90-cı illərdə keçirdiyim tələbəlik illərimi heç bir tələbəyə arzulamazdım

90-cı illərdə keçirdiyim tələbəlik illərimi heç bir tələbəyə arzulamazdım

Vüqar Bayramov: “Ağrılı-acılı ilk tələbəlik illərimin mənə ilk mesajı da o oldu ki, həyatı dəyişmək lazımdır”

Bu imza nəinki Azərbaycanda, ölkə sərhədlərindən çox-çox kənarlarda tanınıb, məşhürlaşıb. Söhbət ABŞ-ın Corc Taun Universitetinin hazırladığı “Dünyanın 500 ən nüfuzlu müsəlmanı” və Azərbaycan Prezidentinin adının da daxil edildiyi siyahıda ölkəmizi “elm və inkişaf” kateqoriyası üzrə təmsil edən Vüqar Bayramov imzasından gedir. Əsərləri dünyada 25 xarici dilə tərcümə edilən iqtisadçı alim ekspert kimi Qazaxıstanda antiböhran, Yunanıstanda isə stabilləşmə proqramının müəllifi kimi də tanınır. Dünyanın əksər ölkələrində – ABŞ, İngiltərə, Fransa, Yaponiya, Kanada, Hindistan, Rusiya və sair təşkil edilən bir çox beynəlxalq tədbirlərdə mütəmadi olaraq dəvət alır. Azərbaycandan başqa, Amerikada St.Louis şəhərinin Vaşinqton Universitinin İqtisadiyyat fakültəsinin tələbəsi və müəllimi olan Vüqar müəllim, 90-cı illərin əvvələrinə təsadüf edən acılı xatirələrlə dolu olan ilk tələbəlik illərini heç kəsə arzulamır. Baxmayaraq ki, müstəqil respublikamızda ilk dəfə tətbiq olunan test üsulu ilə tələbə adına imza atan şəxslərdən biri o, olub. Bu dəfə “Tanınmışların ən yadda qalan tələbəlik illəri” rubrikasında Vüqar müəllimin keçdiyi yola işıq salmaq istədik:

– Vüqar müəllim ilk tələbəlik illərini necə xatırlayırsınız?

– Tələbəlik illərim iki dövrü əhatə edir: Birinci dövr 1992-2001-ci illərə təsadüf edən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki İqtisad Universiteti), ikinci dövr 2002-2004-cü illər üzrə Amerika Birləşmiş Ştatlarının Vaşinqton Universitetinə aiddir. Bu fərqli illər və fərqli məkanla bağlı olan ali təhsil illərimi qiymətləndirən zaman gözlərimin qarşısında tamamilə fərqli mənzərə canlanır. Birinici dövr təbii ki, acılı, ikinci dövr isə demək olar ki, şirin xatirələrlə yaddaşıma həkk olunub. Orta məktəbi 1992-ci ildə bitirmişəm. Bildiyiniz kimi, yenicə müstəqillik qazanan respublikamızda ali məktəblərə qəbul qaydaları dəyişmiş, ilk dəfə olaraq test üsulu tətbiq olunurdu. Bu yeni üsulla tələbə adı qazananlardan biri mən olsam da, bu məni başqaları qədər sevindirmədi. Müharibənin çox gərgin bir vaxtı çox çətin illər idi. Mənim üçün ona görə ağrılı günlər idi ki, həm də doğulub boya-başa çatdığım Füzuli rayonunda müharibə gedirdi. Mən Bakıda Riyaziyat-fizika təmayüllü internatda oxusam da, anam və balaca qardaşım rayonda yaşayırdı. 1993-cü ildə rayonumuz işğal olundu. Bununla da hər şeyimizi itirdik. Anam və qardaşım Bakıya gəlməli oldu. Demək olar ki, bütün ailə üzvlərimiz oxuyan idi, işləmirdilər. Yalnız anam orta məktəb müəlliməsi idi. Bakıya gələndən sonra onun da işləməsi ilə bağlı da problemlər yarandı. Çünki işlədiyi məktəb işğal altında qalmışdı. Ona görə bir tələbə kimi ilk tələbəlik illərimi maddi-mənəvi sıxıntı keçirən gərgin illər kimi xatırlayıram. Maddi durumumum kifayət aşağıydı. Hətta çörək və digər gündəlik tələbat mallarını almağa imkan yox idi. Dövlətin verdiyi məvacib çox az idi. Təsəvvür edin, Universitetdən aldığım təqaüd 2-3 günlük xərclərimizi belə qarşılamırdı. O zaman İqtisad Universitetinin yataxanasında qalırdım. Bir gün olub ki, kartof almağa pulumuz olmayıb. Yaxşı xatırlayıram həmin axşam soğanla çörək yeyib yatdım saat 3-də soğanın mədəyə verdiyi acılıqdan yuxudan oyandım və səhərə qədər oyaq qaldım. Belə hadisələr tələbəlik yaddaşıma silinməz izlər buraxdı.

– Deməli yaşadığınız bu çətin illər sizi xaricdə təhsil almağa sövq etdi…

– Bəlkə də Azərbaycanda keçirdiyim ağrılı-acılı ilk tələbəlik illərimin mənə ilk mesajı o oldu ki, həyatı dəyişmək lazımdır. Əfsuslar olsun ki, o zaman oxudugum ali məktəb, qazandığım təhsil-tədrisin səviyyəsi buna imkan vermirdi. Həyatı dəyişmək üçün fərqli təhsilə malik olmaq lazımdı. Fərqli təhsil də ancaq ölkə sərhədlərindən kənarda idi. Başqa sözlə, fərqli təhsil qazanmaqdan ötrü xarici universitetlərə getmək lazım idi, bunun üçün də başlıca şərt ingilis dilini bilmək lazımdı. İngilis dilini öyrənməyə müəllim yanına getmək üçün də pul yox idi. Bu yolda başqa bir çətinliyim yaranmışdı. Orta məktəbdə xarici dil olaraq alman dili öyrənmişdim. Həmin dövrlərdə isə alman dili geniş yayılmamışdı. Azərbaycanda internet də yeni yaranırdı (Məlumat üçün deyim ki, internetin ilk istifadəçilərindən biri olmuşam). Artıq 3-cü kursda oxuyurdum. Yaxşı xatırlayıram, o vaxt ingilis dilini öyrənmək üçün bir kitab aldım. Onun qiyməti 2 manat idi. Həmin kitabdan ingilis dilini ilkin səviyyədə öyrənməyə başladım. Sonra TOEFL imtahanı verdim. Ilk olaraq Kanadanın Monreal Universitetinin bir təqaüd proqramı üzrə qəbul olundum və bu ölkəyə getməli oldum. Kanada oxuduğum zaman onun da Öyrəndim ki, istədiyim fərqli təhsil ala biləcəyim ölkə yalnız Amerika ola bilər. O baxımdan ABŞ-ın bir neçə universiteti ilə əlaqə qurdum. İqtisadiyatla bağlı bir aylıq yay məktəbinə gəldim. Orada Vaşinqton Universitetlərin professor-müəllim heyəti ilə yaxından tanış oldum. Bu universitet reytinqli universitetlərin onluğuna daxil idi. ABŞ-da təhsilin səviyyəsinə görə, sıralanan 4 min universitet içərisində 8-ci olması yüksək reytinqdən xəbər verirdi. Həmin universitetdə iqtisad elmində kifayət qədər tanınan və araşdırmalarına görə Nobel mükafatına layiq görülən Duqlas Nouns çalışırdı. Tərəddüd etmədən, sənədlərimi həmin universitetə verdim, təqaüd almaqla bağlı müraciət etdim və nəhayət arzularım reallaşdı, qəbul olundum, 2002-ci ildə ABŞ-a oxumağa getdim. Bir faktı qeyd edim ki, hələ Kanadada təhsil alana qədər İqtisad Universitetini bitirdikdən sonra elə orada aspiranturaya qəbul oldum. Aspiranturanı bitirməmiş də müdafiə etdim. 2002-ci ildə iyun ayında xatirimdədir, həftənin 5-ci günü iqtisad elmləri namizədi adına layiq görülmək üçün müdafiə etdim. Bir gün sonra yəni, bazar günü təhsilimi davam etdirməyə ABŞ-a yola düşdüm. Demək istəyirəm ki, alim adı alsam da düşündüm ki, fərqli təhsil almaq heç vaxt gec deyil. ABŞ-a gedəndən sonra isə təsəvvür etmədiyim tamamilə fərqli bir tələbəlik həyatı ilə qarşılaşdım. Fərqli ölkələrdən fərqli mədəniyətlərin daşyıcıları ilə bir arada fərqli təhsil almaq mənim üçün çox maraqlıydı. Baxmayaraq ki, aspirantura da daxil olmaqla Azərbaycanda 1992-2002-ci illər üzrə ali təhsil almışdım, amma belə demək mümkünsə, o zaman tələbəlik görməmişdim. Amerika mənə keyfiyətli təhsillə yanaşı, həm də əsl tələbə həyatı yaşamaq, universitetin ictimai həyatında aktiv fəaliyyət göstərmək, fərqli insanlarla ünsiyət qurmaq, müxtəlif müzakirələrdə iştirak etmək, asudə vaxtları səmərəli keçirmək imkanları verdi. Vaşinqton Universiteti çox bahalı universitet idi. Ödəniş xərci 40 min dollar idi. Bura qalmaq, yemək xərcləri daxil deyildi. Mənim xərclərimi Amerika dövləti qarşılayırdı. Hətta orada yaxşı professorların dərsinə daxil olmaq üçün tələbələr 20 min dollar ödəniş edirdi. O ödənişlərim də qarşılanırdı. Bu da mənə imkan verirdi ki, nobel mükafatçılarının mühazirələrində iştirak edib, müzakirələr aparım. Fakültənin dekanı ayda 2 dəfə müəllimləri şam yeməyinə dəvət edirdi. Tələbə kimi yeganə mən müəllimlərlə birlikdə həmin şam yeməyinə dəvət olunurdum. 2004-cü ilin sonunda tələbəlik illərim sona çatdı. Yuxarida deyilənləri bir cümlə ilə ümumiləşdirsəm deyə bilərəm ki, mənim keçirdiyim tələbəlik deyəndə bir tərəfədən ilk təhsil aldığım, alim kimi yetişməyimdə müəyyən rolu olan, ancaq yaddaşımda heç xoş xatirə buraxmayan Azərbaycandakı, digər tərəfdən özümü tapdığım ABŞ-dakı ən yadda qalan günlərim yada düşür. Heç bir tələbəyə 90-cı illərdəki tələbəlik illərini arzulamazdım.

– Tələbəlikdən sonra niyə orada qalmaq istəmədiniz?

– Orada ali təhsilimi başa vurandan sonra başqa bir qərar vermək lazım gəldi: ABŞ-da qalmaq, yaxud Azərbaycana qayıtmaq. Oxuduğum ali məktəb ABŞ-nın Missuri ştatına aid Sant Luis şəhərində yerləşirdi. 2 milyon əhalisi olan böyük şəhərlərindən biri idi. Təhsilimi başa vurduqdan sonra paytaxt Vaşinqtona gəldim. Bir müddət orda çalışdım. Orada işlə, uzunmüddətli viza ilə təmin edilmişdim. Praktik olaraq işim və leqal statusum, maaşım ABŞ da qalmağa tam imkan verirdi. Müəyyən müddətdən sonra Amerika vətəndaşlığına qəbul olunmaq üçün müraciət edə bilərdim. Hər halda bütün bunların fərqinə varmadan 2005-ci ildə Bakıya dönməklə bağlı qərar verdim. Təbii ki, bu qərarı qəbul etməkdə evdən, aiələdən, vətəndən gələn mesajlar da təsir etdi. Ancaq sonrakı fəaliyətimi ölkəmdə davam etdirmək istəyi həlledi amil idi. Düşünürdüm ki, Amerikada aldığım təhsillə Azərbaycana daha böyük töhvələr verə bilərəm. Yəni burada yalnız iqtisadi tədqiqaltlarla məşğul olmaq yox, biliyimi burada tələbələrə transfer etmək niyyətim var idi. Amma onu da nəzərə alırdım ki, Bakıya dönürəm özümə iş tapmalıyam. 2005-ci il də 2014-cü il deyildi. O zaman iş tapmaq çox çətindi. Çünki o vaxtlar Azərbaycan hələ güclü inkişaf etməmişdi. Sürətli iqtisadi artım 2006-cı ildən başlayıb. ABŞ-dan geri döndüyüm ili Azərbaycan iqtisadiyatında stabil inkişafdan sürətli inkişafa keçid ili kimi xarakterizə edirəm.

– İqtisadçı olmaq öz seçiminiz idi?

– Orta məktəb illərində Moskva Dövlət Universitetinin Riyaziyat fakültəsinə qəbul olunmaq istəyirdim. O zaman bu əsas hədəfim idi. 91-ci ilin sonunda SSRİ dağıldı. Belə olan halda Moskva Dövlət Universitetində oxumaq mümkün deyildi. Azərbaycan Rusiya üçün xarici dövlət idi. Yalnız ödəniş etməklə təhsil almaq olardı. Bu arzum reallaşmadı. Sonra düşündüm ki, Bakı Dövlət Universitetinin Riyaziyat fakültəsinə daxil olum. Olimpiyada da Riyaziyat fənnindən I yer yer tutmuşdum. Orada diplomu mənə səhv etmirəmsə İnşaat Universitetinin rektoru təqdim edəndə soruşdu ki, hara qəbul olunmaq istəyirsən. Mən riyaziyatçı olacağımı dedim. O mənm cavabımı alqışlayaraq bildirdi ki, yaxşı seçimdir, müstəqil Azərbaycanın savadlı müəllimlərə ehtiyacı olacaq. Daha sonra nədənsə evdə düşündüm ki, BDU-ya qəbul olunub, oranı bitirdikdən sonra ən yaxşı halda ya orta məktəb müəllimi olacağam, ya da təhsilimi davam etdirib universitetdə qalacam. Bununla Azərbaycan cəmiyətinə, ölkəyə töhvə vermək imkanlarım məhdud olacaq. Artıq qərara gəldim iqtisadçı olum. Ona görə, Maliyə fakültəsini seçdim.

– Amerikadakı tələbəlik zamanı asudə vaxtlarınızı necə keçirirdiniz?

– Əvvəla Amerikada oxumasan heç cür mümkün deyidi. Asudə vaxtlarını da çox səmərəli keçirirdik. Həftə sonları pikniklər təşkil edirdik. Futbol yarışlarında da iştirak edirdim. İqtisad fakültəsində universitet daxili futbol komandasının kapitanı idim. Amerikada yalnız bir tələbə kimi deyil, bir ictimai fəal azərbaycanlı kimi çalışırdım. Tez-tez Azərbaycan günləri keçirirdik.

– Amerikadakı tələbəliyinizdən yadda qalan ən xoş xatırəni necə xatırlayırsınız?

– Bir dəfə Novruz bayramını qeyd edirdik. Olduğumuz məkanda siqnalizasiya sistemi mövcud idi. Həmin siqnalizasiyanı yanlış olaraq istifadə edənləri təxminən 1000 dollarlıq ciddi cərimə gözləyirdi. Bakıdan qonaqlar gəlmişdi. O zaman onlar belə bir şeyin nə olduğu tam anlamırdılar. Qonaqlardan biri yanlış olaraq siqnalizasiya düyməsini basdı. Bayramı qeyd etdiyimiz yer qısa müddətdə yanğınsöndürən maşınlarla doldu.

– Dediniz ki, Amerikada aldığınız təqaüd yüksək olub, bütün xərclərinizi ödəyirdi. Bəs Azərbaycanda oxuyanda nə qədər təqaüd alırdınız?

– Azərbaycanda oxuduğum zamanı aldığım tələbə təqaüdünün məbləğini indi dəqiq xatırlamıram, amma olduqca az bir məbləğ idi. O zaman üçün 3 günlük ərzaq təminatıma yetər, ya yetməzdi. Bu təqaüdlə yaşamağın çətin olduğunu gördükdən sonra işləmək qərarına gəldim.İqtisad Universitetinin yaşadığım yataxanasında elə axşamlar gözətçi kimi işləməyə başladım. Düzdür, orada da maaş yüksək deyildi, ancaq maddi durumuma müsbət təsir edirdi. Bu işin mənə ən çox faydası o oldu ki, ingilis dilin öyrəndim. Dil öyrənmək üçünsə axşamlar yatmamaq və ya az yatmaq lazım idi.

– Ancaq Amerikada tələbə vaxtı cibinizdə heç pul olmayan vaxtınız olmadı…

– Amerikada sözün düzü elə bir üzləşdiyim situasiya olmadı. Təqaüdümü kifayət qədər yüksək idi. Çünki ABŞ-ın dövlət proqramından, həmçinin, universitetin özündən təqaüd alırdım. Hətta təqaüdüm çox olması mənə imkan verdi ki, müəyyən qədər qənaət etməklə Bakıya gəldikdə özümlə geriyə pul gətirim.

– Ayrı-ayrı ölkələrdən olan tələbə yoldaşlarınla sıx əlaqə qura bilməkdə çətinlik olmadı?

– Bəli bizim qrup daha çox beynəlmiləl idi. Amerika, Avropa, Afrikadan və sair tələbələr var idi. Onlardan sıx münasibətdə olduğum tələbələrlə indi də əlaqə saxlayıram. Bəzi hallarda Avropada olan zaman görüşmək imkanlarımız olur. Bir çox tələbə yoldaşlarımla eyni konfransa gedirik. Bu yolla tədqiqatda, elmdə qalanlarla görüşüb, tələbəlik illni yada salıb, deyib-gülmək imkanları qazanırıq. İndi ən çox əlaqələrimiz sosial şəbəkələr vasitəsilədir. Dostlarımızdan elələri oldu ki, müəllim kimi Universitetdə qalıb çalışırlar. Hazırda ölkələrində nazir, mer olan var.

– Belə məlum olur ki, “Məzun Günü qed etməmisiniz”

– Tələbələr yarıdan çoxu amerikandan deyildi. Bu nöqteyi-nəzərdən ilin bir günündə eyni məkana yığılmaq texniki baxımdan mümkün deyil. Bizi birləşdirən demək olar ki, internetdir. Universitetin, orada oxuyan tələbə dostlarımızın birgə sosial şəbəkədə qrupun yaratmışıq. Sıx əlaqədə olanların bəzilərinin toylarında da iştirak etmişəm.

– Amerikada tələbə yoldaşlarınızdan heç oxumayan vardı?

– Amerikada oxumayan tələbə anlayışı yoxdur. Vaşinqton Universiteti Amerikanın varlı universitetlərindən olduğu üçün orada oxuyanların sayı az idi. Bu universitetdə oxuyan tələbə il ərzində 40 min dollar ödəniş edirdi. Bu ödənişi edən tələbənin oxumaması amerikanlılar üçün təsəvvüedilməz bir şeydir. Tələbə ona görə pul ödəyir ki, yaxşı təhsil alsın. Təsəvvür edin, professor yarım saat müddətinə dərsdən tez çıxmaq üçün tələbədən icazə istəyirdi. Yaxşı xatırlayıram: bir müəllimimiz var idi, “Mülkiyət hüquqları və sosial kapital” dərsi deyirdi. O bir gün dərsdən öncə bizdən icazə aldı. Bunun müqabilində növbəti dəfə yarım saat çox dərs keçdi. Azərbaycanda isə müəllim yarım saat tez çıxanda tələbələr toy-bayram edir.

“Üç nöqtə”

Leave A Comment