Bu baxımdan bahalı evlər bir növ sığortalanmış və qorunmuş sayılır. Güman edirik ki, evlərin sığortalanması sahəsindəki bu bahalaşma nisbətən orta və aşağı qiymətə malik ev sahibləri arasında sığorta prosesinə marağı azaldacaq. Çünki, onların imkanları da aşağıdır”.

«MBA Konsaltinq» şirkətinin rəhbəri Nüsrət İbrahimov da haqqında söhbət açdığımız bu tendensiyada bir bağlılığın olduğunu söylədi: “Təbii ki, mənzillər sığortalananda mütləq bazar dəyəri üzrə qiymətləndirilir. Sığorta dəyərində əsasən elə bazar dəyəri götürülür. Ona görə də, yanaşma doğrudur, mənzil bazarındakı artımlar özünü anoloji olaraq, evlərin sığortalanmasında da göstərir. Çünki, bazar dəyərinin artması, onun sığorta dəyərini də artırır. Sığorta dəyərinin artması ilə sığortalanın sığorta hadisəsi zamanı alacağı məbləğ də çoxalır. Sığorta edən şəxs də maraqlıdır ki, bu proses zamanı sığorta məbləği evin bazar dəyərinə uyğun olsun. Bu səbəbdən inanmıram ki, evlərin sığortalanmasında baş verən bahalaşma sakinin prosesə marağının azalmasına gətirib çıxarsın. Sığorta edən onsuz da bu prosesə gedir, bunu etməyən isə nə olsa da buna getməyəcək”.
Hesab olunur ki, mənzil bazarında bahalaşma davam edərsə, adekvat olaraq sığora bazarında da qiymətlərin yüksəlməsi qaçılmaz olacaq.

Rüfət NADİROĞLU

Leave A Comment