Gələn aydan tıxac problemi yenidən baş qaldıracaq

Gələn aydan tıxac problemi yenidən baş qaldıracaq

Bakıda tıxac problemi ciddi xarakter daşımaqda davam edir. Yaxın tezlikdə isə orta və ali məktəblərdə yeni dərs ilinə start verilməsi də tıxac problemini daha da kəskinləşdirəcək. Bu problemin həlli üçün indiyə kimi bir sıra addımlar atılıb. Bakıda nəqliyyat yükünü və mərkəzdəki sıxlığı azaltmaq üçün kompleks tədbirlər görülür. Şəhərin mərkəzində tıxacların qarşısını almaq, nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə bir neçə iri yol, yol qovşağı və yol ötürücülərinin tikintisi davam etdirilir və ya planlaşdırılır.

eyni zamanda köhnə maşınların idxalı da azalıb. Lakin tıxac məsələsi yenə də öz həllini tapmır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Azərbaycanda tıxacların yaranmasının özünün bəlli səbəbləri var: “Ölkədə olan avtomobillərin sayının 1,3 milyon olduğunu nəzərə alsaq, ölkə üzrə hər 8 nəfərə 1 avtomobil düşür. Bu da, hətta inkişaf etməkdə olan ölkələrin standartlarından belə aşağıdır. Məsələn, ABŞ-da orta hesabla 1 nəfərə 1, Avropa ölkələrində hər 3 nəfərə 2 avtomobil düşür. Deməli, avtomobillərin sayı heç də ciddi tixac probleminin yaşaması üçün əsas deyil. Məsələ ondadır ki, Azərbaycanda mövcud avtomobillərin təxminən 60 faizi Bakının payına düşür. Qalan 40 faiz avtomobilin 10-15 faizi isə gün ərzində paytaxta daxil olub çıxır. Belədə görürük ki, paytaxtda adambaşına düşən avtomobil sayı inkişaf etməkdə olan ölkələrin göstəricilərindən çoxdur. Paytaxtda gün ərzində 800 min avtomobil olur və bu da Bakı əhalisi üzrə hər 3 nəfərə 1 avtomobilin düşməsi deməkdir. Tıxacların böyük hissəsi paytaxta daxil olan yollardan başlayır».

V.Bayramov düşünür ki, tıxac məsələsinin həlli üçün ənənəvi metodlarla yanaşı, qeyri-ənənəvi tədbirlər də görülməlidir: “Təsəvvür edin ki, əvvəlki yollar və infrastruktur saxlansaydı, o zaman Bakıda vəziyyət necə olardı. Amma problem hələ də qalmaqdadır. O baxımdan, tıxac probleminin yumşaldılması üçün yalnız ənənəvi deyil qeyri-ənənəvi metodlardan istifadə etməyə ehtiyac var”.

Digər üsul, ekspertə görə, paytaxtda yerləşən ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıdan kənara köçürülməsidir: “Texniki, hətta iqtisadi yönümlü universitetlərin Bakıda yerləşməsinin heç bir əsaslandlrılması yoxdur”.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə problemin həlli üçün alternativ yolların olmasını başlıca çıxış yolu sayır: “Tıxacın maksimum dərəcədə azaldılması üçün şəhərin bir-birinə paralel olan bütün küçələri, əsas magistral yollar avtomobillərin buraxılma imkanlarına görə yüksək səviyyədə olmalıdır. Həm geniş, həm də rahat yolun asfalt örtüyünün keyfiyyəti də yüksək olmalıdır. Hazırda şəhərə daxil olan yollar var ki, onlara paralel yollar salmaq mümkündür. Məsələn, Heydər Əliyev prospekti hava limanı istiqamətində olan kəndlərdən şəhərə yeganə giriş yoludur. Orada bir qəza baş verən kimi, araşdırma aparıb qəzaya uğrayan avtomobilləri kənara çəkənə qədər yarım saat vaxt keçir. Bu müddətdə isə bütün yol bağlanır. Ona görə də şəhərin əsas yollarında mütləq paralellik, alternativ yollar olmalıdır. İndi Olimpiya stadionu istiqamətində alternativ yol çəkilir. Əgər onu tam, keyfiyyətlə sona çatdıra bilsələr, “Koroğlu” metrostansiyası ətrafında tıxacın qarşısı xeyli dərəcədə azalacaq”.

Həmsöhbətimiz dedi ki, öz təklifi ilə reallaşan başqa bir yenilik Bakının şimal istiqamətində girişi olan Bakı-Quba-Rusiya sərhədi yolunu (Bakı-Sumqayıt) Masazır istiqamətində genişləndirilməsidir: “Onu deyim ki, bu yol yenidənqurulan zaman bir səhvə yol verildi. Sovet dövründə salınan 4 zolaqlı yolu “yol çiyinləri”ni də zolaq etməklə 3 zolaqlı yola çevirdilər. Bu çox təhlükəli bir yanaşma oldu. İndi təsəvvür edin, şimal istiqamətində və üstəgəl Sulutəpə tərəfdən gələn bütün yollar birdən 2 zolaqlı yolla əvəzlənir və nəticədə böyük sıxlıq yaranır. İndi həmin mənzərə “Şamaxinka” deyilən ərazidə yaranır. Tıxac problemi orada yenə qalacaq”.

Ə. Hüseynovun sözlərinə görə, nəqliyatın işini elə qurmaq olar ki, dar küçələrdə belə tıxac yaranmasın: “Bütün dünya belə inkişaf edir. Londonda, Parisdə elə qədim küçələr var ki, onlar tarixi abidə kimi qorunduğundan, o yolları heç kim sökmür, genişləndirmir. Amma orada parklanma ilə bağlı problemləri həll ediblər. Elə şərait yaradılıb ki, avtomobil saxlamağa ehtiyac yoxdur. Məsələn, Londonda elə küçələr var ki, orada dayanmağın bir saatı 20 avrodur. Elə yollar da var ki, onun yeraltı, yerüstü alternativ yolları var”.

Ekspertin fikrincə, yuxarıda adı çəkilən şəhərlərdə tıxacın qarşısını alan həlledici variant ictimai nəqliyata geniş yer verilməsidir: “Hər kəs şəhərin kənarında avtomobilini saxlayıb, ictimai nəqliyyata oturub gedib işini həll edir və qayıdır. Məsələn, Tokio şəhərində demək olar ki, tıxac olmur. Ətrafı da daxil olmaqla bu şəhərin 30 milyon əhalisi var. Orada tıxac problemi ona görə yoxdur ki, küçələr sistemli planlaşdırılıb, elə edilib ki, bir küçədə qəza baş verən kimi əlavə avtomobillər paralel küçələrə yönəldilir. Həmin paralel küçədə əvvəlki yolun tam yükünü götürə bilir. Ölkəmizdə hazırda yetərincə maliyyə vəsaiti də var. Tıxacın aradan qaldırılması istiqamətində hər şey etmək olar “.

Rüfət NADİROĞLU

Leave A Comment