Bu ilin birinci yarısında büdcə gəlirlərinin azalacağı əvvəldən proqnozlaşdırılıb

Bu ilin birinci yarısında büdcə gəlirlərinin azalacağı əvvəldən proqnozlaşdırılıb

Bu sözləri İnterAz-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Bu il dövlət büdcəsi gəlirlərinin 18 milyard 384 milyon manat proqnozlaşdırlıdığını deyən ekspertin sözlərinə görə, 2013-cü ilin büdcə gəlirləri ilə müqayisədə 775 milyon manat azdır:

“Dövlət büdcəsinin xərcləri 20 milyard 063 milyon manat planlaşdırılıb. Ötən illə müqayisədə xərclər bu ildə 213 milyon manat və ya 1,1 faiz artacaq, yəni bu il büdcə xərcləri 19 milyard 850 milyon manat olacaq. İllik büdcə gəlirlərinin azalması proqnozlaşdırıldığı üçün təbii ki, bu özünü yarımillik və rüblük göstəricilərdə əks etdirəcək”.

Eskpert büdcə gəlirlərinin azalmasının vergilərin toplanmaması ilə əlaqədar olmadığını vurğulayıb: “Əksinə, vergi daxilolmaları 7 faiz bəndlə artacaq”.

V.Bayramov, həmçinin qeyd edib ki, bu il Dövlət Neft Fondundan büdcəyə transfertlər 2 milyard manat (17,7%) azalacaq: “Bunun 9 milyard 337 milyon manat təşkil edəcəyini nəzərə alsaq, büdcə gəlirlərinin azalmasının səbəbinin neft sektorundan daxilolmaların həcminin aşağı düşməsi ilə bağlı olduğu aydınlaşır. Büdcə gəlirlərinin azalmasına baxmayaraq, bu ilin dövlət büdcəsində müsbət hal da var. Bu da qeyri-neft daxilolmalarının payının artması ilə əlaqədardır. Bununla da qeyri-neft sektorunun büdcə gəlirlərində payı 35%-dək yüksələcək. Büdcə gəlirlərinin azalması əhalinin sosial vəziyyətinə təsir etməyəcək. Bu azalmanın sosial sahəyə müəyyən qədər təsiri ola bilərdi, lakin büdcə xərclərinin 1,1% artması buna imkan verməyəcək.

Leave A Comment